“Populist addımlar Ermənistana heç bir xeyir gətirməyəcək" ÖZƏL-MÜNASİBƏT

22 Sentyabr 2018 11:26 (UTC+04:00)

“Koçaryan və Sarkisyan Azərbaycan torpaqlarının işğalında, Xocalı soyqırımında birbaşa təşkilatçı və iştirakçı olub. Onlar Ermənistana və xalqına çox böyük zərbələr vurdular və işğalçı ölkəni bütün layihələrdən kənarda qoydular. Həmin şəxslər Ermənistanın özündə böyük cinayət hadisələri törədiblər”. Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gələndən sonra bu cinayət hadisələri ilə bağlı bir çox açıqlamalar oldu: “Hətta Ermənistanın keçmiş prezidenti Robert Koçaryan həbs olundu, sonra isə həbsdən azad edildi. Bəziləri gözləyirdi ki, Paşinyan hakimiyyətə gələndə erməni xalqının mənafeyini müdafiə edərək vəziyyəti düzəltməyə çalışacaq. Ən əsası isə Azərbaycan və Türkiyə ilə münasibətləri düzəldəcək. Levon ter Petrosyanın vaxtilə torpaqların qaytarılması ilə bağlı Ermənistana bir müraciəti var idi. Aprel hadisələrindən sonra erməni anaları istəmirdilər ki, övladları Qarabağda həlak olsunlar. Hətta bəzi ekspertlər açıq şəkildə deyirdilər ki, Qarabağı qaytarmaq lazımdır. Amma Paşinyan başqa yola əl ataraq oğlunu Qarabağa hərbi xidmətə göndərdi. Bu gün bütün dünya Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. ATƏT-in Minsk Qrupunun həmsədrləri niyə Paşinyana sual vermirlər ki, sənin oğlun Qarabağda nə gəzir? Ümumiyyətlə belə populist addımlar Ermənistan əhalisinə heç bir xeyir gətirməyəcək.

Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi bir yol var o da balanslı siyasətdir. Bu gün cənab Prezident İlham Əliyev həmin siyasəti uğurla aparır. Azərbaycan güclü dövlətdir və güclü iqtisadiyyatı, ordusu var. Azərbaycan heç bir zaman ərazisində ikinci Erməni dövlətinin yaranması ilə barışmayacaq. Azərbaycan qısa zamanda öz torpaqlarını işğaldan azad etmək gücündədir. Ona görə də cənab Prezidenti Ermənistan rəhbərliyinə haqlı olaraq çağırış edir ki, ağıllarını başlarına qoysunlar, yoxsa çox gec olacaq”.