Məleykə Abbaszadə vətəndaşları qəbul edib

26 Sentyabr 2018 15:31 (UTC+04:00)

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq İmişli rayonunda vətəndaşları qəbul edib. Dövlət İmtahan Mərkəzindən SİA-ya verilən xəbərə görə, qəbulda İmişli rayonunun sakinləri ilə yanaşı Füzuli, Beyləqan, Zərdab, Bərdə, Tərtər, Ağcabədi, Ağdam rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.

DİM Direktorlar Şurasının sədri görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb.

Görüşdə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli, dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri, namizədlərlə müsahibələrin keçirilməsi və s. məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciətlər edilib.

Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.

Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.