Vətəndaşların kartlarındakı pulu mənimsəyən şəxs saxlanılıb

26 Sentyabr 2018 10:31 (UTC+04:00)

Astara şəhər sakini C.Məmmədov və rayonun Ərçivan qəsəbə sakini olan bir qadın Astara Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək şəhər ərazisində bankomatlardan birindən tanımadıqları bir şəxsin onlara məxsus plastik kartdakı pulu çıxararaq mənimsədiyini bildiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, onlar bankomatın yanında dayanan tanımadıqları bir şəxsə plastik kartlarını verərək pullarını çıxarmağı xahiş ediblər.
Həmin şəxs isə “kartda pul yoxdur”, - deyərək onları aldadıb. Əslində isə həmin vətəndaşlara məxsus ümumilikdə 183 manat pullarını çıxararaq mənimsəyib.

Məlumatla əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki təqaüdçüyə məxsus plastik kartlardan pulu çıxararaq mənimsəyən şəxsin şəhər sakini İlkin Hüseynov olduğu müəyyən edilib. O saxlanılaraq şübhəli şəxs qismində RPŞ-yə gətirilib. Araşdırma zamanı İ.Hüseynov avqust-sentyabr aylarında daha 2 rayon sakininə məxsus kartlardan ümumilikdə 109 manat pul çıxararaq mənimsədiyini etiraf edib.
Faktla bağlı araşdırma aparılır.