Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb

25 Sentyabr 2018 12:50 (UTC+04:00)

Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, hadisə sentyabrın 24-də saat 19:00 radələrində Nəsimi rayonunun A.Mustafayev küçəsində qeydə alınıb.

Belə ki, müəyyən edilməmiş avtomobillə yolu keçən Abşeron rayon sakini Xanım Tağıyeva vurulub və nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Renault” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Səbuhi Əliyev saxlanılıb.

Nəsimi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.