"Nazirlik yaşıllıqlara göstərilən biganə münasibəti təkidlə pisləyir" AÇIQLAMA

11 Oktyabr 2018 15:15 (UTC+04:00)

"Ölkə ərazisində yaşıllıqların mühafizəsi və qorunması olduqca vacib və prioritet məsələ kimi daim gündəlikdədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bununla bağlı sərt tədbirlər görülür, lakin ağac kəsintisinin tam aradan qaldırılması üçün hər kəsin bu işdə bizə yardımçı və dəstək olmasını gözləyirik". SİA-nın verdiyi məlumata görə, bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, Nazirlik tərəfindən görülən tədbirlərlə yanaşı, təbiətə, yaşıllığa ziyan vuranların cəmiyyət tərəfindən də qınaq obyektinə çevrilməsi, tənbeh olunması davam etdirilməlidir: "Çünki çox vaxt ictimai tənbeh inzibati tədbirlərdən daha təsirli olur. Nazirlik ağacların kəsilməsini, yaşıllıqlara göstərilən biganə münasibəti təkidlə pisləyir və təbiətə ziyan vuranlara qarşı bundan sonra da qəti və barışmaz mövqe nümayiş etdirəcək.
Bu gün deyə bilərik ki, görülən tədbirlərin müəyyən nəticəsi var. Aparılan statistika və müşahidələr göstərir ki, son aylarda Respublika ərazisində ağac kəsintisi faktları xeyli azalıb. Bu tendensiya, həm meşə sahələrində, həm də yaşıllıq massivlərində müşahidə olunur. Ağac kəsintisi hallarının azalması Nazirliyin sərt və qətiyyətli mövqe nümayiş etdirməsi ilə bərabər, eyni zamanda vətəndaşların, ictimaiyyət nümayəndələrinin və media orqanlarının da fəallığı ilə əlaqədardır".