Dağlıq Qarabağ qadınları Anna Hakopyanın İşğal olunmuş ərazilərimizə səfərini pisləyib

11 Oktyabr 2018 23:05 (UTC+04:00)

Oktyabrın 11-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın Mərkəzi Qərargahında Dağlıq Qarabağ qadınlarının Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Hakopyanın bir qrup qadınla işğal altındakı Dağlıq Qarabağ bölgəsinə səfəri və Anna Akopyanın irəli sürdüyü "Qadınlar Sülh Naminə" kampaniyasına münasibəti mövzusunda konfrans keçirilib və müraciət qəbul edilib.

İcmadan AZƏRTAC-a bildiriblər ki, konfransda əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Torpaqlarmızın bütövlüyü uğrunda həyatlarını itirmiş şəhidlərmizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov çıxış edərək tədbirin keçirilməsini zəruri edən səbəblərdən danışıb. Bildirib ki, Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın və bir qrup rusiyalı qadının Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağa səfəri ictimaiyyət tərəfindən qəti şəkildə pislənir. Çünki bu səfər heç bir halda sülhə xidmət etmir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Flora Qasımova da dəfələrlə bədnam qonşularımızın bu cür fitnəkarlıqlardan istifadə etdiyini bildirib. Qeyd edib ki, əgər Ermənistanın baş nazirinin həyat yoldaşı sülh çağırışında səmimidirsə, bunu əməldə təsdiq etməlidir. “Öz ata-baba yurdlarını ziyarətə gedən zaman həbs olunan Dilqəm Əsgərov və Şahbaz Quliyev bu gün Ermənistanda girovluqda saxlanırsa, Ermənistan hansı sülhdən danışa bilər”,-deyə deputat vurğulayıb.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı Anna Akopyanın sülh çağırışını təxribat adlandıraraq bildirib ki, dəfələrlə Azərbaycan Prezidenti İlham Əliyev regionda sabitliyin təmin edilməsi, sülhün bərqərar olması üçün Ermənistana qoşunlarını işğal olunmuş ərazilərimizdən çıxarmağı məsləhət görüb. Amma Ermənistan hələ də işğalçılıq siyasətini davam etdirir, beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmir.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İctimai Birliyinin idarə heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov da Anna Akopyanın bu addımını təxribat adlandırıb. Qeyd edib ki, tarixboyu ermənilər xaricdəki havadarlarının köməyi ilə xalqımıza qarşı təxribatlar törədiblər.

Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov erməni tərəfinin sülh çağırışı ilə bağlı səsləndirdiyi fikirlərin səmimi olmadığını deyib. Qeyd edib ki, hələ də bir milyondan çox insan Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkir. Əgər Ermənistan sülh istəyirsə, ilk növbədə, işğalçılıq siyasətindən əl çəkməli, öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdır.

Tədbirdə çıxış edən xanımlar Anna Akopyanın bu addımını Ermənistan ictimaiyyəti üçün hesablanmış piyar adlandırıblar. Sonda Dağlıq Qarabağ qadınlarının konfransının beynəlxalq təşkilatlara müraciəti oxunub.