Sərhədçilərin xilas etdiyi İran vətəndaşlarından üçü öldü

19 Oktyabr 2018 10:58 (UTC+04:00)

Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus "Nazmehr” quru yük gəmisinin zəhərlənən heyət üzvlərindən 3-ü dünyasını dəyişib. SİA-nın verdiyi məlumata görə, bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib.

Onun sözlərinə görə, həmin şəxsləri xəstəxanaya çatdırmaq mümkün olmayıb: "Ölənlərin üçü də İran vətəndaşlarıdır. Onlardan biri 28, digəri 29, o biri isə 32 yaşında olan kişilərdir.

Zəhərlənən 10 nəfərdən 7-si hospitalizasiya olunub. Onlar 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Kapitanı isə hazırda təcili tibbi yardım gözləyir. Çünki o, sonuncu çıxmalıdır. İlkin ehtimala görə zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddədir”.