Şinzo Abe və Donald Tramp Nyu-Yorkda görüşüblər

24 Sentyabr 2018 20:00 (UTC+04:00)

Yaponiyanın Baş naziri Şinzo Abe bəyan edib ki, o, ABŞ Prezidenti Donald Tramp ilə birlikdə Koreya yarımadasında nüvə silahının ləğvi istiqamətində sıx birgə fəaliyyəti davam etdirəcək. Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın bu ölkədəki bürosuna verilən məlumata görə, Ş.Abe ilə D.Trampın sentyabrın 23-də “Trump Tower” qülləsində axşam yeməyi iki saata yaxın davam edib. İki lider arasında həftə ərzində daha bir görüşün keçiriləcəyi planlaşdırılır.

Məlumatda qeyd edilir ki, Ş.Abe və D.Tramp iyunda ABŞ-Şimali Koreya sammitində əldə edilən irəliləyişə yeni impuls vermək üçün birlikdə çalışacaqlarını bildiriblər. ABŞ-a yola düşməzdən əvvəl Şimali Koreya tərəfindən oğurlanmış yapon vətəndaşlarının qohumları ilə görüşən Ş.Abe onların istəklərini Prezident D.Trampa çatdırıb.