Valideyn, yoxsa məktəb məsuliyyətsizliyi? ARAŞDIRMA

8 Oktyabr 2018 16:29 (UTC+04:00)

Cəmiyyətdə mübarizə apardığımız hadisələr artıq məktəblərə də sirayət edib desək yanılmarıq. Başqa ölkələrin məktəblərində baş verən zorlama, narkotik, tütündən istifadə kimi hallarla bağlı son dövrlərdə kifayət qədər xəbərlərin, videoların yayıldığının şahidiyik. Məktəblərdə şagirdlərin bir-birinə təcavüz etməsi barədə xəbərlər hər birimizdə narahatlıqla yanaşı, narazılıq da yaradır. Hətta bir müddət bundan öncə məktəblərdə narkotik tabletlərin paylanıldığı da gündəmdə gəlmişdi. Azərbaycanda Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Bakı şəhər üzrə Təhsil İdarəsi, eləcə də digər qurumlar tərəfindən məktəblərdə bir sıra istiqamətlər maarifləndirmə işləri aparılır, məsləhət və tövsiyələr verilir. Belə olan halda, nəyə görə, bu cür halları azalmaq əvəzində getdikcə artır? Məktəblərdə baş verənlərin qarşısını necə ala bilərikmi?

“Şagirdlərin pis vərdişləri bəşəriyyət üçün böyük problemlərə gətirib çıxara bilər”

Təhsil üzrə ekspert Şahlar Əsgərov qeyd edib ki, məktəb cəmiyyətin bir hissəsi olduğu üçün cəmiyyətdə baş verənlərin ora təsirsiz ötüşməsi mümkünsüzdür: “Biz ən yaxşısı onlar arasında əlaqələri axtarıb tapmalıyıq. Çünki, məktəb də, ailə də, cəmiyyətdə tərbiyəçi roluna malikdir. Ümumiyyətlə, şagirdlərin pis vərdişləri gələcəkdə bəşəriyyət üçün böyük problemlərə gətirib çıxara bilər. Azərbaycan da bəşəriyyətin bir parçası olduğu üçün problemin qarşısını almaq üçün tədbirlər görülməlidir. Problemə qarşı mübarizə üçün orta məktəblərdə proqram çərçivəsində dərslər keçirilməlidir. İlk növbədə narkotiklə mübarizə aparanda onun son nəticəsinin - insanlara necə təsir etməsini göstərmək lazımdır. Bunu ya film, ya bədii əsər, ya da videoçarx şəklində şagirdlərə təqdim etmək olar. Elə bilirəm ki, problemi nəticəsindən başlayıb göstərmək lazımdır. "Hara aparır?" sualı çətindir. Yalnız problem hara aparandan sonra nələr baş verir - burdan başlayıb cəmiyyətin bütün yaradıcı üzvlərini, yazıçıları, televiziya işçilərini bu işə yönəltmək lazımdır”.

“Şagirdlərin yanlış hərəkətinə görə məsuliyyəti ilk növbədə valideynlər daşıyır”

Təhsil üzrə ekspert Etibar Əliyev söyləyib ki, uşaqların yanlış hərəkətinə görə, məsuliyyəti ilk növbədə valideynlər daşıyırsa, ikinci növbədə bu məsuliyyət məktəblərin üzərinə düşür: “ Məktəbin mühüm funksiyalarından biri tərbiyədir. Əvvəllər məktəbdə müəllimlər, məktəb rəhbərliyi tərbiyəni heç zaman dərsdən ayırmayıblar. Tərbiyə və təhsil bir-biri ilə sıx şəkildə bağlı olub. Ailə ilə məktəb güclü olsa şagirdlərdə neqativ hallara qarşı immunitet yarana bilər ki, bu da uşaqların pis davranış və vərdişlərə meyllənmənin qarşısını ala bilər”.

“Müəllimlər tərbiyə işini həyata keçirmirlər”

Onun sözlərinə görə, məktəblərdə baş verənlərlə bağlı cəmiyyətin də üzərinə pay düşür: “Amma bütün hallarda bu gün bəzi müəllimlər tərbiyə işini həyata keçirmirlər. Onlar həm məktəbdə, həm məktəb ərazisində, həm də küçədə uşaqlara nəzarət etməlidirlər. Əvvəllər hər hansı uşağın əlində tütün məmulatı və ya nalayiq hərəkət görəndə bununla bağlı valideyn, eləcə də məktəb pedaqoji şurasının iclasları keçirilərdi. İndi belə halların sayı sanki azalıb”.

“Məktəblərdə neqativ halların sayı çoxala bilər”

Orta məktəb sahəsində ciddi islahatların keçirildiyini deyən E. Əliyev söyləyib ki, müəllimlərin peşəkarlığına xüsusi önəm verilir: “ Bunlarla yanaşı tərbiyə faktoruna da önəm verilməlidir. Müəllim peşəsinin əsas çətinliklərindən biri dərs keçməklə yanaşı onun tərbiyə verməsidir. Əgər təkcə dərs vermək olsa idi, müəllim peşəsi ən sadə peşə sayılardı. Təsadüfi deyil ki, İmmanuil Kant iki böyük sənəti ən çətini adlandırıb ki, onlardan biri idarəetmə və tərbiyə etmə sənətidir. Ona görə də məktəblər tərbiyə faktorunu kənara atmamalıdırlar. Əks halda, məktəblərdə bu cür neqativ halların sayı çoxala bilər”.

