“Azərbaycanın Dağlıq Qarabağda antiterror əməliyyatı aparmaq hüququ var” AÇIQLAMA

26 Sentyabr 2018 12:15 (UTC+04:00)

“Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizə sahəsində Amerika Birləşmiş Ştatlarının güclü tərəfdaşı olub. Bu fikir ABŞ Dövlət Departamentinin illik hesabatında yer alıb”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun hesabata istinadan dediyinə görə, ötən il Azərbaycan hökuməti ölkənin quru və dəniz yolları ilə insan, pul və mal daşınmasına yönəlmiş terrorçuluq fəaliyyətinin aşkar edilməsi və qarşısının alınmasında fəal iş görüb: “Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri terror hücumlarının qarşısının alınması, terrorçuların izlənməsi və həbsi ilə bağlı əməliyyatlar keçirib. Hesabat ilində Azərbaycan NATO-nun antiterror təşəbbüslərinə dəstəyini davam etdirib. Azərbaycan “Asiyanın Qəlbi - İstanbul Prosesi”nə həmsədrlik edərək Əfqanıstanda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsi üzrə səyləri davam etdirib. Qeyd edilənlərdən aydın görür ki, terrora qarşı mübarizədə Azərbaycan Qərbə hərtərəfli yardım edir”.

Politoloq Elşən Manafov qeyd edib ki, Qərbin Azərbaycanın Dağlıq Qarabağda antiterror əməliyyatlarına dəstək verməkdən yayınması onun ikili standart siyasətindən qaynaqlanır: “Təbii ki, Qərb də Rusiya kimi ATƏT-in Minsk qrupunda təmsil olunan həmsədr dövlətlər kimi Azərbaycanın əslində, Dağlıq Qarabağdakı erməni separatizmi və Ermənistanın dövlət terrorizminə qarşı mübarizə aparmaq hüququnu tanımalıdır. Azərbaycanın qüvvədə olan qanunvericiliyinə görə, Dağlıq Qarabağda antiterror əməliyyatı aparmaq hüququ var. Lakin Qərb və Minsk Qrupu dəfələrlə bəyan edib ki, problemin hərbi yolla həlli variantı yoxdur. Onlar problemin sülh danışıqları, diplomatik yolla həll olunmasını tövsiyə edirlər. Qərb yaxşı bilir ki, Azərbaycan problemi hərbi yolla həll etmək gücündədir. Anlayırlar ki, qısa zamanda Bakı problemi həll edib özünün ərazi bütövlüyünü təmin edə bilər. Amma görünür, bölgədə bu səpkidə mövcud vəziyyətin qalması Qərb və Rusiyadakı bəzi dairələrin maraqlarına cavab verir. Hərçənd Qərb Azərbaycana ciddi sərmayə və kapital qoyub. Bu mənada düşünürlər ki, hərbi əməliyyatların başlanması iqtisadi layihələrin təhlükəsizliyinə ciddi təhdid yarada bilər. Bununla belə, Qərb siyasi dairələrinin məsələ ilə bağlı verdiyi açıqlamalar ikili xarakter daşıyır. Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə mövcud koalisiyanın yanında olaraq, burada aktiv iştirak etməsinə Qərb dəyər verirsə, təbii ki, bu, ölkəmizin müasir dünyada terrorizmə qarşı oynadığı rola verilən dəyərdir. Azərbaycan zamanında İraq, indi də Əfqanıstanda terrorizmə qarşı mübarizədə mühüm töhfələr verib. Amma təəssüf ki, Qarabağda Azərbaycanın belə bir əməliyyat aparmaq hüququ nə Qərb, nə də Rusiya tərəfindən birbaşa tanınmır. Görünür, bundan ötrü Azərbaycan diplomatiyası daha ciddi şəkildə işləməlidir. Güman edirəm ki, müvafiq şəraitin yarana biləcəyi təqdirdə, vəziyyət bu müstəvidə də ölkəmizin xeyrinə dəyişəcək. Həmin vəziyyəti deyəndə, Ermənistanda hakimiyyətlə “Qarabağ klanı” arasında getdikcə gərginləşən münasibətləri, Rusiyanın İrəvanla münasibətlərdə gərginliyin yüksək xətlə artmasını nəzərdə tuturam. Hətta Qərbin müvafiq dairələr ilə indiki Ermənistan hakimiyyəti arasındakı gərginlik də perspektivdə Azərbaycanın xeyrinə işləyir. Ona görə də burada təmkin və səbirlə diplomatik yolla işimizi davam etdirməliyik”.