Sona Vəliyeva: "Usta Zeynal reallıqdan ədəbiyyata gətirilmiş qəhrəmandır" – “Sevdiyim əsər” layihəsi

21 Sentyabr 2018 17:41 (UTC+04:00)

"Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət edirik. Budəfəki həmsöhbətimiz şair, yazıçı, filologiya üzrə fəlsəfə doktoru, "Kaspi” qəzetinin və "Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyevadır. Sona xanımın sevdiyi əsər Cəlil Məmmədquluzadənin "Usta Zeynal” hekayəsidir.

– Cəlil Məmmədquluzadənin "Usta Zeynal” hekayəsi hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə sevdiyiniz əsərdir?

– Cəlil Məmmədquluzadənin əksər əsərlərini oxuyanda görürük ki, oradakı mühitdə personajlar kədəri və dərdi, acınacaqlı halı ilə gündəlik həyatdan bizə yaxşı tanışdır. Əziz Şərif vaxtı ilə yazırdı ki, "Həyat, varlıq və həqiqət!” Cəlil Məmmədquluzadənin də əsərlərinin canı, mənası budur. C.Məmmədquluzadə böyük humanist yazıçı olduğundan həyatdan yazır, həqiqəti deyirdi, varlığın bütün iyrənc və ürəkbulandırıcı, qan dondurucu səhnələrinə açıq gözlə baxır, acı həqiqətdən qaçmırdı. Həyata və ictimai varlığa sona qədər sadiq qalmaq, ictimai hadisələrin real bədii təsvirini vermək C.Məmmədquluzadənin ictimai həqiqətə aparırdı.
Bilirsən Fərid, Cəlil Məmmədquluzadə təkcə klassik ədəbiyyatçı, görkəmli publisist, satirik jurnalistikanın banisi kimi deyil, həm də vətəndaş və cəmiyyət münasibətlərinin, milli dövlətçilik problemlərinin, azərbaycançılığın əsl görkəmli ideoloqu kimi tarixdə qalacaq. Həyatdan aldığı mövzularda da bu məsələlər yaradıcılığının əsas qayəsini təşkil edir.
Mirzə Cəlilin əsərləri qəlbimizdə mərhəmət hissi oyadır. Belə ki, biz ağır, yaxud gülünc vəziyyətə düşmüş insanlara rişxəndlə yanaşmırıq, əksinə onlara acıyırıq. Çünki insan yalnız zəifə, yazığa rəhmi gələndə ona kömək etmək istəyir. Bu mənada oxucu Mirzə Cəlilin obrazlarına gülmək, acımaq əvəzinə o tipli insanlara yardım əli uzatmağa çalışır. Müəllifin əsərləri oxuculara məhz bu məziyyətləri – əl tutmağı, rəhmli olmağı, kömək etməyi aşılayır. Bununla belə Mirzə Cəlil nədən yazırsa yazsın, milli koloriti qoruyub-saxlamağı bacarıb, ona görə də əsərləri həmişə maraqlı və oxunaqlı olaraq qalacaq. "Usta Zeynal” hekayəsini çox sevməyimin səbəbi isə əsərin həyatiliyidir.
Müsahibəyə gəlməzdən əvvəl bir usta ilə görüşüb iş tapşırdıq, sanki onda da Usta Zeynal astagəlliyi, bizim tələskənliyimizlə qəti uyuşmayan arxayınlıq sezdim. Bizlər – işgördürən insanlar tələsirik, amma ustalar öz keflərinə uyğun işləyirlər. Usta Zeynal el adətlərinə, zahiri inanclara, mollaların özlərinə sərf edən kimi təbliğ etdiyi xurafata o qədər aludə olub ki, dəyişməyi, yeni əsrin adamına çevrilməyi ağlından belə keçirmir. Əslində Allah daim inkişafın, tərəqqinin tərəfindədir. Bu məqamda görünür ki, o, İslam dininin əsl mahiyyətindən xəbərsizdir. Əlbəttə, ifrat aludəlik həmişə bəla gətirir. Əsərdə belə bir yer var – Muğdisi Akop işin tez yekunlaşması üçün tələsdirəndə Usta Zeynal deyir: "Heç ürəyüvi sıxma, xozeyin. Allah kərimdi. Ümidüvi bir allaha bağla ki, yeri-göyü yox yerdən xəlq edibdi. Ürəyüvi niyə sıxırsan? Əgər allahın iltifatı olsa, belə iş olmasın ki, on belə iş olsun, bir dəqiqdə qurtarram; əgər olmasa, dəxi mənim günahım nədi?...” Bu sözlərdən aydın olur ki, o, hər şeyi yaradanın ixtiyarına buraxır, Allaha təvəkkül edir, özü isə çalışmır. Allahın ona verdiyi iradəni, fiziki gücü dəyərləndirmir. Halbuki dinimiz də buyurur ki, Allahdan sonra yaratmaq, qurmaq qüdrəti insana məxsusdur. Ancaq dinin mahiyyətinə nabələdlər kor-koranə şəkildə Allaha sığınmaqla insani məsuliyyətdən qaçırlar. Bu da həmin kəslərin həyatını zülmətə çevirir.
Mirzə Cəlil insanı məsuliyyətə, tərəqqiyə, inkişafa səsləyir, İslamdakı təvəkkül məsələsini yanlış anlamamağa çağırır, aludəçiliyin insanı yolundan sapdırdığını göstərir və ən əsası, bütün bu problemləri milli zəmində həll edir. Çünki Mirzə Cəlil Azərbaycan insanının düşdüyü ağır durumu gözəl dərk edirdi.

