Bəhruz Quliyev: "2003-2018-ci illər - inkişaf tariximizin qızıl dövrü: Xarizmatik liderin xalqa xidmət təntənəsi"

15 Oktyabr 2018 16:15 (UTC+04:00)

Bu gün dünyada çox az ölkə tapılar ki, cəmi 15 il ərzində cəmiyyətin ictimai-siyasi sferasının, eləcə də, ölkənin siyasi və çoxpartiyalı sisteminin, plüralizmin, ümumilikdə, demokratiyanın inkişafı istiqamətində ardıcıl və səmərəli siyasi, eləcə də, sosial-iqtisadi islahatlar həyata keçirsin. Şübhəsiz ki, son 15 ilin nəticələrinə əsaslanaraq, deyə bilərik ki, həmin azsaylı ölkələr kateqoriyasına Azərbaycan da aiddir. Çünki son 15 il ərzində Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin imzaladığı sərəncamlar, fərmanlar, təsdiqlədiyi dövlət proqramları Azərbaycanı dünyanın demokratik və siyasi baxımdan yetkin dövlətinə çevirib. Eyni zamanda, transmilli layihələrin reallaşdırılması və ölkə daxilində sosial dövlət quruculuğu istiqamətində mühüm addımların atılması Azərbaycanın dinamik inkişafı təmin edib.

Xüsusi olaraq, qeyd edilməlidir ki, son 15 il ərzində ölkə iqtisadiyyatı, qeyri-neft iqtisadiyyatı və sənaye sahəsində 3 dəfə, kənd təsərrüfatında 2, qeyri-neft ixracında 5 dəfə artım olub, valyuta ehtiyatlarımız 23 dəfə artaraq, 45 milyard dollara bərabər olub, ölkə iqtisadiyyatına 230 milyard dollardan çox sərmayə qoyulub, 1,9 milyon iş yeri yaradılıb, işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsinə enib, maaşlar 5, pensiyalar 8 dəfədən çox artıb. Eyni zamanda, 443 körpü tikilib, 3100-dən çox məktəb inşa edilib, 642 tibb müəssisəsi, 43 olimpiya-idman kompleksi tikilib, 265 min məcburi köçkün yeni evlərlə, mənzillərlə təmin edilib, 30 elektrik stansiyası tikilib, bölgələrdə qazlaşdırma 93 faizə çatıb, sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilib, 7 beynəlxalq aeroport yenidən qurulub. Həmçinin, fasiləsiz içməli su ilə təminat 70 faizə çatıb, 4 su anbarı - Taxtakörpü, Şəmkirçay, Göytəpə, Tovuzçay su anbarları tikilib, 100 minlərlə hektar suvarılmayan torpaqlara həyat gətirilib, su gətirilib, 12 min 300 kilometr yol çəkilib. Eləcə də, regionun ən güclü ordusu formalaşdırılıb, üç peyklə dünyanın çox az sayda olan kosmik ölkələrinin sırasında yer alıb, Avrasiya geostrateji məkanının ən etibarlı enerji təchizatçısı kimi enerji və nəqliyyat dəhlizinə çevrilib, "Eurovision", "I Avropa Oyunları", "IV İslam Həmrəyliyi Oyunları", "Formula-1" kimi qlobal əhəmiyyətli idman tədbirlərinə uğurla ev sahibliyi edib...

Təbii olaraq, uğurlarını sadalamaqla bitmir Azərbaycanın. Məhz əldə olunan nəticələrə əsasən, Azərbaycan "Qlobal Rəqabətlilik Hesabatı"nda 35-ci yer, "Doing Business 2018" hesabatında 57-ci yer, Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri, "Siyasətçilərə ictimai etimad" kateqoriyasında 20-ci pillə, "Dövlət tənzimlənməsinin yükü" göstəricisinə görə dünyada 15-ci yer, Əmək bazarının səmərəliliyi göstəricisi üzrə dünyada 17-ci, MDB üzrə 1-ci yerdədir. Həmçinin, dünya ekspertləri, nüfuzlu "USA Today", "The Washington Times" kimi nəşrlər ölkəmiz haqqında yazarkən, qeyd edirlər ki, Azərbaycan "Şərqin İsveçrəsidir", "Turizm üçün gözəl və ən sabit şəhər Bakıdır", "Odlar yurdudur", "Şərqin Parisidir", "Bütün dünyada ən ideal yerdir" və s.

