Meydan TV radikalları bir-birinə vurdu VİRTUAL MÜHARİBƏ

17 Oktyabr 2018 16:47 (UTC+04:00)

Sosial şəbəkədə partiyalar və şəxslərarası virtual müharibə baş qaldırıb

Avropada internet üzərindən yayım edən Meydan TV özünün də təmsil olunduğu radikal düşərgədə vəziyyəti gərginləşdirib və hazırda sosial şəbəkədə AXCP-“Milli Şura” cütlüyü, Müsavat və REAL partiyaları arasında kəskin qarşıdurmalara start verilib. Lakin məsələ yalnız bunda da deyil. Sözügedən qarşıdurmaya daha bir səbəb, demək olar ki, istənilən mövzuda tərəflərin bir-birlərinin sözlərini, düşüncələrini həzm etməmələri olub ki, bu da sosial şəbəkələrdə virtual müharibənin baş qaldırmasına köklü səbəb olub.

REAL-ın məclis sədri Erkin Qədirli köhnə müxalifətə həqiqəti döyləyib: “Bu hakimiyyət qalmalıdır”

Xüsusilə, REAL partiyasının məclis sədri Erkin Qədirlinin adıçəkilən TV-yə verdiyi müsahibəsində Azərbaycan iqtidarı ilə bağlı dediyi sözləridir. O, müxalifətçi kimi siyasi mübarizə aparmağa hazır olmadığını deməklə yanaşı, müxalifəti sərt tənqid edib və onların hakimiyyətə alternativ olmadığını bildirib. Qarşı tərəflərin sərt hiddətinə və hücumlarına məruz qalan Qədirli bildirib: “Mən özümüzü hazırlıqlı saymıram, ona görə də deyirəm ki, bu hakimiyyət qalmalıdır. Bu gün heç kim hakimiyyətə gəlməyə hazır deyil, heç kim hakimiyyəti qoruyub saxlaya bilməz. Ona görə gərək müxalifət təcrübə toplasın”.

Bu baxımdan çıxış edən E.Qədirli həmin müsahibəsində ənənəvi müxalifət olan AXCP və Müsavatı nəzərdə tutaraq onları köhnə müxalifət adlandırıb, eləcə də onların sadəcə, siyasi manipulyasiya etdiklərini, ümumiyyətlə, hakimiyyətə gəlmək istəmədiklərni qeyd edib: “Köhnə müxalifət, deyəsən, ümumiyyətlə, təcrübə toplamaq istəmir, onlar, deyəsən, heç hakimiyyətə də gəlmək istəmirlər”.

Beləliklə, həmin fikirlərdən sonra, necə deyərlər, ara qarışıb, məzhəb itib və hər zaman olduğu kimi, bu fikirlərə qarşı “Milli Şura”dan etiraz gəlib.

“Milli Şura”nın koordinasiya şurasının üzvü Gültəkin Hacıbəyli dərhal ortaya düşüb: “Varmı belə bir müxalifət partiyası?”

Söz yox ki, bunu da edən hər zaman gözlənildiyi kimi, bu qurumun koordinasiya şurasının üzvü Gültəkin Hacıbəyli olub. Belə ki, Hacıbəyli öz facebook profilində REAL-a qarşı sərt ifadələr işlədib. “Dostlar, dünyanın bircə ölkəsindən mənə bircə gerçək müxalifət partiyası göstərin desin ki, hökumətin yeganə alternativi bizik, bizdən başqa bütün qüvvələr heçdir, biz isə mübarizə aparmırıq, hətta mübarizə sözünü leksikonumuzdan çıxarmışıq, tələsən yerimiz də yoxdur, hələ təcrübə toplayırıq, ona görə də hakimiyyətin hələ bir müddət qalmasını istəyirik. Dostlar, varmı dünyada belə bir müxalifət partiyası?”, deyə sual edən G.Hacıbəyliyə Avropada və s. ölkələrdə fəaliyyət göstərən bir çox müxalifət partiyaları nümunə olaraq göstərilib. Belə ki, Fransada, Almaniyada, İspaniyada və s. aparıcı Qərbi Avropa ölkələrində fəaliyyət göstərən müxalifət partiyaları sübut olaraq ortaya qoyulub və nədənsə, G.Hacıbəyli bu sübutlara heç bir cavab verə bilməyib. Halbuki, bu kimi ölkələrdə fəaliyyət göstərən müxalifət partiyaları zaman-zaman siyasi hakimiyyətə yiyələnməyin tez olduğunu, hətta buna hazır olmadıqlarını dəfələrlə bəyan ediblər.