– Sona xanım, əsərdə heç bir hadisənin baş verməməyi barədə nə deyərdiniz, sizcə, dövr niyə bunca sakit təsvir edilib?
– Əsər 1905-ci ildə yazılıb. Artıq Rusiyada inqilab baş vermişdi və xalqlar öz müqəddəratları barədə düşünürdülər. O dövrdə Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu artıq Bakıda idilər, milli mübarizə və müstəqillik üçün çalışırdılar. "Kaspi” qəzetinin ətrafında çoxlu ziyalılar toplanmışdı. O vaxt ölkə qarışıq idi, ermənilər Bakıda, müxtəlif bölgələrdə qırğınlar törətmişdilər. Paralel olaraq Cənubi Azərbaycanda – Xoyda, Zəncanda, Mərənddə də qarışıqlıq idi. Erməni-müsəlman münaqişələri qızışmışdı. Ermənilərin həmin dövrdə azərbaycanlılardan əsas üstünlüyü o idi ki, onlar uşaqlarının təhsil alması üçün çalışır və çox vaxt buna nail olurdular. Həmçinin, savadlı və hiyləgər adamlarını dövlət idarələrində yerləşdirirdilər. Bunun nəticəsində istər pulla, istərsə də hədiyyələrlə "yuxarılar”la münasibət quraraq azərbaycanlılara qarşı ziyanlı əməllərini gerçəkləşdirirdilər. Muğdisi Akopun oğlu da Moskvadan gəlir, o iki gün Tiflisdə dayısıgildə qalacaq, sonra evlərinə yola düşəcək. Bəs Muğdosi Akopun oğlu Moskvadan hansı istəklə vətənə qayıdıb? Yeri gəlmişkən, "vətən” sözünü də burdakı erməniyə aid etmək olmaz, Mirzə Cəlil isə senzuranı, xüsusilə ermənisevər rus senzurasını bu sözlə sanki qıcıqlandırmaq istəmir. Bu barədə Mirzə Cəlil hekayədə heç nə yazmır. Bəlkə də Akopun oğlu hansısa planla gəlib və öz bildiklərini birinci Tiflisdəki dayısına ötürüb, sonra evlərinə qayıdacaq? Əsərdə erməni xisləti məsələsi çox incə cizgilərlə verilib. Mirzə Cəlil zaman təzadı yaratmaq üçün dövrü bu qədər sakit göstərir, ancaq biz tarixi gerçəkliyə, o vaxtkı hadisələrə nəzər salanda görürük ki, hekayədəki hadisələrin nəql olunduğu zaman heç də sakit dövr deyil. O dövrdə qız məktəblərinin fəaliyyəti, maarifçiliyin güclənməsi, milli mətbuatın qol-qanadının çoxalması, ziyalıların Bakıya toplanması dövrün qaynarlığından xəbər verən məqamlardır. Mirzə Cəlil mühitin qaynarlığına açıq eyhamlar vursaydı, o dövrkü senzuranın iti nəzərlərindən yayınaraq hekayəni çap etdirə bilməzdi. Amma hekayəni oxuyanda görürük ki, əgər iki insan arasında bu qədər ixtilaf varsa, erməninin fitnə-fəsadlar törətməsi, insanların məhvi bunca barizdirsə, deməli, təlatümsüz, sakit bir dövrdən söhbət belə gedə bilməz. Mirzə Cəlil əsərin qayəsini, gizlindəki ideyasını çox vaxt bu cür dərinlikdə saxladığı ziddiyyətlərlə açır, ona görə də əsərləri ilk baxışdan sadə təsir bağışlayır.
İki sadə görünən obrazın hadisələrə münasibəti, dioloqu arxasında milli məsələlərin həlli durur.

