Terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cəzalar dəyişdirildi

12 Oktyabr 2018 13:25 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən plenar iclasında terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı mübarizənin əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutan layihə müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, Cinayət Məcəlləsinin 214-1 (Terrorçuluğu maliyyələşdirmə) maddəsinə dəyişiklik edilib.

Hazırda maddəyə əsasən, əldə olunma mənbəyindən asılı olmayaraq, pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə bu Məcəllənin 102 (Beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 214 (Terrorçuluq), 214-2 (Terrorçuluğa açıq çağırışlar), 214-3 (Terrorçuluq məqsədi ilə təlim keçmə), 215 (Adamları girov götürmə), 219 (Hava və ya su nəqliyyatı gəmisini, yaxud dəmir yolu qatarını qaçırma), 219-1 (Dəniz quldurluğu), 226 (Radioaktiv materiallarla qanunsuz davranma), 227 (Radioaktiv materialları talama və ya hədə-qorxu ilə tələb etmə), 277 (Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 280 (Silahlı qiyam), 282 (Təxribatvə) 283-1-ci (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma) maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin maliyyələşdirilməsi üçün, yaxud göstərilən cinayətlərin törədilməsi məqsədilə şəxsin və ya hə-min məqsədlə yaradılan qrupun (dəstənin, təşkilatın) təmin edilməsi üçün istifadə olunacağım bilərək pul vəsaitlərinin və ya digər əmlakın qəsdən toplanılması və ya verilməsinə görə əmlakı müsadirə olunmaqla 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dəyişikliklə maddənin dispozisiyasına 219-2-ci (Dənizdə yerləşən stasionar platformaların təhlükəsizliyinə təhdid yaradan əməllər) və 270-1-ci (Aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər) maddəsi əlavə olunur.

Bildirilib ki, layihə dənizdə yerləşən stasionar platformaların təhlükəsizliyinə və aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllərə, habelə radioaktiv materialları talamaqla və bu materiallardan istifadə edərək öldürməklə, sağlamlığa ağır zərər vurmaqla və ya əmlaka əhəmiyyətli zərər vurmaqla hədələməyə görə cinayət məsuliyyəti müəyyən etmək məqsədilə hazırlanıb.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.