"Azərbaycan hər dəfə özünün yeni silahlarını üzə çıxarır” ÖZƏL-MÜNASİBƏT

24 Sentyabr 2018 15:39 (UTC+04:00)

“Cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçiləndən bu yana ölkəmizdə Müdafiə Sənayesində çox güclü inkişaf nəzərə çarpır. Təbii ki, bütün bu işlərin təməlini Ümummilli Lider Heydər Əliyev qoyub. Ulu Öndər çox gözəl bilirdi ki, bu gün dünyada nüfuzlu dövlət olmaq bir sıra şərtlərdən keçir. Onlardan biri güclü orduya malik olmaqdır. Təbii ki, güclü orduya malik olmaq isə təkcə maliyyə resurslarına malik olmaqdan keçmir, öz Müdafiə Sənayeni qurmaqdan keçir. Ona görə də Ümummilli Lider bu işin təməlini qoydu və cənab İlham Əliyev tərəfindən bu məsələ çox uğurla həyata keçirilir”. Bunu SİA-ya açıqlamasında "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan bölgədə ən böyük silah istehsal edən ölkələrdən biridir: “Post-sovet məkanında Azərbaycan demək olar ki, Rusiyadan sonra bu məsələdə ən çox inkişaf etmiş ölkələr sırasındadır. Bildiyiniz kimi SSRİ vaxtında Azərbaycanda, milli respublikalarda silah zavodları, silah istehsal edən müəssisələrin tikilməsinə icazə verilmirdi. Adətən bu silah zavodları ya Rusiya, Ukrayna, ya da Belarusiya ərazisində tikilirdi. Artıq bu gün Azərbaycan silah istehsal edib təkcə öz ordusunun ehtiyaclarını təmin etmir, eləcə də bu silahları dünya bazarına çıxarır. Ümumiyyətlə “ADEX-2018” kimi silah sərgilərində Azərbaycanın iştirakı çoxdandan baş tutur. Bu beynəlxalq bir tədbirdir. Azərbaycan belə bir mötəbər beynəlxalq tədbirdə iştirak etməklə bir nüfuz sahibi, inkişaf etmiş bir dövlət olduğunu göstərir. Dünyada silah istehsalı ilə hər ölkə məşğul ola bilmir. Bunun üçün gərək ölkənin çox güclü elmi, texniki potensialı olsun. Bu silah sərgilərində Azərbaycan hər dəfə özünün yeni-yeni silahlarını üzə çıxarır”.

Qeyd edək ki, sabah Bakı şəhərində 3-cü “ADEX 2018” Azərbaycan Beynəlxalq Müdafiə sərgisi öz işinə başlayacaq.