Məntiqi sonluq, acınacaqlı məğlubiyyət astanasında olan erməni separatçılığı

15 Oktyabr 2018 16:40 (UTC+04:00)

Separatçılıq və terrorçuluq üzərində qurulmuş işğalçı dövlətin səyləri, terrorçularla əməkdaşlıqları faydasızdır

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə, erməni işğalçıları tərəfindən işğal olunmuş ərazilərimizin geri qaytarılması ilə bağlı dəyişməz mövqeyinin, eləcə də ordumuzun keçirdiyi təlimlərin, ölkəmizin hərbi qüdrətinin fonunda Ermənistanda müşahidə olunan təşviş başadüşüləndir. İşğalçılar çox yaxşı başa düşürlər ki, danışıqlar yolu ilə Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmazsa, Azərbaycan torpaqlarını separatçılardan təmizləmək üçün ordu gücündən istifadə etmək iqtidarına malikdir və əgər ordumuz Qarabağda antiterror əməliyyatlarına başlasa, düşmən ən qısa vaxtda darmadağın ediləcək.

Ermənistan az qala əl açıb bütün dünyadan yardım dilənir

Azərbaycanın başqa dövlətin ərazisində müharibə aparmaq fikri, qonşu dövlətlərin heç birinə qarşı ərazi iddiası olmasa da, öz torpaqlarını separatçılardan, terrorçulardan azad etmək haqqı var və bu, tək bizim deyil, hər bir dövlətin konstitusion hüququdur. Yalnız ermənilər deyil, bütün dünya ictimaiyyəti bilir ki, Qarabağ tarixən Azərbaycan torpağı olub və şübhə yox ki, Azərbaycan dövləti bütün imkanlarından istifadə edərək işğal olunmuş ərazilərini separatçılardan, terrorçulardan təmizləyəcək.
İşğalçılar lokal müharibənin başlayacağından bərk ehtiyat edirlər, daha doğrusu, qorxurlar. Çünki, Azərbaycan ordusunun bir vaxtlar pərakəndə olduğundan sui istifadə edən terrorçular, separatçılar indi qüdrətli, nizami ordu və hərbi güclə qarşılaşacağından xəbərdardırlar. Eyni zamanda ölkəmizin hərbi müttəfiqləri, onlarla birgə keçirilən hərbi təlimlər, hərbi əməkdaşlıqlar da haqlı olaraq işğalçıların kürkünə birə salıb. Məhz elə buna görə də Ermənistan tərəfi əldən-ayaqdan gedir ki, dünya ictimaiyyətinin diqqətini cəlb etsin və bir növ özünü məzlum, yazıq, gücsüz və haqları tapdalanmış çarəsiz kimi göstərməklə az qala əl açıb bütün dünyadan yardım dilənir.

İşğalçı dövləti müdafiə etmək separatçılığı, terrorçuluğu, işğalçılığı müdafiə etmək deməkdir və bunun acı nəticələri danılmazdır

Ermənistanın dilənçilik ritorikası Frankofoniya sammitinə qədər daşındı və yenə də guya ki, haqları tapdalanmış, məzlum görünüş alan saxtakar erməni xisləti və siması özünü biruzə verdi. Amma bütün dünya ictimaiyyəti, beynəlxalq qurumlar, demokratik institutlar, dünya ölkələri, fövqəl dövlətlər bilməlidirlər ki, bu istənilən yardım müdafiə üçün yox, separatçılığın daha da gücləndirilməsi üçündür. Bilməlidirlər ki, Başda Frankofoniya sammiti iştirakçıları olmaqla, BMT, Avropa İttifaqı, ATƏT və digərləri Ermənistanı müdafiə etməklə, separatçılığı, terrorçuluğu, işğalçılığı müdafiə edirlər və bunun acı nəticələri ilə özləri də mütləq qarşılaşmalı olacaqlar.
Avropa ölkələri və beynəlxalq təşkilatlar müstəvisində Ermənistanın vəziyyəti heç də terrorçuların maraqlarını təmin də bilməz. Çünki, artıq separatçılıq siyasətinə biganə yanaşan, münasibət və etraz bildirməyən Avropanın özündə də bu problem prioritet məsələyə çevrilməkdədir və bu ölkələr öz maraqlarını təmin etmək, təhlükəsizlik tədbirlərini həyata keçirmək üçün terrorçuluq və separatizmə qarşı sərt reaksiya vermək məcburiyyətindədirlər. Əks halda qanunsuz hərəkətlər, beynəlxalq hüquq normalarının pozulması, separatçılıq meylləri, parçalanmalara və xaosa səbəb olacaq hadisələr Avropanın özünü belə çətin duruma sürükləyə bilər.

Separatçılıq meyillərinə qarşı Qərb və Avropa ölkələri sərt reaksiya vermək məcburiyyətindədirlər

