"Söz və məlumat azadlığının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindəndir"

12 Oktyabr 2018 13:49 (UTC+04:00)

"Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilib. Məhz bunun nəticəsidir ki, hazırda ölkədə 55 siyasi partiya, 3 mindən çox qeyri-hökumət təşkilatı (4 mindən çox qeyri-kommersiya təşkilatı), 5 mindən çox kütləvi informasiya vasitəsi, habelə sıralarında 2 milyona yaxın insanı birləşdirən həmkarlar ittifaqları sərbəst fəaliyyət göstərir". SİA xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, professor Əli Həsənovun “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” sərlövhəli məqaləsində əksini tapıb.

Məqalədə bildirilir ki, 2012-ci ildə “Siyasi partiyalar haqqında” Qanuna edilmiş əlavələrə görə, siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Siyasi partiyalar ölkədə azad, şəffaf və demokratik şəraitdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində fəal iştirak edir. Bu isə Azərbaycanda siyasi plüralizmin və çoxpartiyalı demokratik siyasi sistemin formalaşdığını göstərir. Ölkədə vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının müstəqilliyinin və maliyyə imkanlarının artırılmasına ciddi əhəmiyyət verilir. Azərbaycan Prezidentinin sərəncamları ilə 2007-ci ildə “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası” təsdiq edilib, bu sahədə ixtisaslaşmış qurum kimi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılıb. 2008-ci ildə fəaliyyətə başlayan Şura ictimai təşəbbüsləri dəstəkləyərək QHT-lərin minlərlə layihəsini maliyyələşdirib.

Əli Həsənov məqaləsində qeyd edir ki, Azərbaycanda söz və məlumat azadlığının təmin olunması, demokratik, plüralist mətbuatın formalaşması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyev keçən dövr ərzində KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çoxsaylı qərarlar qəbul edib, müvafiq fərman və sərəncamlar imzalayıb. Hazırda ölkədə KİV-lərin ümumi sayı 5 mini, Az.domenində qeydiyyata alınmış internet saytlarının sayı isə 20 mini ötüb. 10 milyona yaxın əhalinin 80 faizi internet, 3 milyona qədəri isə sosial şəbəkə istifadəçisidir. Azərbaycanda 11 ümumrespublika, 4 peyk, 13 regional, 17 kabel, 25 internet (İP) televiziyası, 16 radio fəaliyyət göstərir.