Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd ediləcək

14 Oktyabr 2018 11:00 (UTC+04:00)
Sıralarında 1 milyondan çox veteranı birləşdirən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyəti Ulu öndər Heydər Əliyev prinsiplərinə əsaslanır. Təşkilatın fəaliyyəti azərbaycançılığı, onun əsas istiqaməti olan vətənpərvərlik tərbiyəsinin gənc nəsildə təbliğ edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, erməni faşizminin ifşası, eləcə də dünyada sülhün və əmin-amanlığın qorunub saxlanılmasına töhfələr verməkdən ibarətdir. Bu il Azərbaycanda Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 ili tamam olur. Təşkilat bu illər ərzində Azərbaycanın ictimai-siyasi həyatında aparıcı yer tutub, ölkədə veteran hərəkatının həyata keçirilməsinin mühüm rol oynayıb. Respublika Veteranlar Təşkilatından SİA-ya bildiriblər ki, oktyabrın 16-da təşkilatın yaradılmasının 30 illik yubileyi münasibətilə təntənəli tədbir təşkil ediləcək. Tədbirdə Dünya Veteranları Federasiyasının prezidenti Dan-Viggo Bergtun, Türkiyə və MDB veteran təşkilatlarının sədrləri, müavinləri və əməkdaşları, Azərbaycan ictimaiyyətinin və dövlət orqanlarının nümayəndələri, Milli Məclisin deputatları, rayon veteranlar təşkilatlarının təmsilçiləri, habelə ziyalılar, veteranlar və gənclər iştirak edəcəklər. Həmçinin oktyabrın 17-də Respublika Veteranlar Təşkilatı tərəfindən qurumun təsis olunmasının 30 illiyinə həsr olunan "Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağırışlar" mövzusunda beynəlxalq konfransın keçirilməsi, eləcə də tədbirə dəvət olunan qonaqların dövlət və ictimaiyyət nümayəndələri ilə görüşlərinin təşkili planlaşdırılır. Konfransın əsas məqsədi dünyada sülhün təmin edilməsinə töhfə verilməsi, xalqımızın tolerantlıq ənənələrinin tanıdılması, dünya ictimaiyyətinin diqqətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin, həmçinin erməni faşizminin iç üzünün çatdırılmasıdır. Eyni zamanda, İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin tarixi-mədəni irsinin yaşadılması məqsədi güdən, qlobal və regional təhlükəsizlik məsələlərinin müzakirə olunacağı beynəlxalq konfransda 17 ölkədən yüksək səviyyəli qonaqlar iştirak edəcəklər.