ABŞ bu il ən çox Çinə neft ixrac edib

25 Sentyabr 2018 16:13 (UTC+04:00)

Cari ilin ilk 6 ayında ABŞ xam neft ixracının 21 faizini Çinə həyata keçirib. SİA xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, cari ilin birinci yarısında ABŞ ən çox Çinə xam neft ixrac edib. Bu dövrdə ABŞ-ın neft ixracı ümumilikdə gündəlik 1,8 milyon barrel olub. Bu həcmin sutkada orta hesabla 376 min barreli, yəni 21 faizi Çinə göndərilib.

Hesabat dövründə ABŞ-ın ikinci ən böyük neft ixrac etdiyi Kanada olub. İlk 6 ayda bu ölkəyə gündəlik orta hesabla 334 min barrel neft satılıb.

Birləşmiş Ştatların neft ixrac etdiyi ən böyük bazar Asiya, ikinci bazar isə Avropa olub. İtaliya ABŞ-dan sutkada orta hesabla 165 min barrel neft idxal edərək Birləşmiş Ştatların neft ixrac etdiyi əsas Avropa ölkəsi olub.

ABŞ-ın neft ixracı ilin birinci yarısında keçən ilin eyni dövrü ilə müqayisədə gündəlik 787 min barrel artıb. İyun ayında isə ölkənin neft ixracı sutkalıq 2,2 milyon barrelə yüksəlib.