Respublika Olimpiya Velosiped Məktəbinin açıq birinciliyi keçirilib - FOTOLAR

15 Oktyabr 2018 17:54 (UTC+04:00)

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə Respublika Velotrekində trek velosipedi üzrə Respublika Olimpiya Velosiped Məktəbinin açıq birinciliyi keçirilib. Yarışda klub və cəmiyyətlərin 200-ə yaxın velosipedçisi iştirak edib.

SİA-nın məlumatına görə, idmançılar əvvəlcə fərdi ötüşmə yarışlarında mübarizə aparıblar. 2004-2006-cı il təvəllüdlü qızlar arasında 7 saylı Olimpiya Məktəbinin üzvü Gülşən İsmayılova 1 kilometr məsafəyə yarışda fəxri kürsün ən yüksək pilləsinə qalxıb. 2002-2003-cü il təvəllüdlü qızların 2 kilometr məsafəyə mübarizəsi Respublika Olimpiya Velosiped Məktəbinin yetirməsi Elfanə Camalovanın qələbəsi ilə yekunlaşıb. Onun komanda yoldaşı Ayan Xankişiyeva 2000-2001-ci il təvəllüdlü qızlar arasında 2 kilometr məsafəyə yarışda ən yüksək nəticə göstərib.

Oğlanlar arasında 2 kilometr məsafəyə fərdi ötüşmədə 2004-2006-cı il təvəllüdlülər arasında Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçisi Kamran Mirzəxanov birinci yeri tutub. 2002-2003-cü il doğumlu idmançıların eyni məsafəyə yarışında 7 saylı Olimpiya Məktəbini təmsil edən Əmral Əbdüləzizli, gənclər arasında isə Respublika Olimpiya Velosiped Məktəbindən Qadir Mustafayev hamını qabaqlayıblar.

Skretç yarışlarına gəlincə, bütün kateqoriyalarda Respublika Olimpiya Velosiped Məktəbinin üzvləri çempionluq sevinci yaşayıblar. 2002-2003-cü il təvəllüdlü qızların 5 kilometr məsafəyə mübarizəsində Elfanə Camalova, 2000-2001-ci il doğumu qızlar arasında 6,5 kilometr məsafəyə yarışda Ayan Xankişiyeva hamıdan güclü olub. 2004-2005-ci il təvəllüdlü oğlanlar arasında Kamran Mirzəxanov 5 kilometr məsafəni hamıdan tez qət edib. Nikita Sitov 2002-2003-cü il doğumlu velosipedçilər arasında 6,5 kilometrə yarışda, Nəcəf Bağırov isə gənclər arasında 10 kilometr məsafəyə mübarizədə birinci yeri tutub.

Qalib və mükafatçılar medal, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər. Mükafatlandırma mərasimində Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının sədri Əkbər Qoşalı da iştirak ediblər.