18 oktyabr Azırbaycanın Dövlət Müstəqilliyi Günüdür

16 Oktyabr 2018 15:05 (UTC+04:00)

Tarix təsdiq edir və dəfələrlə sübut olunub ki, müstəqilliyi qazanmaq çətin qolduğu qədər onu qoruyub saxlamaq da bir o qədər də mürəkkəbdir. Bir sözlə, müstəqillik əldə edildikdən sonra onun itirilməməsi, qorunması gərəkir və bu heç də asan məsələ deyil.

Tarixə qısaca ekskursiya etsək görərik ki, Azərbaycan bir əsr ərzində, daha dəqiq desək 20-ci əsrdə iki dəfə müstəqillik əldə etmək şansı qazanıbsa da onun qorunmasına, bu günə qədər mühafizə edilməsinə yalnız ikinci dəfə nail olub. Birinci imkan zamanı əldə edilən müstəqillik xarici müdaxilələr, daxili çəkişmələr, eyni zamanda daxili imkanların az olması səbəbindən qorunub saxlana bilməyib və 1918-ci ildə qurulmuş, cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətini qorumaq mümkün olmayıb və ölkəmiz 70 il Sovet imperiyasının əsarətində qalıb. İkinci tarixi imkan bir də həmin imperiyanın dağılmasından, yəni 70 il keçdikdən sonra yaranıb və Azərbaycan xalqı öz milli müstəqilliyini bərpa etmək imkanını qaçırmayıb. Doğrudur, müstəqilliyin bərpasından sonra da xarici müdaxilələrin, daxili çəkişmələrin olduğunu inkar etmək olmaz. Hətta idarəçilikdə səriştəsi olmayan, eyni zamanda xəyanətkar mövqedə olan şəxslərin bu müstəqilliyi də təhlükə altına qoyduqları da danılmazdır və sözsüz ki, tam zamanında xalqın təkidli tələbi ilə hakimiyyətə qayından Ümummilli Lider Heydər Əliyev bu təhlükəni aradan qaldırmaq əzmində idi və buna nail oldu da.

İstiqlal mübarizəsində şəhid və qurbanlar verən bu xalq müstəqilliyini bərpa etdiyi kimi onu qorumaq əzmindədir

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu və xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına bu mühüm, eyni zamanda tarixi sənədin qəbul olunması ilə qovuşdu. Həmin tarixi anın gerçəkləşməsini uzun illərdən bəri gözləyən xalq, hətta 20 yanvar qırğınını görmüş Azərbaycan xalqı hər şeyə hazır idi və xarici müdaxiləçilər də, buna mane olmaq istəyənlər də dərk edirdilər ki, imperiya tankları belə xalqımızın azadlığa gedən yolunun qarşısını kəsə bilməzlər. Dərk edirdilər ki, istiqlal mübarizəsində şəhid və qurbanlar verən bu xalq müstəqilliyini bərpa etmək, qorumaq əzmindədir.

“Azərbaycan dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”-nın qəbul olunmasından sonra imperiyanın hakimiyyətini uzatmaq istəyənlər elə hesab edirdilər ki, qəbul olunmuş sənəd xalqı sakitləşdirəcək. Elə hesab edirdilər ki, sakitləşmiş xalq üzərində hakimiyyəti uzatmaq mümkün olacaq. Lakin, bu belə olmadı və həmin ilin, yəni 1991-ci ilin 29 dekabr tarixində ümumxalq səsverməsi keçirildi. Səsvermə hüququ onların 95%-indən çoxunun iştirakı ilə keçirilən referendumda Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə səs verdi, tərəfdar çıxdı.

Xalqımızın müstəqilliyini dünya dövlətləri tanıdı. Azərbaycan Respublikasını ilk olaraq 1991-ci il 9 noyabr tarixində Türkiyə Cümhuriyyəti, bunun ardınca həmin il Rumıniya, Pakistan, İsveçrə, İran, növbəti ildə isə ABŞ və Rusiya və başqa dövlətlər tanıdılar. Ölkəmizin beynəlxalq müstəvidə de-fakto tanınması isə Azərbaycanın BMT-yə üzv qəbul olunmasından, yəni 2 mart 1992-ci ildən başladı.

Doğrudur, çox yox, cəmi iki il sonra Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Qarabağın işğalı, həmçinin o zaman dövlət rəhbərliyində olan səriştəsiz adamların hakimiyyət davası səbəbindən daxildə gedən siyasi çəkişmələr müstəqilliyin süqutu üçün real təhlükə idi. Qeyd etdiyimiz kimi, məhz böyük siyasi təcrübəyə, idarəçilik, uzaqgörənlik qabiliyyətinə malik olan Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı bu təhlükəni belə aradan qaldırdı və bu gün Azərbaycanın müstəqilliyi haqlı olaraq Umummilli Liderin adı ilə bağlıdır. Ulu Öndərin uzaqgörən, doğru siyasəti sayəsində xalqın öz dövlətçiliyi, müstəqilliyi sarıdan heç bir narahatçılığı yoxdur və müstəqilliyimizin siyasi, iqtisadi sütunları getdikcə daha da möhkəmlənir.

İqtisadi yüksəliş, irimiqyaslı layihələr regionda təhlükəsizliyin təmin olunmasına, müstəqilliyimizin daha da möhkəmlənməsinə zəmin yaradır

Müstəqilliyin qorunub saxlanılması, dövlətçiliyin möhkəmləndirilməsi, həmçinin iqtisadiyyatın inkişafı hazırda daha çox diqqət mərkəzindədir Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həmçinin dünya miqyasında lider dövlətləridən birinə çevrilib. Regionda ən iri miqyaslı layihələri Azərbaycan reallaşdırır və hətta regionda reallaşması nəzərdə tutulan heç bir layihə ölkəmizin razılığı və iştirakı olmadan həyata keçirilmir. Bu layihələrin həm təşkilatçısı, həm də böyük əksəriyyətinin maliyyəçisi kimi Azərbaycan çıxış edir. İri miqyaslı layihələr, istifadəyə verilmiş dəhlizlər ölkəmizin imkanlarını, nəticə etibarı ilə iqtisadi qüdrətini durmadan artırır. Eyni zamanda etiraf etmək lazımdır ki, bu irimiqyaslı layihələrə, şimal-cənub, həmçinin şərq-qərb kimi dəhlizlərə maraq əhəmiyyətli dərəcədə artır və bu da öz növbəsində regionda, yəni Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına öz tövhəsini verir. Bütün bunlar isə dövlətçiliyimizin, müstəqilliyimizin günü-gündən daha da möhkəmləndirilməsini əsaslı şəkildə təmin edir.

Göründüyü kimi, dövlətçiliyimiz qorunur, inkişaf edir və Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Cənab Prezident İlham Əliyevin müstəqilliyimizin əbədi olması üçün müstəsna rolu danılmazdır. Hazırki inkişaf, tərəqqi, istər siyasi, istərsə də iqtisadi sahədə əldə olunan müvəffəqiyyətlər məhz Cənab Prezidentin adı ilə bağlıdır. Bir sözlə, müstəqilliyimiz də, dövlətçiliyimiz də etibarlı əllərdədir və Azərbaycan xalqı haqlı olaraq öz prezidentinə hər zaman etimad edir, dəstəkləyir və gələcək uğurlara da ümid edir.