Bu il 56 jurnalist öldürülüb STATİSTİKA

11 Oktyabr 2018 16:44 (UTC+04:00)

Bu il peşə vəzifəsini yerinə yetirərkən 56 jurnalist öldürülüb. SİA-nın xəbərinə görə, bu barədə “Sərhədsiz Reportyorlar" beynəlxalq təşkilatının illik hesabatında bildirilib.

Hesabata əsasən, 2017-ci ildə 55 jurnalist həlak olub. Həlak olanların əksəriyyətinin münaqişə zonalarının payına düşdüyü bildirilir: “Ölümlərin həyəcan verici sayı jurnalistlərin əlavə qorunmaya ehtiyacı olduğundan xəbər verir. “Sərhədsiz reportyorlar” təşkilatı BMT-yə bunun üçün xüsusi nümayəndənin ayrılması ilə bağlı çağırış edir. Təşəbbüsümüz dünya miqyasında bir sıra dövlətlər, 130 media, təşkilat və həmkarlar ittifaqları tərəfindən dəstəklənir".

Sənəddə qeyd olunur ki, jurnalistlərin ən çox həlak olduğu ölkə Əfqanıstandır ki, bu il orada 13 jurnalist peşə vəzifəsini yerinə yetirərkən ölüb. Əfqanıstandan sonra jurnalistlərin ən çox həlak olduğu ölkə Yəməndir ki, burada həlak olanların sayı 5-dir. Bu il Pakistan, Fələstin, Suriyada 2 jurnalist həlak olub. Hesabata əsasən son illər Suriyada jurnalist ölümü faktı əvvəlki illərlə müqayisədə azalıb. Suriya münaqişəsi dövründə 9 jurnalist peşə fəaliyyətini yerinə yetirərkən həlak olub.

İlin əvvəlindən indiyədək 29 media nümayəndəsi (52 faiz) döyüş bölgələrində həyatını itirib.