Bu tanınmışlar ədəbi dil normalarını pozurlar

19 Oktyabr 2018 14:19 (UTC+04:00)

“Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda monitorinqin nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi Nəzakət Qaziyev ifaçıların ədəbi dil normaları məsələsinə daha həssas yanaşmalarını məsləhət görüb: "İfaçıların nitqində ədəbi dil normasının qorunması, dil mənzərəsini müəyyən etmək üçün monitorinq apardıq. Şahidi olduq ki, həqiqətən də müəyyən səhvlərlə müşahidə edilən nitq daha çətin və gec dərk edilir. Monitorinq zamanı aşıq və klassik musiqi, estrada-pop, rep-meyxana sahələrinin hər biri ayrı-ayrılıqda yoxlanılıb. Aparılan monitorinqlərin nəticələri göstərir ki, musiqiçilərin ifasında Azərbaycan dili normalarından kənara çıxmalara təsadüf olunur. Musiqi böyük tamaşaçı auditoriyasını əhatə etdiyindən nitq normalarına təsir göstərmək imkanına malikdir. Bunları nəzərə alaraq ifaçılar ədəbi dil normaları məsələsinə daha həssas yanaşmalıdırlar".

Mütəxəssis qeyd edib ki, ifaçıların dilində ən böyük səhv dialekt sözlərdən istifadə etmələridir: "Orfoepiya qaydalarının pozulmasına da çox rast gəlinir. Hətta mahnılarda vulqar sözlər də olur. Xarici sözlərdən, xüsusən rus sözlərindən istifadə ilə dilimizin normaları daha çox pozulur. Ən çox da meyxanalarda rus sözlərindən istifadə edilir".

N.Qaziyeva deyib ki, müğənnilərin düşüncəsinə görə, söz necə yazılıbsa, elə də deyilməlidir: "Sözü yazıldığı kimi oxuyaraq özlərini savadlı göstərmək istəyirlər, amma ciddi dil pozuntularına yol verirlər".

Nəzakət Qaziyeva qeyd edib ki, monitorinq zamanı bir çox ifaçıların nitqi yoxlanılıb. Mütəxəssisin sözlərinə görə, aşıqlar daha çox dialekt sözlər işlədirlər: "Məsələn, aşıq Telli Borçalı "mənə" sözü əvəzinə "mana" deyir, aşıq Əli "nöşün" və s. Muğam ifaçısı Elnarə Abdullayeva bəzi ifalarında "qadoy alım" sözünü işlədir. Eyyub Yaqubov Bakı şivəsində olan sözlərdən çox istifadə edir. İlqar Sailin də ifasında şivə və dialekt müşahidə olunur. Məsələn: "təsviri qoy kənarə", "qədeş".

Xalq artistləri Brilliant Dadaşovanın, Zülfiyyə Xanbabayevanın, Gülyanaq və Gülyaz Məmmədovaların, əməkdar artist Röya Ayxanın, müğənni Rəqsanə İsmayılovanın və başqalarının dil normalarına necə əmək etmələri də müəyyən edilib. İfaçılar daha çox vurğunu düzgün işlətmir, uzun saitləri qısa səsləndirir, ehtiyac olmadığı halda sözə əlavə sait artırırlar".

Tədbirdə söz alan xalq artisti Mənsum İbrahimov bəzi aparıcıların qeyri-peşəkar olduğunu bildirib: "Telekanallarımızın çox olması müsbət haldır. Amma qeyri-peşəkar aparıcılarımız var ki, belə olduğu halda dilimizi qorumaq çətinləşir. Bəzi televiziya aparıcılarının dillərində qüsur var, dilin qaydalarına riayət etmirlər, yad sözlərdən çox istifadə edirlər. Bu səhvləri bəzən müasirlik kimi qəbul edirlər, amma, bu, doğru deyil. Hər kəs özü işinin peşəkarı olmalıdır. Ana dilinin qorunması üçün geniş təbliğat aparılmalıdır".

Xalq artisti Flora Kərimova sənət adamlarının davranışlarından, efirdəki çıxışlarından bəhs edib: "Əvvəl komisiya var idi, efirə çıxan hamını yoxlayır, danışıq tərzinə fikir verirdi. Səhvlər olanda düzəldilirdi. İndi belə bir hal nyoxdur. Hər şey reytinq və puldan ibarətdir. Alacaqları qonorar, pul, çıxışlarının reytinq toplaması sənətin önünə keçib".