Azad Rəhimov Avropa Şurası idman nazirlərinin toplantısına qatılıb

16 Oktyabr 2018 14:29 (UTC+04:00)

15 Oktyabr tarixindən başlayaraq Gürcüstanın paytaxtı Tbilisi şəhərində Avropa Şurası idmana məsul nazirlərin sayca 15-ci toplantısı öz işinə başlayıb.

Baş İdarədən SİA-ya verilən məlumata görə, “İdmanda insan haqlarının qorunması: Öhdəliklər və məsuliyyətin bölünməsi” başlığı altında keçirilən, 320-dən çox iştirakçının qatıldığı toplantıda Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov təmsil edir.

Toplantıda qeyd edilib ki, əsas məqam idmanda iştirak və mövcudluğun İnsan haqları vasitəsi ilə təbliğ olunmasıdır. İdmançıların hüquqlarının qorunması, dopinqdən istifadənin qarşısının alınması, ictimaiyyətin hər bir təbəqəsindən olan vətəndaşların idmanla aktiv məşğul olmaları üçün daha geniş imkanların yaradılması müzakirə mərkəzində olub. Bununla yanaşı, idmanda insan haqlarının müdafiəsi, məsuliyyət və ümumi öhdəliklər, idmanda korrupsiyaya qarşı mübarizə və fəaliyyətin aktivləşdirilməsi də müzakirə olunan əsas məsələlər sırasında olub.

Qeyd edək ki, konfransın açılışında Avropa Şurasinin Bas Katibinin müavini xanım Gabriela Battaini – Dragoni, Gürcüstanın baş Naziri Mamuka Baxtadze, Avropa Şurasının Nazirlər Komitəsinin Başçılığını təmsil edən, Xorvatiyanın İdmana dair Mərkəzi Dövlət ofisinin Baş katibi xanım Janica Kostelic, Avropa Olimpiya komitəsinin Prezidenti cənab Janez Kocijàncic və digər rəsmilər iştirak edir.