"Münaqişənin həlli ilə bağlı danışıqlar kulminasiya nöqtəsinə çatıb" ÖZƏL-MÖVQE

24 Sentyabr 2018 16:19 (UTC+04:00)

“Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan sentyabrın 26-da Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində görüşü gözlənilir. Təbii ki, bu görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, son vaxtlar Ermənistan rəhbərliyi qeyri-adekvat bəyanatlarla çıxış edir: “Hətta o görüşlərdən imtina edir. Həmçinin onlar separatçı bir qurumu üçüncü bir tərəf kimi danışıqlara cəlb etməyə çalışırlar. Məhz buna görə də sərhəddə, digər istiqamətlərdə atışmalar, təxribatlar davam edir. Fikirləşirlər ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü kimi buna digər dövlətlər də reaksiya verməlidir. Lakin bunun həqiqətən təxribat olduğu da məlumdur. Məhz bu istiqamətdə də düşünürəm ki, danışıqlar davam etməlidir. Çünki artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində kuliminasiya nöqtəsi çatıb. Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində danışıqların da müsbət bir istiqamətdə dəyərləndirilməlidir. Çünki ATƏT-in Minsk Qrupunun həmsədrləri də orada iştirak edir və BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 4 qətnaməsi həyata keçirilmir, icra mexanizmi yoxdur. Buna görə də görüşlərin orada keçirilməsi və bunun müəyyən qədər irəliləyiş kimi dəyərlənməsi həm Azərbaycan, həm də Ermənistan üçün normal bir hal ola bilər”.