– Hekayədə bir paradoks da var: O vaxtlar daha çox Qarabağdakı erməniləri xırda-para usta işlərinə çağırıb işlədirmişlər. Amma Mirzə Cəlil əsərdə azərbaycanlı Zeynalı usta kimi erməni evində işlədir. Sizcə, bu paradoks əsərdə hansı qatların açılmasına xidmət edir?
– Hekayədəki məkanı mən nədənsə Naxçıvan mühitinə bənzədirəm. Xüsusən də, tez-tez təkrarlanan "gəc qayır” ifadəsindən.
Muğdisi Akop heç tanımadığı – Cənubi Azərbaycandan gələn Usta Zeynalı Hacı Rəsul adlı camaatın məsləhət ünvanı olan, hörmətli bir adamın tövsiyəsi ilə evində işlədir. Burdan belə nəticəyə gəlmək olur ki, bu vilayətdə Muğdisi Akop təkdir, yəni ondan başqa erməni yoxdur. Çünki əgər orada başqa bir erməni olsaydı, Akop heç zaman gedib Hacı Rəsuldan məsləhət almazdı. Akop həm də Hacı Rəsul ilə dostluq edir, çünki onun sözü keçərlidir, ona görə hər kəs Akopla münasibət saxlayır. Ermənilər bu cür münasibətlərdə – hiyləgərliklə əlaqə yaratmaqda ustadırlar. "Yuxarılarla” və ya erməni kilsəsinin buyruqlarını yerinə yetirmək mənasında tək tək yerləşmək özü də bir taktika gedişidir.Bir haşiyəyə çıxacağam ki, erməni xisləti sizə tam aydın olsun. 80-ci illərin sonunda Naxçıvanda bir boyaqçı Akop var idi. Toxuculuq üçün gərəkli ipləri, paltarları boyayırdı. Ancaq nəyisə boyamazdan qabaq pasport tələb edirdi. Soruşanda ki, pasportu nəyinə lazımdır, cavab verirdi ki, sabah ipin, sapın, parçan burda itib-eləsə göstərim ki, bu pasportda bir adamın əşyası yoxa çıxıbdı. Amma əsas məsələ nədən ibarət idi? Akop o pasport nömrələri ilə Moskvaya Naxçıvanın məsul şəxslərinin əleyhinə göndərdiyi məktubları pasportunu götürdüyü adamların adından yazırdı və məktubda da onların pasport nömrələrini qeyd edirdi. Həmin Akopu bir vaxtlar qəsdən Naxçıvana yerləşdirən adamlar hekayədəki Akopun rəmzi övladlarıdır. Ola bilsin ki, hekayədəki Muğdisi Akop da agent imiş, yoxsa tək başına oralarda nə işi vardı? İndi fikir verin, mənim Naxçıvanda tanıdığım o müasir Akopun silahdaşı kim idi? Naxçıvan Muxtar Respublikasının Poçt idarəsində məsul vəzifədə çalışan Robert adlı erməni. Akop Moskvaya məktubları Robertlə əlbir olub göndərirdi.
Hekayədə bir məqama fikir verək; Usta Zeynal Akopdan soruşur: " – Xozeyin, bu otaqları hansı usta tikib?” – Muğdusi Akop cavab verir ki, bilmir hansı usta tikib; çünki bu otaqları onun atası tikdirib və bilmir hansı ustaya tikdirib”. Deməli, evi Akopun babası yox, atası tikdirib. Bu detal göstərir ki, onlar burda çoxdan yaşamırlar, yaxın illərdə yerləşiblər. Məncə, Mirzə Cəlilin də məqsədi bu idi: ermənilər Azərbaycan torpaqlarına sonradan gəlmişlər, qonaq və ya Akop kimi "qərib, yalnız” təəssüratı yaradaraq baş bəlasına çevrilmişlər.