Bu uğurlar, heç şübhəsiz ki, Prezident İlham Əliyevin siyasətinə xalqın yüksək etimadı nəticəsində mümkün olub. Bütün bunların səbəbkarı, məhz Prezident İlham Əliyevdir. Buna görə də, Avropa İttifaqının Azərbaycanda apardığı araşdırma nəticəsində, bəlli olub ki, Azərbaycan vətəndaşlarının 81 faizi Prezidentə etibar edir. Bütün bunlar Prezident İlham Əliyevin xalq arasındakı nüfuzundan xəbər verir. İnsanlarımız Azərbaycanın gələcəyini yalnız Prezident İlham Əliyevlə görür, Ona etibar edir. Çünki İlham Əliyev xalqın sınadığı, güvəndiyi və inandığı alternativsiz liderdir. Dünyanın heç bir yerində dövlət başçısı 50 illik yubileyi günü qaçqın şəhərciyinə gedərək "Mən öz ad günümü ailə üzvlərimlə birlikdə keçirməyə gəlmişəm, mənim ailə üzvlərim sizsiniz" - deməyib. Dünyanın heç bir yerində xalqla iqtidar, dövlət başçısı ilə vətəndaşlar arasında belə möhkəm birlik, dəstək və məhəbbət yoxdur. Ona görə ki, bu birlik sözlə yox, əməllə, görülən işlərlə yaranıb və zamanın sınaqlarından keçib.

Əlbəttə ki, son 15 il ərzində Azərbaycanın əldə etdiyi uğurların əsasında bütün faktorlardan öncə, sabitlik və təhlükəsizlik amili durur. Aksiomadır ki, sabitlik və təhlükəsizlik olmayan yerdə, ümumiyyətlə, inkişafdan söhbət gedə bilməz. Bu mənada, Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş xalq-iqtidar birliyi bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənib. Məhz xalqın Prezident İlham Əliyevə və Onun qurduğu hökumətə olan etimadı, inamı və etibarı son 15 il ərzində Azərbaycanın tarixi əhəmiyyətli uğurlar əldə etməsinə əsas yaradıb.

Şübhəsiz ki, Azərbaycandakı yüksək ictimai-siyasi sabitliyin təməlində demokratik inkişafın mühüm göstəricisi olan insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə təminatını həyata keçirən faktorlar durur. Faktdır ki, Azərbaycanda hüquqi-demokratik dövlət quruculuğu hər zaman Prezident İlham Əliyevin siyasi prioritetini təşkil edib. Təsadüfi deyil ki, güclü sosial-iqtisadi sistem üzərində konsolidasiyalı demokratiyanın bərqərar edilməsi üçün 2006-cı il dekabrın 28-də Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının formalaşdırılmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə xidmət edirdi. Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyunun Azərbaycanda "İnsan hüquqları günü" elan edilməsini və bundan sonra da bu sahədə əhəmiyyətli strateji tədbirlərin görülməsini, 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixlərində keçirilmiş ümumxalq səsverməsi-referendumlar nəticəsində insan və vətəndaş hüquq və azadlıqları istiqamətində qanunvericilik bazasının zənginləşdirilməsinə xidmət edən və digər məsələləri aid etmək olar. 2011-ci il dekabrın 27-də Prezident İlham Əliyevin təsdiq etdiyi yeni proqram isə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsinə yönəldilmişdi.

Ölkənin demokratik tranzitində və vətəndaş cəmiyyətinin formalaşmasında müstəqil KİV-lərin rolu Prezident İlham Əliyevin rəhbərliyi dövründə daha da genişləndi. Bu mənada, müstəqil kütləvi informasiya vasitələrinin inkişafının dəstəklənməsi zərurəti nəzərə alınaraq, habelə, hadisələri və prosesləri qabaqlayaraq ictimai rəyin inteqratoru kimi çıxış edə biləcək keyfiyyətli jurnalistikanın formalaşmasına şərait yaradılması məqsədilə bir sıra addımlar da atıldı. Belə ki, 2008-ci ildə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi" Konsepsiyası təsdiq olundu, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu təsis edildi. Bu kimi digər tədbirlər də, onu deməyə əsas verir ki, Azərbaycanda demokratik institutlaşma prosesi dövlətin uzunmüddətli inkişaf strategiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq, güclü vətəndaş cəmiyyəti quruculuğu sahəsində üzərinə düşən vəzifələri uğurla icra edir. Bu da ölkədə siyasi sistemin güclənməsinə və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində inkişafına təsir edirdi.

Azərbaycanda milli demokratiyanın inkişafı və ictimai həyatın, xüsusən, QHT sektorunun nəzərəçarpacaq dərəcədə fəallaşması, internetin uğurlu yayımı gənclərin işlə təmin edilməsi, onların sosiallaşması, maraq dairələri üzrə ünsiyyət, sosiumda müxtəlif mövzularda ictimai diskussiyaların keyfiyyətinin artırılması sahələrində müsbət irəliləyişlər əldə edilməsi də siyasi islahatların bəhrələri idi. 2007-ci ilin iyul ayında Prezidentin Sərəncamı ilə qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edilməsi və QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması, məhz üçüncü sektorun dəstəklənməsində və ölkədə vətəndaş cəmiyyətinin inkişafında mühüm addım oldu. QHT sektorunun inkişafı ilə bağlı dövlətin mütərəqqi qərarlar verməsi ölkədə vətəndaş cəmiyyətinin inkişafına xeyli təkan verdi.

