"Problemli adamların Ermənistanda olması Azərbaycanın xeyrinədir" ÖZƏL-MÜNASİBƏT

24 Sentyabr 2018 14:36 (UTC+04:00)

“Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin söylədiyi bütün fikirlərlə biz həmrəyik”. Bunu SİA-ya açıqlamasında politoloq Məhərrəm Zülfüqarlı deyib.

Politoloqun sözlərinə görə, ölkə başçısı çox düzgün olaraq qeyd etdi ki, təsadüfən hakimiyyətə gəlmiş indiki Ermənistanın baş naziri Nikol Paşinyan sərsəm fikirlərlə özünü rüsvay edib: “Həqiqətən də bu belədir. Paşinyan deyir ki, Azərbaycan torpaqlarını qaytarmaq üçün müharibə etməlidir. O hələ də başa düşmür ki, Azərbaycan-Ermənistan Avropa Şurasına daxil olarkən öhdəlik götürüblər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll edəcəklər. Yəni adətən böhran, gərginlik içində olan hakimiyyət xalqın fikrini yayındırmaq üçün bu cür sərsəm bəyanatlar verirlər. Cənab Prezident İlham Əliyev də düzgün olaraq onun o sərsəm siyasətini tənqid etdi. Müsbət cəhət odur ki, rəsmi Bakı hər dəfə bildirir ki, bu cür baş nazirin Ermənistanda olması bizim üçün sərf edir ki, böhran günü-gündən gərginləşir. Çünki Ermənistan bizim düşmən tərəfidir. Nə qədər orada bu cür problemli adamlar hakimiyyətdə olsa, bu Azərbaycanın xeyrinədir. Təbii ki, bu da Azərbaycanın haqq işinin gələcəkdə bərpasına kömək edə bilər. Amma bütün hallarda biz Prezidentin fikirlərini dəstəkləyirik”.