– Usta Zeynalın xarakterindəki anlaşılmazlıq da oxucunu təəccübləndirir: Qəribədir ki, Usta Zeynalın düşüncəsinə görə erməni Akopun evində işləmək günah deyil, amma küpəsindən istifadə etmək murdarlıqdır...
– Usta Zeynal Cənubi Azərbaycandan gələn və cəhalətin qurbanına çevrilmiş bir obrazdır. O, Hacı Rəsulun xahişi ilə gəlib erməninin evində işləməyə razılıq verib. Hacı titulu müsəlman mühitində ehtirama layiqdir, çünki insanlar düşünür ki, hacılar Allahın evini görmüş, böyük ziyarət yolu keçmiş insanlardır. Buna görə də Usta Zeynal Hacı Rəsulun sözündən çıxmır və erməninin evini təmir etməyə razılaşır. Usta Zeynalın köməkçisi Qurbanla bir dialoqu var, bu söhbət əsərdə çox vacib məqamlardandır: "Sizin vilayətin müsəlmanları əgər müsəlmana bir tük qədəri oxşuyurlarsa, mənim atama lənət! Görürsən sizin o binamus Ağa Sadığı? Keçən həftə olarda işləyirdim. Məlunun dövləti həddən aşıb. Deyirəm, Ağa Sadıq, qardaş, bu dövləti nədən ötrü cəm edibsən? Niyə bir Kərbəla ziyarətinə getmirsən? Həyasız oğlu həyasız on iki imama and içir ki, mümkün eliyə bilmirəm. Niyə mümkün eliyə bilmirsən, ey ləvənd? Niyə bəs imarət qayıtdırmağı mümkün eliyirsən? Niyə bəs at saxlamağı, mahıt çuxa geyməyi, üç arvad almağı mümkün eliyirsən? Daha sənin ermənidən nəyin artıqdır? Qərəz, Qurban, sizin vilayətin müsəlmanları çox biqeyrətdilər”. Bu Usta Zeynalın fikridir, indi qarşılığında gör Qurban nə deyir: "Usta, Allah atana rəhmət eləsin. Ağa Sadığın heç taxsırı yoxdur. Ağa Sadıq neyləsin? imam özü gərək adamı istəyə; əgər imam istəməsə, nə cür ziyarətə getmək olar?”
Usta Zeynal hirsli kimi ucadan söylədi:
– "A kişi, get işinə sən Allah, axmaq-axmaq danışma! Necə gərək, imam istiyə? Əgər adamda imam məhəbbəti olmasa, dəxi imamın nə vecinə o cür məlunu istəsin? İmama çox lazımdır ki, Ağa Sadıq kimi axmaqlar onun ziyarətinə getdi, ya yox?”
Qurban gəc ləyənini yuxarı qalxıza-qalxıza başladı:
"Usta, hər nə deyirsən de, amma imam adamı istəməyincə ziyarətə getmək olmaz.”
Bu məqamda şimali azərbaycanlı ilə cənubi azərbaycanlının dini düşüncəsi arasındakı fərqi aydın görürük. Amma burada digər bir ziddiyyətli məqam hansıdır? Usta Zeynal dini ziyarət məsələsində təvəkkülü qəbul etmir, deyir ki, Ağa Sadıq gərək hər işini qırağa qoyub ziyarətə gedəydi, yəni iradə göstərəydi. Amma digər məqamlarda – həyati məsələlərdə o, insan iradəsinin əleyhinədir – hər şeyi yaradandan gözləyir.
Hekayədəki palçıq küpə məsələsinə qayıdaq... Əsərdə haqqında söhbət gedən küpə saxsıdandır. El arasında bir misal var: "Saxsı salavat götürmür”. Yəni, o küpə yuyulsa da, təmiz olmayacaq, çünki saxsıdır. O dövr saxsıyla bağlı belə fikir cahil insanlar arasında bir inanc idi. Fikir verirsinizsə, Usta Zeynal erməninin evində yemək yemir. Burada murdar bilib yeməmək, erməni xislətinə bulaşmamaq ideyası xurafat içində ustalıqla əridilir. Ancaq hekayədə bir yer var: "Muğdusinin arvadı otaqdan bir paçka papiros və bir qutu spiçka gətirib qoydu Usta Zeynalın qabağına”. Usta Zeynal Muğdisi Akopun arvadının verdiyi papirosu çəkir, çünki papirosu erməni düzəltməyib, dükandan alınıb.

