Ailə həkimi institutu nəyə xidmət göstərəcək? ARAŞDIRMA

2 Oktyabr 2018 15:52 (UTC+04:00)

Artıq uzun illərdir Azərbaycanda ailə həkimi institutunun yaradılması ilə bağlı müxtəlif müzakirələr aparılır, fikirlər səsləndirilir. Milli Məclisin Səhiyyə komitəsinin payız sessiyasında keçirilən ilk iclasında yenidən gündəmə gələn məsələ cəmiyyətin marağına səbəb olub. Hətta ölkəmizdə “Ailə həkimi haqqında” qanun layihəsinin hazırlanmasının da gündəmdə olduğu bildirilir. Ümumiyyətlə ailə həkimi necə olmalıdır və ölkəmizdə ailə həkimi institutunun nə vaxtdan etibarən fəaliyyət göstərməsi nəzərdə tutulur?

Mütəxəssislərin fikrincə, ailə həkimi ali tibbi təhsil almış, əhaliyə (cinsindən, yaşından və xəstəlik növündən asılı olmayaraq) ilkin profilli tibbi-sosial yardım göstərməyə hüquqi səlahiyyəti olan mütəxəssislərə deyilir. Başqa sözlə, ailələr bütün xəstəliklərini ailə həkimlərinə etibar edə bilərlər. Ailə həkiminin vacibliyi odur ki, xəstə sağlamlığı ilə bağlı müxtəlif həkimlərə müraciət etsə də, sonra məsləhət üçün mütləq şəkildə öz ailə həkiminə qayıdır və həmin təyinatlara baxaraq öz fikrini bildirir. Ailə həkimi öz xəstəsini hər zaman nəzarətdə saxlamalı, və onun keçirdiyi bütün xəstəliklər barədə məlumatlı olmalıdır. Bir sözlə, ifadə etsək deyə bilərik ki, ailə həkimi adından da göründüyü kimi etibarlı bir şəxs olaraq ümumilikdə ailəyə xidmət edir.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, ailə həkimi, ilk növbədə, kənd və rayon yerlərində yaşayan əhaliyə ilkin tibbi yardım göstərmək, tibbi maarifləndirmə işi aparmaq, lazım gələrsə onların şəhər klinikalarında yerləşdirilməsi, konsultasiyalar alması və s. işlərin həyata keçirilməsinə xidmət etməlidir.

"Əhalinin tibbi xidmətlərə əlçatanlığı yaxşılaşdırılacaq"

Onun sözlərinə görə, ailə həkimi institutu insanların sağlamlığının təmin edilməsində və cəmiyyətin sağlam tərzdə inkişafında böyük rol oynayacaq: “Bu, əhalinin tibbi xidmətlərə əlçatanlığının yaxşılaşdırılması, hər bir ailənin öz həkimi olması və rahat şəkildə tibbi xidmətlərə çıxış əldə etməsinə şərait yaradacaq. Bildiyiniz kimi hazırda icbari tibbi sığorta pilot layihəsi başa çatmaq üzrədir və gələn ildən onun bütün ölkə ərazisində tətbiq olunması gözlənilir. İcbari tibbi sığortanın daha səmərəli olması üçün Azərbaycanda ailə həkimi institutu yaradılmalıdır”.

"Ailə həkimi haqqında" qanun özündə nələri ehtiva edir?

