Milli Kitabxanada ölkəmizə gətirilmiş türk dilində on beş min kitabın təqdimatı olub

19 Oktyabr 2018 13:38 (UTC+04:00)

Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanada Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi və İLESAM təşkilatı tərəfindən toplanaraq Azərbaycana gətirilmiş türk dilində on beş min kitabın təqdimat mərasimi keçirilib. Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, İLESAM (Türkiyə Elm və Ədəbi Əsər sahibləri Birliyi) təşkilatı və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb.

SİA-nın məlumatına görə, tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq mötəbər aksiyaya görə təşkilatçılara təşəkkürünü bildirərək ölkəmizə gətirilmiş on beş min kitabdan şəhər və rayon kitabxanalarının oxucularının faydalana biləcəyini söyləyib.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxışında bu cür tədbirlərin keçirilməsi nəticəsində iki ölkə arasında həm mədəni, həm də ədəbi əlaqələrin daha da möhkəmlənəcəyini qeyd edib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türk dünyasının maddi və mədəni irsinin zənginliyindən, türkdilli xalqların qədim şifahi və yazılı ədəbiyyat nümunələri, folkloru, adət-ənənələrindən danışıb. O, çıxışında bu aksiyanı yüksək qiymətləndirib və bu cür layihələrin davamlı olmasını arzulayıb.

İki qardaş xalqın eyni tarixi, mədəni köklərə malik olduğunu vurğulayan Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və informasiya müşaviri İrfan Çiftçi tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

İLESAM-ın sədri Mehmet Nuri Parmaksız bu cür tədbirlərin türk dünyasının yazarları arasındakı mənəvi bağlılığı gücləndirəcəyini, eləcə də türk yazarlarının əsərlərinin Azərbaycan oxucusuna tanıdılmasında mühüm əhəmiyyət daşıyacağını bildirib.