Suriyalının Almaniya macərası KRİMİNAL

17 Oktyabr 2018 12:00 (UTC+04:00)

Almaniyanın Köln polisi şəhərin əsas vağzalında bir qadını girov götürən cinayətkarın şəxsiyyətini müəyyən edə bilib. SİA xəbər verir ki, aparılan istintaq nəticəsində hadisə yerində 55 yaşlı Suriya vətəndaşına məxsus 2021-ci ilədək müvəqqəti yaşayış hüququ haqqında sənəd tapılıb. Polisdən bildiriblər ki, suriyalı miqrant 2015-ci ildən Almaniyanın Köln şəhərindəki qaçqın yataqxanasında yaşayıb. Psixoloji problemlər səbəbindən işsiz olan bu şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi, qarət, zorakılıq, dələduzluq və mənzillərə basqın üzündən 13 dəfə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

İstintaq müəyyən edib ki, bu şəxsin qardaşı və oğlu da Almaniyada yaşayırlar. Suriyada qalan arvadının AFR-ə giriş üçün müraciəti isə iki dəfə rədd olunub.

Suriyalının “İslam dövləti” terrorçu təşkilatı ilə ehtimal olunan əlaqəsi versiyası və cinayətin motivi dəqiqləşdirilir. Polis hadisə yerində olan şahidlərdən fotoşəkilləri və videoyazıları dəlillərin toplanması üçün yaradılan onlayn-portala göndərməyi xahiş edib, habelə cinayətkarın yaşadığı mənzildə axtarış aparıb.

Hadisə günorta vaxtı – insanların sıx olduğu vağzalda baş verib. Buradakı “McDonald's” restoranına girən naməlum şəxsin atdığı “Molotov kokteyli” üç nəfərin, o cümlədən 14 yaşlı qızın xəsarət alması ilə nəticələnib. Sonra cinayətkar yaxınlıqdakı əczaxanaya soxulub və bir qadını girov götürüb. O, özünü və girov götürdüyü qadını yandırmaqla hədələyib. Saat 16:00 radələrində hadisə yerinə gələn xüsusi təyinatlı polis dəstəsi girovun azad edilməsi üçün əməliyyat həyata keçirib. Ağır yaralanan cinayətkar həkimlərin səyləri nəticəsində ölümdən qurtulub və xəstəxanaya çatdırılıb. Girov qadın isə yüngül xəsarət alıb.