Milli Məclisdə "Ailə həkimi haqqında" qanun layihəsinin hazırlandığını deyən M. Quliyev söyləyib ki, layihədə ailələrin öz həkimlərini seçməsi ilə bağlı qaydalar yer alıb: “Burada ailələrin sayına görə maksimum hədd tətbiq edilməyəcək. Bu da insanlara həkim seçimində sərbəstlik verəcək. Yəni bir həkimi istənilən sayda ailə seçə biləcək. Amma hər ailə öz həkimini yaşadığı ərazidən seçməlidir. Məlumat üçün bildirək ki, inkişaf etmiş bir çox ölkələrdə artıq ailə həkimi metodu tətbiq edilir. Azərbaycanda da bir neçə regionda Səhiyyə Nazirliyinin dəstəyi ilə ailə həkiminin tətbiqi ilə bağlı pilot layihələr həyata keçirilib. Azərbaycanda bu metodun tətbiqi ilə bağlı lazımi baza mövcuddur, amma qanun hələ ki qəbul olunmayıb. Layihənin hazırlanmasında Fransa və ABŞ təcrübəsindən istifadə olunur”.

"Ailə həkimi institutun yaradılması xəstəliklərin və xəstələrin sayının azalmasında böyük rol oynaya bilər"

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva isə bildirib ki, dünyanın əksər yerlərində, aparıcı ölkələrində ailə həkimləri və onların statusunu tənzimləyəcək qanunvericilik aktları var: “Azərbaycanda da ailə həkimi institutun yaradılması bir çox xəstəliklərin vaxtında müalicə olunmasında, xəstəliklərin və xəstələrin sayının azalmasında, onların sağlamlara qovuşmasında böyük rol oynaya bilər. Bu gün ölkəmizdə də insanlarımızın sağlamlığının təmin edilməsi və qorunması istiqamətində bir sıra dövlət əhəmiyyətli addımlar atılmaqda və öz effektini verməkdədir. Düşünürəm ki, bunun davamı kimi, ailə həkimi institutunun yaradılması da çox məqsədəuyğun və məntiqi addım olardı”.

"Ölkədə sahə xidməti göstərənlərin arasında ailə həkimləri fəaliyyət göstərir "

Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev söyləyib ki, Azərbaycanda bu gün sahə xidməti göstərənlərin arasında ailə həkimləri fəaliyyət göstərir: “Ölkəmizdə hər zaman sahə həkimləri fəaliyyət göstərib və bu gün də var. Belə ki, evə ilk çağırışa sahə həkimi çağırılırdı ki, bundan sonra sahə həkimləri də xəstələri lazımı yerə yönləndirirdi. Xəstə lazım olanda evdə, lazım olanda isə stasional müalicə alırdı”.

N. Quliyev qeyd edib ki, hazırda ailə həkimi funksiyasını həyata keçirən sahə həkimləri stasionar deyil, ambulator yardım göstərirlər: “Sahə həkimləri insanların sağlamlığını idarə edir ki, onlar xəstəxanaya düşməsinlər. Stasionar xidmətlə məşğul olan həkimlər hamının həkimidirlər onlar ailə həkimi adlandırılmırlar. Bir həkim öz ərazisi üzrə yaşayan yüzlərlə insana xidmət göstərə bilər”.

"Ailə həkimi institutunun tətbiqi üçün Azərbaycanda kifayət qədər kadr var"

Ailə həkimi institutunun daha rassional institut olduğunu deyən baş pediatr söyləyib ki, ailə həkimləri nəzarət etdikləri ailənin bütün üzvlərini diqqətdə saxlayır, bütün xəstəliklərini bilir və xəstəni lazımi sahəyə yönləndirə bilirlər: “Ailə həkimi institutu ailədə olan bütün genetik xəstəlikləri, pis vərdişləri, mikro mühiti biləndən sonra həkimlərin işi rahatlaşacaq, xəstəliklərin miqdarı azalacaq ”.

N.Quliyev qeyd edib ki, ailə həkimi institutunun tətbiqi üçün Azərbaycanda kifayət qədər kadr var: “Növbədə iş gözləyən həkimlərimiz var ki, bu institutun tətbiqi onların da işlə təmin olunmasına kömək olacaq. Bildiyiniz kimi Azərbaycan Tibb Universitetində “Ailə həkimi” kafedrası var ki, burada bu sahə üzrə təcrübəli mütəxəssislər yetişdirilir ”.