Avropa ölkələrinin separatçılıq meyillərinə qarşı sərt reaksiya verdiyini, hətta lazım gəldikdə cəza tədbirlərindən istifadə etməkdən belə çəkinmədiyini artıq bütün dünya ictimaiyyəti müşahidə edir. Onu da müşahidə edir ki, hətta ölkələrin öz konstitusiyaları beynəlxalq hüquq normalarından da üstün hesab olunaraq, hadisələrin dövlət daxili məsələ kimi qarşısının alınması istiqamətində operaiv tədbirlər görülür. Məsələn, İspaniya hökumətinin Kataloniyada baş verən hadisələrdən sonra separatçıların həbs olunması üçün hərəkətə keçdiyi uzaq keçmişdə deyil və Kataloniyanın keçmiş başçısı Karles Puçdemon və onun tərəfdarlarının qiyam hazırlanması ittihamı ilə mühakimə olunması da unudulmayıb. Dünya dövlətləri, beynəlxalq təşkilatların isə bu tədbirləri dəstəklədiyi və separatçıların deyil, dövlətin maraqlarını müdafiə etdiyi də diqqətdən yayınan deyil.
Faktlar təsdiq edir ki, digər separatçı rejimlərlə, o cümlədən Qarabağdakı qondarma qurumun üzvləri ilə bağlı bu vaxta qədər laqeyd münasibət göstərən Avropa qurumları artıq öz daxilində separatçı rejimlərə qarşı hərəkətə keçib. Ümumiyyətlə Avropa öz daxilində separatçılığa qarşı çox həssas davranır və bir an belə separatizmi gözdən qoymur. Maraqlıdır, Kataloniya separatçılarının həbsini dəstəkləyən Avropa təsisatları Qarabağ separatçılarına qarşı eyni addımı atacaqmı? Yaxud, Avropanın başqa yolu qalırmı və yenədəmi ikili standartlardan çıxış etmək niyyəti ola bilər? Məgər, separatçılığın vətəni, yaxud məkanı olur, yoxsa mübarizə yalnız Avropa üçün keçərlidir? Yoxsa, Kataloniya hadisələri zamanı separatçıların bir anda susdurulması, hətta lazım olduğu anda rezin güllələrlə, göz yaşardıcı qazlarla, itlərlə, sepatarçılara təzyiqlərin göstərilməsi Dağlıq Qarabağda separatçılarla mübarizə üçün presedent sayılmaya bilərmi?

Terrorçuluq və separatçılıq təkcə Cənubi Qafqazın deyil, artıq bütün Avropanın, ümumilikdə dünyanın problemidir

Muxtar vilayətdə məskunlaşmış əhalinin yerli aborigenlərdən, etnoslardan ibarət olduğu halda, yəni, həmin ərazilərdə müstəqil dövlət qurmaq istəyinin beynəlxalq hüquqa zidd olmadığı halda, Avropa institutları, beynəlxalq təşkilatlar İspaniyanın maraqlarından çıxış edərək, bu ölkənin ərazi bütövlüyünü qəbul etdisə və separatçıların cəzalandırılmasına belə qarşı çıxmadısa, yerli aborigenlər, etnoslar olmayan, üstəlik, ərazinin kənar bir dövlətin, ələlxüsus işğalçı rejimin təcavüzü ilə zəbt olunan Dağlıq Qarabağda separatizmlə mübarizəyə hansı əsasla qarşı çıxa bilər? Əgər Kataloniyaya münasibətdə bu tətbiq edilib, Dağlıq Qarabağla bağlı məsələdə tətbiq edilməsə, onda bütün dünya bundan sonra da ikili standartlarla üz-üzə qalacaq və bu halda regionda sülhə, təhlükəsizliyə yeni təhdidlər inkar edilə bilməz.

Doğrudur, Azərbaycan torpaqlarından işğalçıların qeyd-şərtsiz çıxarılması və torpaqların azad olunması barədə BMT-nin qərar və qətnamələri var. Amma Ermənistan tərəfi bu qətnamələrə, işğal olunmuş torpaqların qeyd-şərtsiz böşaldılması qərarlarına məhəl qoymursa, yalnız kağız üzərində qalmış bu qətnamələrə etinasızlıq edirsə buna qarşı ciddi bir təpki göstərilməsi gərəkir. Təpki göstərməməklə, yaxud, sanksiyalar tətbiq etməməklə, bir sözlə mübarizə aparmamaqla isə separatçılığa biganəlik nümayiş olunur ki, bunun da acı nəticələrə səbəb olacağı inkar edilə bilməz. Bir sözlə, Azərbaycan torpaqlarında törədilən cinayətlərə, insanlıq normalarına sığmayan soyqırım siyasətinə, terrorizm və separatçılığa qarşı Avropa institutlarının daha sərt reaksiya verməsi və daha kəskin tələblər irəli sürərək, daha ciddi tədbirlər həyata keçirməsi vacib və gözləniləndir. Daha dəqiq desək, Avropada separatçılıq meyllərinə kəskin reaksiya nümayiş etdirildiyi bir vaxtda, təbii ki, əgər ikili standart yanaşma olmasa, bu reaksiyanın Ermənistana da şamil edilməsi günün tələbidir. Yəni, artıq Ermənistanın, işğalçı rejimin terrorçuluq siyasəti Qərbin maraqları ilə üst-üstə düşmür, əksinə toqquşur. Separatçılığın necə acı nəticələr verdiyindən və separatizm dalğasından sığortalanmadığının fərqində olan Qərb, Avropa İttifaqı indi separatizmlə mübrizəyə maraqlı olmalıdır.
Sözsüz ki, separatçılıq və terrorçuluq üzərində qurulmuş dövlətçiliyin sonu bəllidir və işğalçıların səyləri, özü kimi vandallarla, terrorçularla görüşləri, müzakirələri faydasızdır. Çünki, separatçılıq, terrorçuluq artıq təkcə Cənubi Qafqazın deyil, bütün Avropanın, ümumilikdə dünyanın problemi hesab olunur və bu mənada Ermənistan hədəfdə olan ölkədir. Bir sözlə beyəlxalq miqyasda da Ermənistanın durumu separatçıların mövqeyi heçkimin ürəyincə deyil və Avropanın, eləcə də bütün dünyanın separatizmlə mübarizə aparmaq məcburiyyətində olması işğalçı rejimin acınacaqlı məğlubiyyətini və sonunu vəd edir.