Heydər Əliyev Sarayı zəngin repertuarla tamaşaçıların görüşünə gəlir

15 Oktyabr 2018 17:15 (UTC+04:00)

Heydər Əliyev Sarayı qarşıdakı günlərdə və aylarda zəngin proqramla tamaşaçıların görüşünə gələcək. Paytaxtımızın sakinləri və şəhərimizin qonaqları sarayın səhnəsində maraqlı, rəngarəng, möhtəşəm konsert və tədbirlərə tamaşa edəcəklər.

SİA-nın məlumatına görə, oktyabrın 16-da keçiriləcək “Şanson gecəsi” adlı konsert proqramında tanınmış şanson ifaçıları Cəlal Abbasov, Ceyhun Bakinski, Hava Dolev, Flora Eyvazova “Florensiya”, Şakir Mərdanov, Şamil Kərimov, Oleq Selin və Bayram Cəlilov iştirak edəcəklər.

Konsertdə tamaşaçılara yeni, maraqlı və fərqli proqram təqdim olunacaq. Respublikamızın Müstəqilliyi Günündə - oktyabrın 18-də “Musiqi dünyamız” adlı bayram konserti təşkil olunacaq. Musiqili gecədə Xalq artistləri Aftandil İsrafilov, Faiq Ağayev, Əməkdar artistlər Elza Seyidcahan, Sevil Sarıyeva, Səlim Abbasov (skripka), Nuriyyə Hüseynova, Rəşad İlyasov, Cavanşir Məmmədov, Firuzə İbadova, Əməkdar mədəniyyət işçisi Aşıq Əhliman və bir sıra tanınmış müğənnilər iştirak edəcəklər.

Rok-opera sevərlər oktyabrın 27-də “Səyyah Sindibad” tamaşasını seyr edəcəklər. Rok-operada dünya klassiklərinin şeirlərindən nümunələr, Azərbaycan, rus, ingilis, italyan, çex dilində mətnlər və eyni zamanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirləri də yer alıb. Əsərin müəllifi bəstəkar və müğənni, klassik vokal məktəbinin nümayəndəsi Rizvan Sədirxanovdur.

Heydər Əliyev Sarayının noyabr repertuarı da zəngindir. Noyabrın 15-də Xalq artisti Yalçın Rzazadənin yaradıcılığının 50 illiyinə həsr olunmuş musiqili gecədə Xalq artistləri Brilliant Dadaşova, Mübariz Tağıyev, Azər Zeynalov, Samir Cəfərov, Zülfiyyə Xanbabayeva, Nazpəri Dostəliyeva, Natavan Şeyxova, Gülyaz və Gülyanaq Məmmədovalar, Əməkdar artistlər Tünzalə Ağayeva, Lalə Məmmədova, Abbas Bağırov, Nüşabə Ələsgərli, Rəşad İlyasov, Röya, Mətanət İsgəndərli, Manana və bir sıra tanınmış müğənnilər iştirak edəcəklər.

Gecədə yubilyarın musiqisevərlər arasında sevilən və tanınan “Bakı, sabahın xeyir”, “Azərbaycan”, “Anam qocalır”, “Bu gecə”, “Durnalar”, “Gün keçdi”, “Həsrətindəyəm”, “Səni axtarıram” və digər mahnıları səsləndiriləcək.

Noyabrın 17-də Rusiyanın “Молчи и танцуй” teatrı və rəssam Yelena Vedernikovanın təqdimatında, dünya şöhrətli ingilis yazıçı Robert Luis Stivensonun əfsanəvi “Dəfinələr adası” romanı əsasında səhnələşdirilən eyniadlı tamaşa təqdim olunacaq. Müasir rəqsin və qum animasiyasının möhtəşəm sintezi, səmimiyyət və məhəbbətlə dolu rəqs hərəkətləri və rəssam əllərinin yaratdığı parlaq süjet tamaşaçılara bu nağıl hekayəni onların qəhrəmanları ilə birgə yaşamağa köməklik edəcək. Rusiyanın ən yaxşı rəqqaslarından olan Yevgeni Yasmakovun iştirakı ilə tamaşaçılara breakdance, hip-hop, akrobatika, funk və müasir rəqslər təqdim ediləcək.

Onu da qeyd edək ki, gələn il martın 16-da əfsanəvi yapon pianoçu Keiko Matsui "Solo. Best hits" solo konsert ilə bakılı musiqisevərlərin görüşünə gələcək.