Bakı Marşal Klubunun üzvləri Bazardüzü zirvəsini fəth ediblər - FOTOLAR - VİDEO

19 Oktyabr 2018 16:43 (UTC+04:00)

Oktyabrın 5-də Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) növbəti uğura imza atıb. BŞH-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, klubun sadiq nümayəndəsi Telman Hacıbutayev və digərləri dayanıqlıq, iradə və mübarizlik keyfiyyətlərini özündə cəmləşdirib bir daha komanda işi və ruh yüksəkliyini nümayiş etdirmək imkanına malik olduqlarını sübut edərək Bazardüzü zirvəsini fəth ediblər.

Nəzərinizə çatdırmaq istərdik ki, Bazardüzü Azərbaycanın ən hündür zirvəsi olub (4466m) Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində, Rusiya Federasiyası ilə sərhəddə, Qusar rayonu ərazisində yerləşir. Rusiya Federasiyasının ən cənub nöqtəsi olan Bazardüzü üç zirvədən ibarətdir. Türyan və Qusar çayları buradan başlanır. Dağ öz adını ətəyində yerləşmiş və keçmişdə maldar ellərin yaylağı olmuş Şahnabad çayı dərəsində yerləşən Bazardüzü adlı düzənin adından alıb.