Almaniyada Qara Qarayevin 100 illik yubileyləri münasibətilə tədbir keçirilib FOTOLAR

11 Oktyabr 2018 09:48 (UTC+04:00)

Almaniyanın Frankfurt-Mayn şəhərində Frankfurt Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb. Azərbaycanın ənənəvi olaraq təmsil olunduğu beynəlxalq tədbirdə Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə Nazirliyin və bir sıra yerli nəşriyyatların əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edir.
Ölkəmizin stendində Azərbaycanın dövlətçiliyi, tarixi, mədəniyyəti ilə bağlı 490 adda 700-ə yaxın nəşr məhsulları alman, ingilis və Azərbaycan dillərində ziyarətçilərə təqdim olunur.
Sərginin açılış günündə Azərbaycanın Mədəniyyət Nazirliyi, Azərbaycanın Almaniyadakı Səfirliyi, Avropa Mədəniyyətlərarası Əməkdaşlıq Forumu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir çərçivəsində Qara Qarayevin 100 illiyi münasibətilə çap olunan “Qara Qarayev. Seçilmiş fortepiano əsərləri” və “Qara Qarayev. Həyat və yaradıcılığı haqqında qısa oçerk” kitabları qonaqlara təqdim olunub.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin əhəmiyyətindən danışıb, bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının imzalandığını, və cari il ərzində ölkənin daxilində və xaricində çoxsaylı tədbirlərin keçirilməkdə davam etdiyini bildirib. Həmçinin, Qara Qarayevin 100 illiyi münasibətilə Avropa Mədəniyyətlərarası Əməkdaşlıq Forumunun təşəbbüsü və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Almaniyada çap olunan “Qara Qarayev. Seçilmiş fortepiano əsərləri” adlı kitab və həmçinin Azərbaycan Milli Kitabxanasının Azərbaycan, ingilis və rus dillərində hazırladığı “Qara Qarayev. Həyat və yaradıcılığı haqqında qısa oçerk” kitabının dahi Azərbaycan bəstəkarı Qara Qarayev irsinin bir daha öyrənilməsi və dünyada təbliği işinə öz qiymətli töhfəsini verəcəyinə ümidvar olduğunu qeyd edib.
Sonra Azərbaycanın Almaniyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Ramin Həsənov çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Qara Qarayevin 100 illiyi ilə bağlı keçirilən bu kimi tədbirlərin əhəmiyyətindən bəhs edib.
“Avropa Əməkdaşlıq Forumu”nun sədri Samirə Patzer-İsmayılova Mədəniyyət Nazirliyinin dəstəyi ilə çap olunan "Qara Qarayev.Seçilmiş fortepiano əsərləri" kitabının ərsəyə gəlməsindən danışıb, Azərbaycan mədəni irsinin Avropa ölkələrində təbliğində kitabın nəşrinin önəmli addım olduğunu qeyd edib.
Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Haluk Dursun, akademik, tarixçi İlber Ortaylı, Azərbaycanın Almaniyanın Baden - Vüttenberq əyalətindeki Fəxri Konsulu Otto Hauser, "Bellmann" musiqi nəşriyyatının rəhbəri Michael Bellmannın qatıldığı tədbirin sonunda Türkiyə mədəniyyət və turizm nazirinin müavini Haluk Dursun Azərbaycanın mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevə hədiyyə nəşrləri təqdim edib.