“Axtarışlar” jurnalının növbəti sayı işıq üzü görüb

11 Oktyabr 2018 16:02 (UTC+04:00)

“Axtarışlar” jurnalının növbəti sayında folklor, ədəbiyyat, dil, sənətşünaslıq və tarix sahələrində aparılan tədqiqatlar dərc olunub

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” jurnalının növbəti sayı işıq üzü görüb.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən məlumata görə, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin baş redaktorluğu ilə ildə 4 dəfə işıq üzü görən jurnalın növbəti sayında elm və təhsil müəssisələrində çalışan əməkdaşların folklor, ədəbiyyat, dil, sənətşünaslıq və tarix sahələrində apardıqları müxtəlif mövzulardakı tədqiqatları oxuculara təqdim olunub.

Elmi-ədəbi toplunun Biblioqrafiya bölməsində AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” və AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Runologiyanın öyrənilməsində yeni səhifə” adlı məqalələri yer alıb.

Jurnalda, həmçinin “Məişət nağıllarının tərbiyəvi əhəmiyyəti”, “Baba Nemətullah Naxçıvaninin təsəvvüf dünyasında yeri”, ““Kitabi-Dədə Qorqud” dastanları və Naxçıvan dialekt və şivələrindəki atalar sözü, zərbi-məsələlərin müqayisəli təhlili”, “Qədim Oğuz Türk Tanrı inancının Naxçıvan ərazisi toponimlərində izləri”, “Naxçıvan abidələri Azərbaycanın dövlətçilik tarixinin bir hissəsi kimi”, “Möminə xatın türbəsinin kitabələrində adları əks olunan şəxsiyyətlər” və digər elmi məqalələr dərc olunub.