"Qəbul imtahanları ilə bağlı vahid strategiya müəyyənləşdirilməlidir"

12 Oktyabr 2018 17:08 (UTC+04:00)

“Azərbaycan müstəqillik qazandıqdan sonra Ulu Öndərin hakimiyyətə qayıtması nəticəsində ölkəmizin təhsil sistemində çox böyük işlər görülüb. Prezident İlham Əliyevin 15 illik fəaliyyəti dövründə də təhsil sahəsində mühüm addımlar atılıb, minlərlə yeni məktəblər tikilərək istifadəyə verilib. 150-dən çox modul tipli məktəblər tikilib. Bu sahədə görülən işlər təqdirəlayiqdir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Milli Məclisdə Azərbaycan vətəndaşlarının rus dilli bölmələrə meyllənməsi ilə bağlı fikirlərə münasibətini bildirən deputat söyləyib ki, buna səbəb post sovet məkanlarında rus dilində təhsil alanların övlad və nəvələrini bu istiqamətə yönətmələridir: “Sırf tələb təkliflə bağlı olaraq insanlarımız uşaqlarını rus dilli məktəblərə qoyur. Digər dillərdə də ödənişsiz dövlət hesabına məktəblərin açılmalıdır”.

S.Novruzov qeyd edib ki, bu gün ictimaiyyəti narahat edən əsas məsələ ali məktəblərə qəbul qaydalarının dəyişməsidir: “Bizim bu istiqamətdə sistemli proqramlarımız olmalıdır. Həm Dövlət İmtahan Mərkəzi, həm Təhsil Nazirliyi, həm Azərbaycan Milli Elmlər Akademiyası, həm də rektorlar dəvət olunaraq qəbul imtahanları ilə bağlı vahid strategiya müəyyənləşdirilməlidirlər. Düzdür, son dövrlər bu sahədə yüngülləşdirmə həyata keçirilib. Lakin imtahana 6 ay qalmış imtahanlarla bağlı dəyişiklik etmək düzgün deyil. Təsəvvür edin ki, abituriyentlər bəlli bir istiqamətdə ali məktəbə hazırlaşır. Lakin imtahana 6 ay qalmış bu qaydalar dəyişir. Yarım ilə hazırlaşıb ali məktəbə girmək olmur. Ali məktəbə daxil olmaq üçün ən azı 3 il hazırlıq lazımdır. Bu baxımdan məsələnin həlli ilə bağlı vahid forma tapmalıyıq ki, vətəndaşlarımız da bunu düzgün qiymətləndrirə bilsinlər”.