Hollandiyanın, Danimarkanın səfirləri İran XİN-nə çağırılıblar

23 Sentyabr 2018 13:45 (UTC+04:00)
Bu gün Hollandiyanın, Danimarkanın səfirləri və Böyük Britaniyanın müvəqqəti işlər vəkili İranın Xarici İşlər Nazirliyinə çağırılıblar. SİA-nın məlumatına görə, nazirliyin nümayəndəsi sentyabrın 22-də Əhvaz şəhərində terror aksiyası törədən təşkilatın Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınmamasına İran tərəfinin etirazını çatdırıb. Diplomatların nəzərinə çatdırılıb ki, Avropa İttifaqı Avropa ölkələri ərazisində terror aksiyası törətməyən terror təşkilatlarını terrorçu təşkilatlar kimi tanımır ki, bu da ədalətsizlik və beynəlxalq qanunlara hörmətsizlikdir. Səfirlər baş verən terror hadisəsindən məyus olduqlarını bildirib, həlak olanların ailələrinə başsağlığı verərək İran tərəfinin tələbini öz dövlətlərinin rəhbərlərinə çatdıracaqlarını qeyd ediblər. Xatırladaq ki, İranın kəşfiyyat orqanları terror aksiyasının "Əl-Əhvazi" təşkilatı tərəfindən törədildiyini bəyan edib. Bu təşkilatın nümayəndəsi hadisədən sonra Londonda fəaliyyət göstərən "İran İnternation" televiziya kanalına müsahibə verib və terror aksiyasının onun təmsil etdiyi təşkilat tərəfindən törədildiyini etiraf edib. İranın Böyük Britaniyadakı səfiri Həmid Bəninejad Britaniya hökumətini kəskin tənqid edib. Səfir öz Tvitter səhifəsində bu müsahibəsində bildirib ki, bir sıra Avropa ölkələri terrorçuluğu təbliğ edirlər. Məhz sözügedən müsahibədən sonra Hollandiya və Danimarkanın səfirləri, eləcədə Böyük Britaniyanın Tehrandakı müvəqqəti işlər vəkili İranın Xarici İşlər Nazirliyinə çağırılıb və onlara etiraz bildirilib. İran mətbuatının yaydığı xəbərlərə görə terror aksiyası zamanı həlak olanların sayı 28-ə, yaralananların sayı isə 60 nəfərə çatıb.