Bakıda dini mərasimlərlə bağlı məsələ müzakirə olunub YENİLƏNİB-FOTOLAR

15 Oktyabr 2018 19:42 (UTC+04:00)

Bu gün Bakıda “Dini mərasimlər: tarix, ənənə və hüquq” mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov, Prezident Administrasiyası Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadə, Azərbaycan İlahiyyat İnstitutunun prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov və digərləri iştirak edib.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın əhəmiyyətindən danışıb.

Komitə sədri bildirib ki, bəzən ali təhsilli, dünyagörüşlü insanlar bu mərasimlərin keçirilməsi zamanı israflığa yol verir: "Camaat nə deyər?!" prinsipi insanları səhv etməyə sövq edir. Bu isə düzgün deyil. Hər bir şəxs düşünməlidir ki, Allah nə deyir? Dinimiz nə buyurur?".

M.Qurbanlı qeyd edib ki, müasir insan dindən başqa məqsədlərlə istifadə etməyə cəhd edərsə, bu məsələyə dövlət müdaxilə edəcək: "Azərbaycanda bu kimi hallara rast gəlinmir. Lakin maarifləndirmə aparılmazsa, dünya ölkələrində baş verən bu kimi hallar bizə də yansıya bilər. Odur ki, maarifləndirmə gücləndirilməlidir ki, insanlar dini mərasimlər keçirərkən çərçivədən kənara çıxmasın".

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov bildirib ki, Azərbaycanda dini mərasimləri İslam dini, ənənələrlə yanaşı, qanunlarla da tənzimləmək zəruridir: “Mərasimlər elə qaydada olmalıdır ki, bir-birindən fərqlənməsin, uyğunluq təşkil etsin, israfçılığa yol verilməsin, hər kəs öz imkanına uyğun mərasim keçirə bilsin. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu iştiqamətdə iş aparır, çağırışlar edir. Artıq Naxçıvanda və bəzi rayonlarda dini mərasimlər sadələşdirilmiş formada keçirilir. Lakin hələ də bir çox rayonlarımızda israfçılığa yol verilir. Bu istiqamətdə iş aparılmalıdır. Cəmiyyəti inandırmalıyıq ki, mərasimlərdə israfçılığa yol vermək lazım deyil, dində də belə bir şey yoxdur. Elə etməliyik ki, insanlar mərasimdən sonra uzun müddət bunun əziyyətini çəkməsin, borc içində qalmasınlar. Azərbaycanda yas mərasimləri əvvəllər 40 gün keçirilirdi, lakin sonra zaman-zaman sadələşdirildi və hesab edirəm ki, bundan sonra da sadələşdirilməlidir”.

Məzarlıqlar haqqında danışan Siyavuş Novruzov bildirib ki, bununla bağlı sənəd təsdiq olunmalıdır: “Bu sənəd təsdiq edildikdən sonra maddi vəziyyətindən asılı olmayaraq hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək”.

Azərbaycan Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadə isə diqqətə çatdırıb ki, dini mərasimlər dini siyasiləşdirmək üçün alətə çevrilməməlidir: “Dini mərasimlər qrup halında, kütləvi şəkildə icra olunur. Dini mərasimlər kütlələr üzərində böyük psixoloji təsir qüvvəsinə malikdir. Dini mərasimlər zamanı insanların sosial statusu unudulur, hər təbəqədən insanlar bir-birinə yaxınlaşır. Çünki dini mərasimlər ictimai həyatın ayrılmaz tərkib hissəsini təşkil edir".

PA rəsmisi bildirib ki, dini mərasimlərin siyasi-hüquqi tərəfinə gəlincə, Azərbaycanda dövlət-din münasibətləri dünyəvi prinsiplər əsasında qurulub: "Dini mənsubiyyətindən asılı olmayaraq dini ayinlərin, mərasimlərin icrasında hər kəs üçün azad və bərabər şərait yaradılıb. Yəni ölkədə dini etiqad azadlığı tam təmin olunub. Amma bu o demək deyil ki, dini mərasimlərin keçirilməsi zamanı hüquqi qaydalara, ictimai normalara riayət olunmamalıdır. Ona görə də dini mərasimlər ictimai asayişi pozmadan icra olunmalıdır. Heç kəs dini mərasimləri yerinə yetirməyə və dini mərasimlərdə iştirak etməyə məcbur edilməməlidir".

A.Əlizadə əlavə edib ki, təəssüf ki, xarici dairələr tərəfindən idarə olunan və İslam adı altında hərəkət edən bəzi radikal qruplaşmalar dini mərasimləri siyasi şüarlar səsləndirmək vasitəsinə çeviriblər: “Dini mərasimləri yerinə yetirərkən ifrat hərəkətlərə, zarafata yol verilməməlidir. Lakin belə neqativ sosial təzahürlər, mənfi hallar inzibati yollarla deyil, daha çox müntəzəm maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə aradan qaldırılmalıdır".

Konfransda digər çıxış edənlər də mövzu ətrafında dəyərlərini fikirlərini bildiriblər.