Hepatit virusunun müayinəsi və müalicəsi ilə məşğul olan həkim hepatoloq Nuranə Quliyeva isə Medicina.az-a hepatitli xəstələrin əksəriyyətinin elə stomatoloqlar olduğunu birdirib: "Hepatit B və C virusları quru qan ləkəsində 1 həftə yaşaya bilir. Yəni "alətdə təzə qan yoxdur, təhlükə də yoxdur” düşünmək səhvdir. Alətdə cüzi qalmış quru qan ləkəsi 1 həftə ərzində istənilən pasiyenti yoluxdura bilər. Nəinki pasiyent, çox stomatoloqlar var ki, özləri hepatit B, C xəstəsidir. Hətta bir pasiyentimiz stomatoloqa demişdi ki, mən burda Hepatitə yoluxdum, həkim demişdi ki, nə olsun, özüm də Hepatitəm. Sanki bununla barışırlar. Yəni kütləvi hal alıb, hamıda var, gizlədirlər, bununla da yaşayırlar.
Stomatoloji manipulyasiyada birbaşa diş toxumasına təmas edən alətlər Hepatit virusunun faktiki yoluxdurucusudur. Stomatoloqların qeyd etdiyi kimi, virus 1-2 saata itib gedir, təzə qanda olur, ya 100 dərəcədə ölür- bunlar yanlış fikirlərdir. Alətləri yumaq, spirtlə silmək, adi dezinfeksiya ilə sterilləşdirmək mümkün deyil. Bu, özünü və xəstəni aldatmaqdır. Stomatoloji alətlər Livitol adlı xüsusi məhlulda 20 dəqiqə qalmalıdır, daha sonra avtoklabda uyğun temperaturda sterilizə edilməlidir”.
Ucuz aparatlar – Ölümü cana yeridir...
Mütəxəssis bildirib ki, Hepatit virusunu məhv edən məhlul hər klinikada olmalıdır: "Bu məhlulu və avtoklabı almaq fərdi stomatoloqun və kiçik kabinetlərin maddi imkanı xaricindədir. Yəni bunlar çox bahalıdır. Yalnız böyük klinikalarda ola bilər.
Adicə ağız suyu qurudan hava vurucu boruların ucuz variantında tüpürcək gedib boruda ilişib qalır. O borunu dezinfeksiya etmək mümkün deyil. Ona görə digər pasiyentin ağız boşluğuna vurduqda o boruda qalan əvvəlki pasiyentin ağız suyu geri qayıdır. Tüpürcəklə keçən xəstəliklər də belə yoluxur. O borunun daha müasir variantı alınmalıdır, o da bahadır. Həmçinin ucluqların yaxşısı bahalıdır. Ona görə yüksək qiymətə xidmət təklif edən klinika və stomatoloqlarda çox güman ki, bahalı avadanlıqdır.
Hazırda Hepatit xəstələrinin 80%-i diş müalicələrindən sonra yoluxduğundan şübhələnir. Çünki hər adam əməliyyat olmur, qan köçürmür, amma çoxu diş həkiminə gedir. Stomatoloqda yoluxduğunu sonradan heç kimə, hətta şübhələnsən də stomatoloqa sübut etmək olmur.
Bəs pasiyent nə etməlidir:
- Ən sadə yol Hepatit B-dən qorunmaq üçün peyvənd olunmaqdır. Bütün sivil ölkələrdə bu peyvənd olunur, indi yeni doğulmuş körpəyə də 24 saat ərzində vurulur. Hazırda Hepatit B-nin müalicəsi üçün dərmanların kəşf olunmasına önəm verilmir. Çünki peyvəndi var. Hepatit B daha tez, sürətlə yoluxur və müalicəsi çətindir. Hepatit C-nin isə peyvəndi yoxdur, ona görə bu virusun müalicəsi ilə bağlı işlər gedir, dərmanlar çoxdur, müalicəsi də var.
- Vətəndaş diş müalicəsindən və implantdan öncə hepatit və QİÇS analizlərini verib, həm özü arxayın ola bilər, həm də həkimə təqdim edə bilər ki, bu prosedurdan, əməliyyatdan öncə mən sağlam idim. Daha da arxayın olmaq üçün öncədən Hepatit B peyvəndi olunsunlar.
- İkinci yol müasir, avtoklabı olan və dünya standartlarına uyğun klinikalara müraciət etməkdir. Orda diş müalicəsi bir az bahadır, hər insanın maddi durumuna uyğun olmaya bilər. Ona görə kiçik, xırda, məhəllə arası stomatoloji kabinetlərdə yoluxma halları daha çox olur.
- Pasiyentin tam hüququ var ki, alətlərin sterilizasiyası ilə maraqlansın. Həkimdən Hepatit əleyhinə məhlulu və avtoklabı göstərməsini tələb edə bilər. Alətlərin son sterilizasiya vaxtını göstərən qeydə baxa bilər. Yəni gəldim, kresloda oturum, ancaq dişlə maraqlanım, olmaz.
Əslində, Türkiyədə belə qayda var: stomatoloq hər bir xəstəyə hepatitli, QİÇS-li xəstə kimi davranmalıdır. Arayışla, analizlə iş bitmir. Biri analiz göstərəcək, ya deyəcək, digər pasiyent deməyəcək, gizlədəcək. Deməli, o faktiki təhlükədir. Stomatoloq ideal sterilizasiya şərtlərinə əməl etməlidir.