“Ciddi maarifləndirici tədbirlər həyata keçirilməlidir”

Ekspert söyləyib ki, məktəblilərin zərərli vərdişlərə aludəçiliyinin qarşısının alınması üçün təhsil ocaqlarında fəaliyyət göstərən həkimlər mütəmadi olaraq şagirdləri müayinə etməlidirlər: “ Nədənsə yalnız neqativ hal aşkar edildikdə hər hansı ölçü götürülməyə başlanır. Uşaqların zərərli vərdişlərdən yayınması üçün profilaktik işlər görülməli, çox ciddi maarifləndirici tədbirlər həyata keçirilməlidir. Məktəblərdə fəaliyyət göstərən psixoloqlar uşaqlarla mütəmadi olaraq çalışmalı, onlara təsir edən faktorların qarşısını almağa çalışmalıdırlar. Bu istiqamətdə işlər gücləndirilməlidir ”.

Bəs psixoloqlar nə deyir?

Bakı şəhəri üzrə Təhsil İdarəsi nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinin psixoloqu, metodisti Səidə Əhmədova bildirib ki, hazırkı dövrün uşaqları əvvəlkilərlə hər tərəfli şəkildə fərqlənir: “Əgər əvvəllər uşaqlar yalnız ev və dərslə kifayətlənirdilərsə, hazırda uşaqlar sosial şəbəkələrə, internetə çox açıqdırlar. Gün ərzində uşaqlar saatlarla kompüter arxasında oturur, internetdən istifadə edirlər. Ən pisi odur ki, insan daha çox ona qadağa qoyulana meyl edir. Belə olan halda, uşaqlar pis vərdişlərə meyllənir və neqativ hərəkətlərə yol verirlər. Məhz bunların nəticəsidir ki, son dövrlərdə məktəblərdə şagirdlərlə bağlı neqativ halların sayı da artıb”.

“Məktəblərdə neqativ halların qarşısını alınmasın psixoloqun rolu böyükdür”

Psixoloqun sözlərinə görə, məktəblərdə neqativ halların qarşısını alınmasın psixoloqun rolu böyükdür: “Düzdür sinif rəhbərləri məktəblərdə uşaqların yanında olub, onların vəziyyəti ilə yaxından maraqlanırlar. Amma müəllimlər onlarla neçə işləməyin lazım bilə bilməzlər. Psixoloqlar problemli uşaqlara yanaşma tərzinə müəllimlərdən daha yaxşı bilirlər. Psixoloqların işi məktəblərdən deyil, məktəbəqədər hazırlıqdan başlamalıdır. Psixoloqlar təkcə uşaqlarla deyil, eyni zamanda müəllim və valideynlərlə də çalışmalıdır ”.

S. Əhmədova qeyd edib ki, məktəblərdə risk qrupuna adi və çətin tərbiyə olunan uşaqlarla diaqnostik, inkişaf etdirici iş və ümumiyyətlə 5 istiqamətdə işlər aparılmalıdır: “Bura psixoprofilaktika, psixokonsultasiya, psixokorreksiya, psixoloji maarifləndirmə və psixodiaqnostika daxildir. Psixoloqlar məktəblərdə neqativ hallarının qarşısının alınması istiqamətində həm də müəllimlərlə master-klasslar keçməlidir”.

“Psixoloqlar şagirdlərin şəxsi inkişafında yaranan qüsurların aradan qaldırılmasında yardım etməlidir”

Ümumrusiya Professional Psixoterapiya Liqasının Həqiqi üzvü psixoloq Səbinə Bayramova deyib ki, məktəblərdə psixoloqlar şagirdlərin təlim tərbiyəsində yaranan çətinliklərlə yanaşı, onların şəxsi inkişafında yaranan qüsurların aradan qaldırılmasında, sağlam şəxsiyyət kimi formalaşmasında pedaqoji kollektivə yardım etməlidir: “Psixoloqun məktəblərdəki fəaliyyəti bir neçə vəzifə və hissəyə bölünür. Belə ki, onlar ilk növbədə psixoprofilaktika işləri həyata keçirməli, bunlarla yanaşı, valideynlərlə birlikdə çalışmalıdırlar. Məktəb psixoloqları şagirdlərin bütün yaş dövrləri müddətində onların yanında olmalı, yetkinlik yaşına çatan uşaqlarla fəaliyyətdə daha ehtiyatlı davranmalı, bu yaş dövründə üzə çıxan nöqsanların araşdırılıb üzə çıxmasına və qarşısının alınmasına yardım etməlidir”.

“Məktəb psixoloqlarının sayının artırılması neqativ hallara qarşı mübarizədə müsbət rol oynaya bilər”

Psixoloq söyləyib ki, məktəbdə hər bir şagirdə probleminə uyğun olaraq fərdi yanaşılmalıdır: “Məktəb psixoloqları hətta müəllimlərə bu cür uşaqlara yanaşma ilə bağlı məsləhətlər verməlidir. Bu fəaliyyətlə yanaşı psixoloq həm də ailələrlə işləməlidir. Ümumilikdə məktəb psixoloqlarının fəaliyyəti qənaətbəxş hesab oluna bilər. Amma bir psixoloq məktəblərə yetərli deyil. Çünki, 1 nəfər kifayət qədər yardım göstərə bilməz. Məktəblərdə hər yaş kateqoriyası üzrə psixoloqlar fəaliyyət göstərməlidir. Məktəblərdə psixoloq sayının artırılması, məktəblərdə neqativ hallara qarşı aparılan mübarizədə müsbət nəticəyə səbəb ola bilər”.