Narkomaniyaya qarşı maarifləndirici tədbirlər keçirilir

11 Oktyabr 2018 10:50 (UTC+04:00)

Paytaxt məktəblərində narkomaniya və digər zərərli vərdişlərlə mübarizəyə həsr olunan maarifləndirici tədbirlər keçirilir. Bu barədə SİA-ya Təhsil İdarəsindən məlumat verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində "Narkomaniyaya qarşı mübarizə və zərərli vərdişlərdən qorunma yolları”, “Zərərli vərdişlərə yox deyək!”, “Narkomaniya əsrin bəlasıdır”, “Narkotiklərə yox!” və bu kimi digər mövzularda maarifləndirici tədbir, “Dəyirmi masa”, konfrans, seminar, mühazirə, müsabiqə və sərgilər təşkil olunur.

Tədbirlərdə BŞTİ-nin nümayəndələri, rayon polis idarələrinin əməkdaşları, şagirdlər, müəllimlər və valideynlər iştirak edirlər.

Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək və məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.

Maarifləndirici tədbirlərdə gənclərə zərərli vərdişdən uzaq olmaq və həmin sosial bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr verilir. Məktəblilər belə vərdişlərdən uzaq durmaq, savadlı, vətənpərvər olmaq, sağlamlıqlarını qorumaq barədə maarifləndirilir.

Tədbirlərdə çıxış edənlər narkomaniyanın cəmiyyətə və ümumilikdə, bəşəriyyətə çox böyük ziyan vurması və mümkün olan bütün vasitələrdən istifadə edərək, onun qarşısının alınması barədə geniş məlumatlar verirlər.

Həmçinin, müvafiq məsələlərə dair fikir və təkliflər irəli sürülür, şagirdləri maraqlandıran suallar cavablandırılır.

Tədbirlərdə narkomaniya və digər zərərli vərdişlərin fəsadlarına dair ədəbi-bədii kompozisiyalar təqdim edilir, sənədli filmlər və videoçarxlar nümayiş olunur.