"Ermənistanda Parlament xalqın iradəsini əks etdirmir”" ÖZƏL-ŞƏRH

18 Oktyabr 2018 11:19 (UTC+04:00)

“Paşinyanın istefası Ermənistan Parlamentinin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi prosesinin başlanğıcı deməkdir. Paşinyanın daha öncə bildirdiyi kimi, seçkilər dekabrın 9-da, yaxud 10-da keçiriləcək”. Bunu SİA-ya açıqlamasında politoloq Ehtiram Aşırlı deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan istefa vermək niyyətində olduğunu daha öncə bildirmişdi: “Bir həftə əvvəl isə konkret tarix açıqlanmışdı – 16 oktyabr. Paşinyanın istefa vermək qərarı növbədənkənar parlament seçkilərinin keçirilməsi istəyi ilə bağlıdır. Ermənistan Konsitusiyasına görə, əgər dövlət başçısının istefasından sonra iki həftə ərzində ölkə deputatları yeni baş naziri seçə bilməzlərsə, parlament buraxılır və yeni parlament seçkiləri təyin edilir. Onlar baş nazirin istefasından 30 gündən tez və 45 gündən gec olmayaraq keçirilməlidir. İş burasındadır ki, yazdan başlayaraq Ermənistan bütünlüklə dövlət idarəçiliyinin parlament sisteminə keçib. Lakin bundan dərhal sonra ölkədə “məxməri inqilab” baş verib. Hakimiyyətə parlamentdə çoxluğa malik olmayan siyasi qüvvə gəlib. Onun lideri Nikol Paşinyan hökumətə başçılıq edir, lakin parlamentin onun qərararını ləğv etmək imkanı mövcuddur.

Ümumilikdə, Ermənistandakı vəziyyəti bu cür qiymətləndirmək mümkündür: “Parlament xalqın iradəsini əks etdirmir”. Bu nəticə ona əsaslanır ki, 2017-ci ilin parlament seçkilərində Ermənistan Respublikaçılar Partiyası qalib gəlib. Lakin 2018-ci ilin yazında “məxməri inqilab”ın gedişində müxalifətlə birgə küçələrə çıxmış on minlərlə insan onun hakimiyyətinə qarşı çıxdı.

Növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı vəziyyət iki həftə öncə kəskinləşdi. O zaman baş nazir seçkiləri dekabrda keçirmək niyyətində olduğunu bildirdi. Daha öncə isə növbədənkənar seçkilərin 2019-cu ilin may ayına kimi keçiriləcəyi deyilirdi, lakin konkret tarix açıqlanmırdı. Parlamentdə təmsil olunan siyasi qüvvələr seçkilərin keçirilməsinin qarşısını almağa çalışdılar. Ekspertlərin sözlərinə görə, buna səbəb keçmiş iqtidar partiyasının və iki digər parlament qüvvəsinin əvvəlki sayda deputat mandatı qazanacaqlarına ümidlərinin olmamasıdır.

Müvafiq olaraq, keçmiş iqtidar Respublikaçılar Partiyasının təşəbbüsü ilə təcili olaraq parlamentin növbədənkənar iclası çağırılmış və reqlament haqqında qanun layihəsinə düzəlişlər qəbul edilmişdi. Həmin düzəlişlərə görə, parlament seçkilərin keçirilməsi qərarını ləğv edə bilərdi. Baş nazir əleyhdarlarının bu hərəkətlərini əksinqilab cəhdi adlandırdı. Buna cavab olaraq baş nazir Paşinyan on minlərlə tərəfdarını yenidən küçələrə çıxardı. Onlar Parlamentin binasını mühasirəyə aldılar, Nikol Paşinyan isə qanun layihəsinə düzəlişləri dəstəkləmiş siyasi qüvvələrlə danışıqlar apardı. O, əleyhdarlarından onların ümumilikdə növbədənkənar seçkilərin keçirilməsinə qarşı çıxmamaları barədə şifahi razılıqlarını aldı. Sonradan həmin danışıqların iştirakçıları bildirdilər ki, yalnız seçkilərin keçirilmə vaxtı ilə razı deyillər.

Nikol Paşinyan ötən həftə ərzində əleyhdarları ilə danışıqları davam etdirdi. Əvvəlcə düzəlişləri qəbul etmiş partiyalardan birinin lideri ilə memorandum imzalandı və Qagik Çarukyan rəsmən bəyan etdi ki, parlamentdə onun fraksiyasının deputatları növbədənkənar seçkilərə qarşı çıxmayacaqlar. Seçkilərin məhz dekabrda keçirilməsi niyyətini Ermənistan Respublikaçılar Partiyasının bəzi deputatları da dəstəklədilər. Beləliklə, Nikol Paşinyan parlamentdə lazım olan sayda səs əldə edə bildi və parlamentin buraxılması prosesinə başlaya bilərdi. Bu yolda ilk addım onun istefası idi.

Baş nazirin istefasından sonra Milli Təhlükəsizlik Xidməti və yerdə qalan güc strukturları fövqəladə rejimdə işləyəcəklər. Bu gün bu məlumatı xidmətin başçısı Artur Vanetsyan təsdiqləyib. “Biz o fikirdəyik ki, rahatlaşmaq olmaz, bütün tədbirləri görməliyik ki, Ermənsitan ərazisində istənilən qanun pozuntusunun qarşısı alınsın”. Vanetysan əmin edib ki, Milli Təhlükəsizlik Xidməti vəziyyətə nəzarət edir və ölkədə konstitusiya quruluşunun pozulmasına yol verməyəcək”.