Azərbaycanda hər hansı stomatoloji manipulyasiya üçün analizlərə heç kimi məcbur etmək olmur: analizlər pulsuz olmadığına görə hər xəstənin imkanı çatmır, üstəlik QİÇS xəstəsinin anonimliyi qorunur. Həkimin soruşmağının da önəmi yoxdur, çünki xəstə aldada bilər. Ona görə həkim üçün hər pasiyent potensial yoluxucu kimi qəbul olunmalıdır.
Hazırda Azərbaycan 8%-lik virus göstəricisi ilə yüksək endemik zona sayılır. Düşünürəm ki, artıq müəyyən qanunlarla yoluxmanın qarşısını almaq lazımdır. İnkişaf etmiş ölkələrdəki səviyyəyə çatmalıyıq. Diş müalicələrindən öncə pasiyentin analiz verməsini könüllü yox, məcburi tələb halına salmaq olar. Əgər stomatoloji kabinetlərdə yoluxmanın qarşısı alınsa, bu kifayət qədər azalma deməkdir. Daha bir təhlükə ondadır ki, ailədə ər stomatoloqda virusa yoluxubsa, evdə həyat yoldaşını cinsi yolla Hepatitə yoluxduracaq. Ona görə evlənmədən öncə bu virusları yoxladıb, peyvənd olunmaq mütləqdir. Hazırda Azərbaycanda yüksək səviyyədə Hepatit B vaksinasiyası aparılır, qiyməti də münasibdir. Vaksindən sonra ömürlük antitel qazanılır.
Stomatoloji prosedurdan sonra virusa yoluxub-yoluxmadığınızı 6 aydan sonra təyin edə bilərsiniz. Virus özünü 3 aydan sonra biruzə verməyə başlayır”.
Qeyd edək ki, həkimlərdən QİÇS İİV-lə bağlı da münasibət öyrənməyə çalışsaq da, onlar Azərbaycanda QİÇS-lə bağlı bütün məsələlərin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin nəzarətində olduğunu bildirdilər.
Mərkəzin saytında İİV-ə yoluxma yolları və konkret olaraq İİV infeksiyalardan universal təhlükəsizlik tədbirləri sadalanıb. Deməli, Azərbaycanda konkret olaraq stomatoloji müalicə zamanı İİVdən profilaktika nizamnaməsi var.
Yoluxma üçün İİV orqanizmdə 4 mayedə - qan, sperma, vaginal maye və ana südündə olur.
Virus ətraf mühitə qarşı davamsızdır. Tüpürcək, tər, sidiklə yoluxmur.
Qanla ötürülən infeksiyaları bütün pasiyentlərdə aşkarlamaq mümkün olmadığı üçün tibbi işçiləri qarşısında bu prinsiplər qoyulur:
-Bütün pasiyentlərə potensial yoluxmuş kimi yanaşmaq, yəni fərqi yoxdur qarşında xəstə, sağlam adamdır, eyni yanaşmaq. Ona görə bütün pasiyentlərin qan və bioloji mayeləri ilə işləmə zamanı təhlükəsizlik tədbirlərinə ciddi əməl olunmalıdır.
-İstifadə olunmuş çirklənmiş bütün alət, ləvazimat, camaşırlar düzgün zərərsizləşdirilməli, dezinfeksiya olunmalıdır.
-Təkrar istifadə olunan alətlərin steril olunması sənədlə təsdiq olunmalıdır. Sənəddə stelizasiya vaxtı, temperatur və buxarın təzyiqi qeyd olunmalıdır.
-Stomatoloji alət və cihazlar: cərrahi alətlər, diş daşlarını təmizləyən ucluqlar, neştərlər, cərrahiburğular, güzgülər, plomblar üçün ştopferlər, qaşıqlar, burğu maşının ucluqları termik üsulla sterilizə olunmalıdır.
-Yüksək temperatura dözməyən alətlər güclü maddələrlə zərərsizləşdirilməlidir.
-Xəstənin ağız boşluğuna daxil edilən və aspirator ilə birləşdirilərn qurğular, su-hava tapançaları manipulyasiyadan sonra 30 saniyə ərzində işlək vəziyyətdə saxlanmalıdır ki, alətdə qalan bioloji material xaric olunsun.
-Stomatoloq və həkimin özünün sağlam olması şərtdir. Onlar vaxtaşırı Hepatit, İİV, vərəm müayinələrindən keçib, işlədiyi yerdə müvafiq sağlamlıq haqda sənədləri saxlamalıdır. Pasiyent həkimin sağlam olmadını dəqiqləşdirmək üçün bu informasiyanı tələb edə bilər.
İİV virusu qapalı otaqda, iynədə, qanda, cihazda bir neçə sutka yaşaya bilir. 56 dərəcə temperaturda yalnız 30-35 dəqiqədən sonra ölür.
İdeal təmizlik odur ki, müalicə aparılan otaq hər pasiyentdən sonra təmizlənib, sanitar işlənsin. Xəstənin uzandığı kreslo dezinfeksiya olunmalıdır.
Ağız suyu tüpürülən qab təmiz olmalıdır. Ordan vərəm çöpləri keçə bilər. Həkimin əlcəyi, maskası, önlüyü birdəfəlik olmalı, hər pasiyentdən sonra təzələnməlidir.
Hazırda Avropa ölkələri və Rusiyada ekpress testlərdən istifadə olunur. Həkim pasiyentin xəstə olmasına şübhələndikdə OraQuick HCZV adlı testlə xəstənin ağız, damaq suyundan istifadə etməklə onda Hepatit və ya İİV olmasını dəqiqləşdirə bilər. Lakin bu test bir qədər bahalıdır: 25-35 manat arası dəyişir və hər klinikada yoxdur.