Dünyada 120 milyon insan aclıqdan və doymamazlıqdan əziyyət çəkir HESABAT

11 Oktyabr 2018 15:59 (UTC+04:00)

“Dünyada 120 milyon insan aclıqdan və doymamazlıqdan əziyyət çəkir ki, Afrika ölkələri bu reytinqin çempionları hesab oluna bilər”. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərinə görə, bu rəqəmlər Beynəlxalq Qida siyasəti Tədqiqat İnstitutu tərəfindən nəşr olunan "Ümumi aclıq index” ilə bağlı illik hesabatda öz əksini tapıb.

Hesabata görə, iki il əvvəl 80 milyon insan aclıqdan əziyyət çəkirdisə, bu il bu rəqəm 124 milyona çatıb. Eyni zamanda, bu il aclıq və ya qidalanma problemi ilə üzləşən məcburi köçkünlərin sayı təxminən 70 milyona çatıb. Çad, Haiti, Madaqaskar, Sierra Leone, Yəmən və Zambiya daxil olmaqla Afrikanın 6 ölkəsində bu problem ciddi təhlükə səviyyəsinə qalxıb.

Aclıqla bağlı ən kritik vəziyyət Mərkəzi Afrika ölkələrində qeydə alınıb. Şimali Koreyada da aclıqla bağlı vəziyyət pisləşib. Belə ki, reytinqdə 27 yerdə olan Şimali Koreya 11 yerdə qərarlaşıb. Rusiya bu siyahıda 98-ci yerdədir.

Hesabata əsasən, bu il bir çox ölkələr tərəfindən aclığın aradan qaldırılması istiqamətində keçirilən layihələr əsasında ciddi irəliləyişlər əldə edilib. Lakin bu problemin 2030-cu ilə qədər tam həll ediləcəyi şübhə altındadır.

BMT dünya ictimaiyyətinə müraciət edərək xəbərdarlıq edib ki, kollektiv və koordinasiyalı tədbirlərin görülməməsi aclıq və xəstəlikdən ölüm hallarının artmasına, bölgələrdə qeyri-sabit vəziyyətin yaranmasına, eləcə də miqrasiya dalğasına səbəb ola bilər.