Azərbaycanda cəmiyyətində ictimai-siyasi sferanın inkişafına təsir edən siyasi reformaların sırasına "Sərbəst toplaşmaq azadlığı haqqında", "Siyasi partiyalar haqqında", "Dini etiqad azadlığı haqqında", "Qeyri-hökumət təşkilatları haqqında", "Kütləvi İnformasiya Vasitələri haqqında", "Qrant haqqında" qanunlara, "Seçki Məcəlləsi"nə əlavə və dəyişikliklərin edilməsi haqqında qanun layihələrinin qəbul edilməsi də daxildir. Sözügedən qanunlar Azərbaycan çoxpartiyalı sistemin inkişafına, şəffaf siyasi rəqabət mühitinin yaradılmasına, insanların fundamental hüquq və azadlıqlarının tam təmin edilməsinə əlverişli şərait yaratmış oldu.

Beləliklə, görünən odur ki, Azərbaycanda ictimai-siyasi sabitliyin, qanunçuluğun və vətəndaş birliyinin təmin olunması siyasi islahatların əsas hədəflərindən birinə çevrilib ki, məhz siyasi islahatlar aparılarkən milli təhlükəsizlik sisteminin mühüm tərkib hissələrindən biri olan ictimai-siyasi və sosial-etnik təhlükəsizlik təmin edildi. Siyasi islahatlar ölkədə səmərəli dövlət idarəçiliyi sistemini ıə dayanıqlı ictimai-siyasi sabitliyi yaradıb.

Məhz həyata keçirilən siyasi-hüquqi islahatlar nəticəsində, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin formalaşıb inkişaf etməsi üçün demokratik tələblərə cavab verən ölkə konstitusiyasına iki dəfə əlavə və dəyişikliklər edildi, xalqın öz iradəsini seçkili orqanlar vasitəsilə ifadə etməsi üçün demokratik standartlara uyğun hüquqi qanunvericilik sistemi tam formalaşdırıldı, vətəndaşların hüquq və azadlıqlarının, onların sosial, siyasi, dini, irqi mənsubiyyətindən asılı olmayaraq ictimai-siyasi proseslərdə iştirakı tam təmin edildi, çoxpartiyalı siyasi sistem yaradıldı, cəmiyyətin intellektual, siyasi resursları müstəqil dövlət quruculuğu prosesinə cəlb edildi, ölkə vətəndaşlarının ümummilli ideoloji dəyərlər və ictimai-siyasi məqsədlər ətrafında birləşməsi tam təmin olundu, demokratik siyasi mədəniyyətin formalaşdırılması və s. günümüzün reallığına çevrildi.

Azərbaycanın sosial-iqtisadi və siyasi-hüquqi inkişafı onun idarəçiliyinin də təkmilləşdirilməsini labüdləşdirirdi. Prezident İlham Əliyevin reallaşdırdığı siyasi islahatlar kursunun tərkib hissəsi olan idarəçiliyin təkmilləşdirilməsi prosesi çərçivəsində Azərbaycanda perspektiv inkişaf baxımından mühüm addımlar atıldı. Belə ki, 2016-cı ildə referendumla konstitusiyaya əlavə və dəyişikliklərin edilməsilə yeni idarəetmə modelinə keçid təmin edildi, ölkədə vitse-prezidentlik institutu yaradıldı, Nazirlər Kabinetinin fəaliyyətində struktur dəyişiklikləri edildi, Mərkəzi İcra Hakimiyyəti orqanlarının fəaliyyətinin düzgün və çevik koordinasiya edilməsi üçün əhəmiyyətli addımlar atıldı, səmərəli və çevik dövlət idarəçiliyi mexanizmi formalaşdırıldı, icra hakimiyyəti şaqulisi və icra intizamı möhkəmləndirildi, qanunvericilik hakimiyyətinin fəaliyyəti ilə bağlı yeni tələblər müəyyən edildi.