Usta Zeynalı məhv edən milli və şəxsi iradəsinin olmamağıdır, ona görə o, erməni küpəsindən gətirilmiş sudan istifadə etmək istəmir. Allahla, əsl islamla yox, xurafatla hesablaşır. Ona görə də saxsı küpədən imtina edir, öz küpəsində gəc qayırır. Eyni zamanda, sonradan gəlib yerləşən erməninin yaşayışı ilə Usta Zeynalın gün-güzəranına baxıb, sadə bir müqayisə aparmaq olar: Akop 5 otaqlı evdə yaşayır, oğlu xaricdə təhsil alıb, usta Zeynalınsa cəmi bircə dəst paltarı var. Mirzə Cəlil bu cür detallarla ermənilərə Azərbaycanda yaradılmış şəraiti də göstərir. Zülmü çəkən bizlərik, kefə baxan onlar. Erməni küpəsinin murdar olmasına təkcə xurafat kontekstindən baxmaq olmaz, murdar erməni küpəsi həm də erməni xislətini simvolizə edir.
Necə ki, hekayədə bir erməninin evi yarımçıq qalır, eləcə də bu gün işğalçı dövlət olduğu üçün Ermənistan qlobal layihələrdən kənarda saxlanılır, qonşu dövlətlərin böyük proyektlərinə qoşula bilmir, tərəqqi etmir, yarımçıq qalır, Akopun evi kimi...

