“Gürcüstanda milli azlıqlardan olan gənclərin uğurlu olmasına çalışırıq”

19 Oktyabr 2018 02:05 (UTC+04:00)

“Gürcüstanda milli azlıqlardan olan gənclərin daha uğurlu olmasına çalışırıq”. “Report”un yerli bürosunun verdiyi xəbərə görə, bunu Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili deyib.

O bildirib ki, Gürcüstanda milli azlıqlardan olan tələbələrin dövlət qurumlarında iş təcrübəsi keçməsi üçün proqram həyata keçirilir: “Etnik azərbaycanlı və erməni tələbələrdən olan 150-dən çox gənc artıq bu təcrübə proqramında iştirak edib. Bu gənclər çox istedadlıdırlar və iş fəaliyyətini həm mərkəzi, həm də yerli səviyyədə müxtəlif sahələrdə davam etdirmələri üçün potensialları var”.

K.Tsixelaşvili qeyd edib ki, etnik azlıq nümayəndələri gürcü dilinin öyrənilməsi üçün böyük səy göstərirlər:

“Əlbəttə ki, milli azlıqlar öz doğma dillərini yaxşı bilməlidirlər. Dövlət dilinə də yaxşı yiyələnmək çox vacibdir. Belə ki, gürcü dilini bilmək ölkənin ictimai həyatında tam formada iştirak etməyə imkan verir”.