Bütün bunlarla yanaşı, bildirilməlidir ki, ərazilərimizin 20 faizinin işğal altında olmasına və müharibə şəraitinin davam etməsinə baxmayaraq, əmin-amanlıq, ictimai-siyasi sabitlik yüksək qiymətləndirilir, demokratik islahatlar güclü iqtisadi inkişafla müşayiət edilir. Deyilənlərin fonunda görürük ki, bu gün Azərbaycan Ordusu 50 ən güclü ordu sırasındadır və Azərbaycanın müdafiə xərcləri Ermənistanın dövlət büdcəsinə bərabərdir. Azərbaycan dünyanın 34 ölkəsi ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalayıb. Türkiyə, ABŞ, Almaniya, Böyük Britaniya, İtaliya, Pakistan, Çin, Rusiya, Ukrayna, Belarus, Moldova, Polşa, Rumıniya, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Estoniya, Gürcüstan, Özbəkistan, Tacikistan, İordaniya, Bəhreyn, Fransa, Çexiya, Sloveniya, Serbiya, Koreya Respublikası və s. ilə ikitərəfli əsasda hərbi əməkdaşlıq həyata keçirilir. Hədəf isə işğal altında olan torpaqların tamamilə azad olunmasıdır.

Sirr deyil ki, hər bir ölkənin uğurlu daxili siyasəti onun mükəmməl xarici siyasəti ilə də tandem təşkil edir. Məhz ötən 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə praqmatik xarici siyasət kursu da həyata keçirilib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış xarici siyasət strategiyasını bu gün Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Ermənistanı bütün mövqelər üzrə sıxışdırmağı bacarıb, BMT, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, NATO və başqa beynəlxalq təşkilatlar ərazi bütövlüyümüzü tanıyan sənəd qəbul edib, Ermənistanı bir daha işğalçı kimi təsdiqləyiblər, Xocalı soyqırımının dünyada tanıdılması məqsədilə başlanan "Xocalıya ədalət" aksiyası çərçivəsində Xocalı faciəsini soyqırımı kimi Pakistan və Sudan dövlət səviyyəsində, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya parlament səviyyəsində tanıyır. ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib, Azərbaycan dünyanın 155 ölkəsinin dəstəyini alaraq, BMT Təhlükəsizlik Şurasına sədrlik edib, Azərbaycan beynəlxalq münasibətlər sisteminə unikal töhfələr verən ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarını yaradıb, Azərbaycan Avropa Şurası, Avropa İttifaqı məkanında, o cümlədən, YUNESKO səviyyəsində nümayiş etdirdiyi üstün mövqe ilə ölkəmiz böyük Avropa evində xüsusi yer tutub, Çin, Cənubi Koreya, Yaponiya, Sinqapur, Malayziya kimi inkişaf etmiş Asiya ölkələri, həmçinin, Latın Amerikası və Afrika ölkələri ilə əməkdaşlıq əlaqələri genişləndirilib.

Xəzər-Qara dəniz-Aralıq dənizi hövzələrini birləşdirəcək TAP, TANAP, Cənub Qaz Dəhlizi artıq reallığa çevrilib, Qərblə Şərq arasında fasiləsiz nəqliyyat əlaqələrinin qurulması üçün Şimal-Cənub, Şərq-Qərb, eləcə də, Avrasiya geostrateji məkanının önəmli layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu ilə ən etibarlı nəqliyyat dəhlizi formalaşdırılıb, regionun ən böyük dəniz ticarəti limanı yaradılıb. Nəticə etibarilə Azərbaycan hazırda Şərq üçün də, Qərb üçün də cəlbedici və əhəmiyyətli ölkə olmaq statusu qazanıb.

Göründüyü kimi, son 15 il ərzində Azərbaycanda hüquqi- demokratik siyasi sistemin və vətəndaş cəmiyyətinin, mükəmməl siyasi idarəçiliyin formalaşması, təhlükəsizliyin və ictimai-siyasi sabitliyin təmin olunması, sosial-iqtisadi inkişafın təmin edilməsi, milli-mənəvi, multikultural və tolerantlıq dəyərləri əsasında ictimai həmrəyliyin yaradılması, xalqımızın vahid amal, ən əsası azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsi inkişaf tendensiyasının ayrılmaz tərkib hissəsi olub. Bu baxımdan Prezident İlham Əliyevin istənilən məsələyə yaradıcı münasibət bəsləməsi, yeni müstəvidən yanaşması, siyasi-ictimai və geosiyasi reallıqları, iqtisadi-hərbi prosesləri, ideoloji-etnik problemləri mövcud siyasi kursun işığında yenidən dəyərləndirməsi Onun yeni mərhələdə Azərbaycanın və cəmiyyətimizin müasirləşdirilməsinin baş memarı və novator dövlət xadimi kimi qüdrətli LİDER olmasını isbatlayır. Elə bu səbəbdəndir ki, xalq bütün məqamlarda LİDERİNİ dəstəkləyir, onun atdığı addımlara və verdiyi qərarlara inam və etibarını nümayiş etdirir...

Bəhruz Quliyev,

"Səs" Media Qrupunun rəhbəri,

fəlsəfə üzrə fəlsəfə doktoru