“Araşdırmaçı jurnalist” Xədicə İsmayıl REAL-ın cinahından çıxış edib: “Müxalifət təcrübəsizdir”

Söz yox ki, “harada aş, orada baş” prinsipindən çıxış edən “araşdırmaçı jurnalist” Xədicə İsmayıl da bu məsələyə öz təbirincə münasibət sərgiləməyi özünə “borc bilib”. Lakin son zamanlar bəlli səbəblər üzündən AXCP və “Milli Şura” ilə yaşadığı qarşıdurmalı münasibətlərdən dolayı uzaqdan-uzağa da olsa, REAL partiyasının cinahından çıxış edib. E.Qədirlinin müxalifətin hakimiyyətə alternativ olmaması barədə fikirlərini sualları ilə sübuta yetirib. SİTAT: “Təcrübəsizdirmi müxalifət? Təcrübəsizdir. Öyrənməyə meyllidirmi? Belə görünmür. Peşəkarları cəlb edirmi? Təəssüf, imkanı yoxdur. Hakimiyyətə gəlsə, edəcəkmi? Sual buradadır”.

Beləliklə, X.İsmayıl bu vasitə ilə G.Hacıbəylinin sözlərini alt-üst edib və üstəlik, bu cür zəif, yararsız və səmərəsiz müxalifətin heç vaxt hakimiyyətə yiyələnə bilməyəcəyini sözügedən sualları ilə təsdiq edib. Nəticədə vəziyyət daha da qızışıb, fikir və ifadələr söz savaşı həddində məcradan çıxmağa başlayıb.

REAL-ın idarə heyətinin üzvü Xalid Bağırov sərt ittiham irəli sürüb: “Erkin Qədirlinin dedikləri partiyadan kənarda şüvən yaradıb”

Misal üçün, REAL-ın digər funksioneri – partiyanın idarə heyətinin üzvü Xalid Bağırovun öz facebook profilində paylaşdığı statusda E.Qədirlini müdafiə etməsi savaşı bir az da körükləyib: “Əsas odur ki, Erkin Qədirlinin dedikləri, REAL daxilində debat, partiyadan kənarda şüvən yaradıb”.

Nəticədə Müsavat və AXCP funksionerləri sosial şəbəkələrdə X.Bağırovu sərt şəkildə tənqid ediblər, hətta ondan üzr istəmək tələb olunub. REAL funksioneri isə nəinki üzr istəməyib, hətta digər müxalifətyönlü internet TV-si olan “Düşün TV” kanalında ona hücum edən “axecepeçilərlə” müsavatçıları “ağ yuyub, qara sərib”, yəni təhqir edib. O cümlədən, onu təhqir edənləri “küçə tərbisəyizləri” adlandıraraq, bir sıra faktlarla onları susdurmağa nail olub.

“Adamlar JEK müdiri belə ola bilmirlər, sabahları dövlət idarə etmək istəyirlər”

SİTAT: “Hər hansı bir fikri, adamı ələ salmaq fikri müzakirə etmək deyil. Bu, küçə tərbiyəsidir. Bu tərbiyəni hakimiyyətə gətirmək istəyənlərin məsuliyyətidir. İndi necə hoydu-hoydu ilə Qurban Məmmədovun, Erkin Qədirlinin üzərinə gedirlər, necə ki, 1992-ci ildə olduğu kimi hakimiyyətə gələcəklər və heç bir il də hakimiyyətdə qala bilməyəcəklər. Bu müzakirə deyil, şüvəndir. Xalqımızın dilində bunun bir adı var, bunu da pozğun arvadlar edir, yubkalarını başlarına qaldırırlar və bunu edirlər. Erkin Qədirlinin fikirləri yanlışdır, amma yanlışa qarşı fikir bildirərlər, şüvən qaldırmazlar. Kimlərin şüvən qopardığını yaxşı gördünüz. Niyə onların adını çəkməliyəm? Şəxsən öz adıma deyirəm, dəyər vermədiyim insanların adlarını niyə çəkməliyəm? Adamlar JEK müdiri belə ola bilmirlər, sabahları dövlət idarə etmək istəyirlər”.

Müsavat başqanı Arif Hacılı da ortaya çıxıb: “Bu nə ədadır...”

REAL funksionerinin bu kimi cavablarına uzun zamandır ortalıqlarda görünməyən Müsavat başqanı Arif Hacılı da cür mövqe sərgiləyib. “Xalid Bağırov yazıb ki, Erkin Qədirlinin açıqlaması REAL daxilində debat, kənarda şüvən yaradıb. Bu nə ədadır, yanlışlığa etiraz edənlərə qarşı nə hörmətsizlikdir?!”, deyən Hacılı, nədənsə, REAL funksionerlərinə qarşı ən aşağılayıcı təhqirlər ünvanlayan AXCP və Müsavat üzvlərinə bir kəlmə də olsa irad bildirməyib. Bu isə bir daha göstərir ki, bəli, bu cür müxalifətin hakimiyyətə gələ bilmək ehtimalı sıfıra bərabərdir və hətta həqiqəti qəbul etmək gücündə olmayanların elə müxalifətdə qalıb, dırnaqrarası müxalifətçilik etmələri də yolverilməzdir. Çünki belələrinin siyasi səhbədəki rolları və mövcudluqları çoxdan və tamamilə tükənib.

Rövşən RƏSULOV