Əcnəbini 2 dəqiqəyə Azərbaycana gətirən XİDMƏT ARAŞDIRMA

16 Oktyabr 2018 16:32 (UTC+04:00)

Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların müsbət nəticələri cari ilin 9 ayının yekunlarında da özünü göstərdi. Respublikamızın iqtisadiyyatının bütün sahələrində göstəricilərin getdikcə yüksəlməsi buna bariz nümunədir. Aparılan islahatların tərkib hissəsini ölkəmizdə qeyri-neft sektorunun inkişafına yönəldiyini nəzərə alsaq, bu sahədə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çoxlu sayda fərman və sərəncamların verildiyini, Dövlət proqramlarının qəbul edilərək reallaşdırıldığını görə bilərik. Uğurla reallaşdırılan islahatlar qeyri-neft sektorunun ən gəlirli sahələrindən olan turizmin inkişafına da ciddi təkan verib. Dövlət başçımızın diqqət və qayğısı sayəsində bu gün turizm iqtisadiyyatımızın aparıcı sahəsinə çevrilib. Ümumiyyətlə, ölkəmizdə turizm sektorunun inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Dövlətimizin başçısının səyləri nəticəsində Azərbaycan dünyanın cəlbedici turizm ölkələrindən birinə çevrilib, bu sahə üçün lazım olan bütün infrastruktur yaradılıb. Görülən tədbirlər nəticəsində ölkəmizə gələn qonaqların sayı kəskin şəkildə artıb. Belə ki, turistlərin sayı 2016-cı ildə 22, 2017-ci ildə 20, bu ilin 9 ayında isə 6 faiz artıb. Qeyd edək ki, turizm sahəsində baş verən bu inkişaf Prezident İlham Əliyevin 2016-cı ilin oktyabrından etibarən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün elektron vizaların maksimum 3 saat ərzində verilməsinə dair sərəncamlarının böyük rolu var. Belə ki, sərəncamlardan irəli gələrək ölkəmizdə “ASAN Viza” sisteminin yaradılması Azərbaycanda turizmin inkişafını daha da sürətləndirib.

“ASAN Viza” sistemi vasitəsi ilə 95 ölkəyə elektron viza verilməsi təmin edilir”

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib ki, “ASAN Viza” sistemi Azərbaycan gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi məqsədilə yaradılıb: “2017-ci il yanvar ayından fəaliyyətə başlayan “ASAN Viza” sisteminin 15 may 2018-ci il tarixindən etibarən Azərbaycan Beynəlxalq Hava Limanlarında da fəaliyyəti təmin edilib. Hazırda Portal vasitəsi ilə 95 ölkəyə elektron viza verilməsi təmin edilir. Bütün sistem tam avtomatlaşdırılıb və mövcud elektron viza sistemi vasitəsi ilə ölkəyə gəlməzdən əvvəl 3 gün (standart) və 3 saat (təcili) ərzində vizaların verilməsi www.eviza.gov.az saytı vasitəsi ilə həyata keçirilir. Hava limanlarında isə 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizaların verilməsi təmin edilir”.

“Bu günə qədər 825.208 viza verilib”

Şöbə müdiri qeyd edib ki, bu günə kimi 624.175-i “ASAN Viza” portalı vasitəsi ilə, 201.033-ü hava limanlarında olmaqla, ümumilikdə 825.208 viza verilib: “Müraciətlərin çoxluğuna görə isə ilk beşlikdə olan İran İslam Respublikası, Səudiyyə Ərəbistanı, Pakistan, Hindistan və Türkiyədir. Bakı, Gəncə, Qəbələ və Lənkəran beynəlxalq hava limanlarında “ASAN Viza” sistemi vasitəsilə əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün elektron vizaların rəsmiləşdirilməsi təmin edilir. Hazırda hava limanlarında 83 əməkdaş fəaliyyət göstərir. Əməkdaşlar ölkəmizə səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan, ingilis, fransız, ispan, alman, türk, hind, ərəb, fars, ibri, urdu, norveç və rus dillərində xidmət göstərirlər”.

“Vizanın verilməsi 2 dəqiqə ərzində təmin edilir”

E.Niftəliyev qeyd edib ki, orta hesabla bir əcnəbi vətəndaş üçün vizanın verilməsi 2 dəqiqə ərzində təmin edilir: “ASAN Viza” portalı və özünəxidmət terminalları Azərbaycan, ingilis, fransız, ispan, alman, italyan, ərəb, fars və rus olmaqla - 9 dildə fəaliyyət göstərir. Özünəxidmət terminalları ilə yanaşı 4 pəncərədə viza verilməsi və bank xidmətləri də həyata keçirilir”.

