Milli Məclisin Səhiyyə komitəsi payız sessiyasında ilk iclasına toplaşıb

25 Sentyabr 2018 17:20 (UTC+04:00)

Bu gün Milli Məclisin Səhiyyə komitəsi payız sessiyasında ilk iclasına toplaşıb. SİA-nın xəbərinə görə, Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunmuş təntənəli tədbirdən söz açan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov vurğulayıb ki, yubiley tədbiri çox yüksək səviyyədə keçib.

Yubiley nitqində milli parlamentimizin tarixinə nəzər salan Azərbaycan Prezidentinin Milli Məclisin və deputatların bugünkü fəaliyyətinə yüksək qiymət verməsi hər birimizin qəlbində iftixar doğurdu. Bu qiymət, həmçinin dövlət başçısının gələcəyə dair tövsiyələri millət vəkillərinin üzərinə böyük məsuliyyət qoyur.
Yeni sessiyanın başlanması və Parlamentin 100 illiyi münasibətilə deputatları təbrik edən Əhliman Əmiraslanov yubiley tədbirinin çox yüksək səviyyədə təşkilinə görə komitə üzvləri adından Milli Məclisin Sədri Oqtay Əsədova minnətdarlıqlarını bildirib.

Sonra gündəlikdəki məsələlərə keçid alan komitə sədri 2018-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində görülmüş işlər barədə geniş məlumat verib. Bildirib ki, hesabat dövründə komitədə 7 iclas keçirilib, 11 məsələyə baxılıb. O cümlədən komitəyə daxil olan 9 qanun layihəsinin ətraflı müzakirəsi aparılıb. Onlardan 6-sı Milli Məclisin plenar iclasına təqdim olunub və parlamentdə qəbul edilib.

Məlumat verilib ki, yaz və növbədənkənar sessiyalar ərzində Səhiyyə komitəsinə ünvanlanan 205 ərizə və şikayətdən 186-sı baxılıb tədbir görülməsi üçün aidiyyəti orqanlara göndərilib. Məktubların əsasını vətəndaşların ödənişsiz əməliyyat və müalicə edilməsi, ev və işlə təmin olunması, əfv kimi məsələlər təşkil edib. Hesabat dövründə komitə sədri parlamentdə 86 vətəndaşı qəbul edib. Komitə üzvləri ölkə miqyaslı mühüm tədbirlərdə, həmçinin beynəlxalq təşkilatların işində yaxından iştirak ediblər.

Sonra Səhiyyə komitəsinin 2018-ci il payız sessiyası üçün iş planı barədə məlumat verən komitə sədri nəzərdə tutulmuş qanun layihələri və səhiyyə problemləri ilə bağlı dinləmələr barədə ətraflı danışıb.

İclasda deputatlar Rafiq Məmmədhəsənov, Qənirə Paşayeva, İlham Məmmədov, Məlahət İbrahimqızı, Rəşad Mahmudov, Kamilə Əliyeva, Kamaləddin Qafarov, Sədaqət Vəliyeva, Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Azərbaycan Parlamentinin 100 illik yubileyindən iftixarla söz açdılar, məhz bu tarixdə millət vəkili olmaqdan xüsusi qürur duyduqlarını bildiriblər.

Müzakirələrdə komitənin yaz və növbədənkənar sessiyalara dair hesabatı və payız sessiyası üçün iş planı müsbət dəyərləndirilib. Səhiyyənin bir sıra problemlərinə diqqət yönəldilib. Fikir mübadiləsinin yekununda hesabat məqbul sayılıb. İş planına əlavə təkliflər irəli sürülüb.