Lənkəranda 9 ayin yekunları müzakirə edilib

17 Oktyabr 2018 17:11 (UTC+04:00)

Oktyabrın 17-də Heydər Əliyev Mərkəzində 2018-ci ilin 9 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin 9 ayının yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələrlə bağlı Şura iclası keçirilib. SİA-nın məlumatına görə, şura iclasını açan Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov geniş nitq söyləyərək 2018-ci ilin həm president seçkiləri, həm də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 15 illiyi ilə əlaqədar ölkənin ictimai-siyasi həyatında çox əlamətdar il olduğunu diqqətə çatdırmaqla cari ilin hesabat dövründə ölkədə sosial-iqtisadi inkişaf sahəsində yüksək nailiyyətlərin qazanıldığını, bütün sahələrdə nəzərdə tutulmuş proqnoz və tapşırıqların vaxtında icra olunduğunu qeyd edib. Natiq cənab Prezident İlham Əliyevin müdrik düşüncəsi ilə davamlı olaraq həyata keçirilən iqtisadi islahatlar sayəsində ölkədə ümumi daxili məhsulun artdığını, xüsusilə qeyri-neft sektorunda məhsul istehsalının dəfələrlə çoxaldığını, iqtisadi göstəricilərin xeyli yüksəldiyini söyləyərək ölkənin hər yeri kimi Lənkəran rayonunun da sosial-iqtisadi inkişafı sahəsində yüksək nəticələrin əldə olunduğunu vurğulayıb. Eyni zamanda, İcra başçısı ötən 15 il müddətində və cari ilin 9 ayı ərzində qazanılmış uğurları cənab Prezident İlham Əliyevin davamlı diqqəti və qayğısı sayəsində əldə olunduğunu bildirərək rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərini, vaxtında icra olunan və rayonun iqtisadi potensialını durmadan artıran irihəcmli layihələrin məhz bu qayğının bəhrələri olduğunu önə çəkib.

Prezident İlham Əliyevin oktyabrın 15-də Lənkəran şəhərinə etdiyi səfərindən bəhs edən natiq dövlət başçısının yeni obyektlərin açılış və təqdimat mərasimləri zamanı rayon ictimaiyyətinin nümayəndələri və əmək kollektivləri ilə iş başında səmimi, hərarətli görüşlərinin və səfərdən dərhal sonra Lənkəran şəhərində çoxmənzilli binaların dam örtüklərinin təmiri, rayonun Şıxəkəran kənd orta məktəbi üçün yeni binanın və Lənkəran-Lerik yolunun əsaslı təmiri barədə verdiyi sərəncamlar hər bir lənkəranlıya sonsuz sevinc, daha gözəl gələcəyə güclü inam bəxş etdiyini vurğulayıb. İcra başçısı yığıncaq iştirakçılarının diqqətini həmçinin hesabat dövründə Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərə yönəldərək ötən 9 ay ərzində rayonda ümumi məhsul buraxılışının 9,6 faiz artaraq 326,7 milyon manat təşkil etdiyini, sənayedə 28,4 milyon manatlıq məhsul istehsal edildiyini, sənayenin qeyri-dövlət sektorunda istehsalın həcminin 11,8 faiz artdığını qeyd edib. Kənd təsərrüfatında da işlərin sürətlənməsini, məhsul istehsalının artmasını, yeni çay, çəltik və sitrus plantasiyalarının salınmasını İcra başçısı məhsul istehsalçılarına göstərilən dövlət qayğısının və tətbiq olunan güzəştlərin sevindirici nəticələri olduğunu bildirib.

Şura iclasında çıxış edən İcra başçısının birinci müavini Möhübbət Babayev və digər natiqlər ötən 9 ayda görülmüş işlər barədə ətraflı məlumat verərək qarşıda duran vəzifələrdən danışıblar.

Sərraf Mirsəfəroğlu