“ASAN Viza” ölkəmizə gəlmək istəyənlərin işini asanlaşdırıb”

Elektron xidmətin Azərbaycan turizm sektorunun və ümumilikdə ölkə iqtisadiyyatına təsirləri haqqında danışan iqtisadçı ekspert Ruslan Atakişiyev söyləyib ki, “ASAN Viza”nın tətbiqi nəticəsində ölkəmizə xarici turistlərin və iş adamlarının gəlməsi xeyli asanlaşıb: “Turistlərlə yanaşı, sahibkarların, iş adamlarının, ümumilikdə ölkəmizə gəlmək istəyənlərin işi yüngülləşib. Əgər əvvəllər bunun üçün konsulluq, səfirliklərə müraciət edərək, uzun zaman tələb olunurdusa, bu xidmətin fəaliyyəti başlaması nəticəsində problemlər həllini tapmış oldu. Bu xidmətə keçid Azərbaycanla müxtəlif ölkələr arasında iqtisadi. mədəni münasibətlərin daha da yaxınlaşmasına gətirib çıxarıb. Gediş-gəlişin asanlaşması həm mübadilə proqramlarının, həm biznes görüşlərin, təhsil proqramları, konfranslarda iştirak, o cümlədən də turizm sahəsi üçün mühüm əhəmiyyət kəsb edir”.

“Vaxta və maliyyəyə qənaət etmək imkanı”

Ekspert qeyd edib ki, “ASAN Viza” istənilən ölkə ilə hərtərəfli münasibətlərin daha da yaxınlaşmasına gətirib çıxarır: “Təbii ki, müasir dövrdə bir sıra ölkələr milli gəlirin formalaşmasının böyük hissəsini xaricdə yaratmağa çalışır. Azərbaycanda bu cür imkanların yaradılması bizim vətəndaşlar üçün də xaricdə geniş imkanların yaradılmasına kömək göstərmiş olur. Ümumiyyətlə, viza prosesinin asanlaşdırılması ilə yanaşı bunun elektron olaraq həyata keçirilməsi, həm dəvət edən, həm də gələn üçün ilk növbədə vaxta, maliyyəyə qənaət etmək imkanı yaradır. Bununla yanaşı, ölkəyə gəlmək istəyənlərin marağını artırır”.

“Vizanın asan şəkildə tətbiq olunması bir sıra ölkələrin Azərbaycana marağını daha da artırıb”

R.Atakişiyev qeyd edib ki, “ASAN Viza”nın ölkəyə investisiya qoyuluşu baxımından rolunu xüsusi qeyd etmək olar: “Bildiyiniz kimi ölkəyə investisiya qoyuluşunu şərtləndirən amillər var ki, onlardan da biri sahibkarların ölkəyə gəlmək asanlığıdır ki, bu da biznes görüşlərin keçirilməsində önəm kəsb edir. Bu baxımdan vizanın daha asan şəkildə tətbiq olunması, bir sıra ölkələrin Azərbaycana marağını daha da artırıb”.

Ekspert əlavə edib ki, xarici vətəndaşların Azərbaycana gələrkən əmtəə və mal alışı həyata keçirməsi bir başa və dolayı yolla ölkə iqtisadiyyatına təsir göstərir: “Çoxlu sayda turist səfəri alışların sayını artırır ki, bunun nəticəsində müəssisələr gəlir əldə edir, insanlar əmək haqqı alır, əldə olunan gəlirlər vasitəsilə vergi ödəmələri həyata keçirirlər. Belə olan halda, ASAN Viza dolayı yolla vergi ödəmələrində artıma səbəb olur ki, bu da nəticə etibarı ilə dövlət büdcəsinin gəlirlərinə müsbət təsir etmiş olur ”.

“15 xarici ölkə vətəndaşlarına vizanın hava limanında verilməsi ölkə turizm üçün böyük üstünlüklər yaradır”

Azərbaycan Turizm Assosiasiyası İdarə heyətinin sədri Nahid Bağırov vurğulayıb ki, 15 xarici ölkə vətəndaşlarına vizanın hava limanındaca verilməsi Azərbaycan turizmi üçün böyük üstünlüklər yaradır: “Viza verilməsi prosedurunun daha da asanlaşdırılması Azərbaycan turizminin inkişafına səbəb olacaq. Bəllidir ki, əvvəllər vizanın verilməsi ilə bağlı tez-tez şikayətlər daxil olurdu. Ancaq indi prosedur daha da təkmilləşərək elektron formada yerinə yetirilir. Viza prosesinin sadələşdirilməsi turistlərin işini rahatlaşdırıb. Əminəm ki, bundan sonra bəhs olunan məsələ ilə bağlı şikayətlərin sayı da sıfıra enəcək”.

ATA rəsmisi əlavə edib ki, əldə olunan nailiyyətlərlə kifayətlənmək olmaz, ölkəmizə daha çox turist axınını təmin etməli, bu istiqamətdə atılan addımları davam etdirməliyik: “Görülən işlər nəticəsində 2017-2018-ci illərdə ölkəmizin turizm sahəsində xeyli nailiyyətlər əldə olunub. Bu artım tempinin növbəti illərdə də sürətlə davam edəcəyinə əminik”.