“Paşinyan uğursuzluqlarını parlamentin üzərinə atırdı” AÇIQLAMA

18 Oktyabr 2018 17:42 (UTC+04:00)

"Bu gün Ermənistanda yaşanan olaylar ölkədə siyasi cəhətdən gərgin vəziyyətin hökm sürməsinə işarədir". Bunu SİA-ya açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan 5 ay əvvəl mitinqlər nəticəsində Serj Sarkisyanı devirərək hakimiyyəti ələ aldı: "Sadə ermənilərin onu dəstəkləməsinin başlıca səbəbi mitinqlər zamanı səsləndirdiyi fikirlər və verdiyi yalan vədlər idi. Artıq Paşinyan 5 aydan çoxdur Yerəvanda hakimiyyətdə olsa da, bu müddətdə vədlərinin demək olar ki, heç birini yerinə yetirməyib. Ermənistanda iqtisadi inkişaf yoxdur, xarici maliyyə mənbələrindən heç bir investisiya daxil olmur, əksinə Ermənistandakı investorlar da fəaliyyətlərini dondurmaqla məşğuldurlar. Xarici siyasət kursu isə tamamilə iflasa uğrayıb, nə Qərblə, nə də Rusiya ilə münasibətlər normal deyil. Paşinyanın ölkə ictimaiyyətinə təqdim etdiyi yeganə yadda qalan olaylar siyasi rəqiblərini kriminalla əlaqələndirərək müxtəlif yollarla sıradan çıxartmasıdır. Bu cür addımlar da artıq sadə vətəndaşlar arasında da ona qarşı mənfi rəy formalaşdırır. Paşinyan uğursuzluqlarını parlamentin üzərinə atırdı. Mövcud vəziyyət tamamilə əleyhinə dönmədən növbədənkənar seçkilər keçirərək parlamentdə üstünlük qazanmaq, bununla da hazırda administrativ vasitələrdən istifadə edərək küncə sıxışdırdığı siyasi rəqiblərinin ona maneə yaratma təhdidini ortadan qaldırmağı hədəfləyir. Baş nazir postundan istefa verməsinə baxmayaraq parlamenti ona siyasi hakimiyyəti tamamilə ələ keçirtmək yolunda maneə yaratmağa cəhd göstərsə, yenidən küçə mitinqlərinə başlamaqla təhdid edir. Şantaj, təhdid, siyasi rəqiblərin sıradan çıxarıldığı, müstəqillik dövründə heç bir demokratik seçki keçirtmək təcrübəsinə malik olmayan bir dövlətdə bir ay içərisində demokratik seçkilərin təşkil olunacağı vədi isə boş sözlərdən başqa bir şey deyil. Paşinyanın istefa verməsi onun ambisiyalarını reallaşdırmaq üçün atdığı və manipulyativ mahiyyət daşıyan addımdır".