– Usta Zeynalın köməkçisi Qurban ona sual verir: "Yaxşı, bu ermənilər bu aşkarlıqda zadı görmürlər. Bunlar bəs niyə dönüb müsəlman olmurlar?”. Usta Zeynal belə cavab verir: " ...Fərz elə ermənilərin hamısı çönüb müsəlman oldu – onda cəhənnəmi Allah kimdən ötrü xəlq edib və kimi ora göndərəcək...” Mirzə Cəlil Qurban və Usta Zeynalın timsalında dinin səhv qavranıldığını göstərir. Siz necə düşünürsünüz?
– Usta Zeynalın dini dünyagörüşü "Qurani-Kərim” təliminə əsaslanmır, o savadsız mollaların dediyini təkrar edir, özünün sabit fikirləri yoxdur. Onun fikrincə, cənnət müsəlmanların, cəhənnəm ermənilərin son ünvanıdır. 1905-ci ildə, eləcə də müasir dövrdəki işğal və soyqırımı siyasəti ermənilərin ölkəmizdə törətdikləri vəhşiliklər doğrudan da, cəhənnəmə gedən yolu erməni liderlərinin üzünə açır. Hekayənin həmin ildə yazılması da qəribədir.
Usta Zeynal həm də ev sahibinin – erməninin əsəbləri ilə oynayır, ona yersiz suallar verir, sanki acıq çıxır. O suallardan biri çox maraqlıdır. Usta Zeynal Muğdisi Akopdan soruşur: "Xozeyin, niyə sizin padşahuuz yoxdu?” Muğdisi Akop cavab vermədən otaqdan çıxır. Çünki deməyə sözü yoxdur. Bu sualı, əslində, Mirzə Cəlil ermənilərə ünvanlayır. Bəli, erməninin padşahı yox idi. Padşah dövlətə rəhbərlik edən adamdır, ermənilərin dövləti olmadığına görə padşahları da yoxdur.

– Əsərin sonunda bir məqam var ki, Usta Zeynalın arvadı onun "murdarlanmış” paltarlarını yuyub qurutmaqla məşğul idi, o da çılpaq oturmuşdu evin içində və gözləyirdi ki, paltarları qurusun və gedib hamam qüslü alıb təmizlənsin. Bircə dəst paltardan başqa heç nəyi olmayan bu adam görün nələrlə, hansı qayda-qanunlarla vuruşmaq istəyir. Bu kontekstdə Usta Zeynalın aqibətini reallıq hissini itirənin aqibəti saymaq olarmı?
– Gəlin bu hadisəni müasir dövrlə əlaqələndirək. Usta Zeynalın bugünkü davamçıları kimlərdir? Radikal dini qruplara qoşulub, burda ailə-uşağını ac qoyub hansısa ölkələrdə vuruşmağa yollananlar. Öz şəxsi problemlərini həll edə bilməyib, guya dünyanı düzəltmək istəyənlər. Usta Zeynal da belədir, dəyişək paltarı yoxdur, amma işini bitirib əməkhaqqını da almır.
Usta Zeynal reallıqdan ədəbiyyata gətirilmiş qəhrəmandır. Mirzə Cəlil, həqiqətən də, Şeytanbazarında Usta Zeynaldan fərqlənməyən insanları görmüşdü və qərara gəlmişdi ki, öz aləmlərində dinə sığınan bu cür adamların taleyini qələmə alsın. Əsərdəki bir məqama da diqqət edək:
Qurban üzünü Usta Zeynala tutub soruşur:
"Usta, küpəniz irəlidən çatdaq idi, ya təzəlikdə sınıb?”
Usta Zeynal cavab verdi:
"Yox, bizim küpə sınıq deyil, yoxsa sən sındırmısan?”
Usta Zeynal başladı aşağı yenməyi və küpəni əlinə götürüb üzünü tutdu Qurbana:
"Qurban, bu küpə bizim deyil, bizimki köhnədi və bir az bundan yekədi”.
Bax, bu məqamda görünür ki, Usta Zeynal öz köhnə küpəsini istəyir, o, halal adamdır, köhnəsini başqasının təzəsi ilə dəyişmək istəyən biri deyil. Mizə Cəlil göstərir ki, bu cür halal adamları xurafatla məhv edirlər...


– Əsərin sonunda müəllif Usta Zeynalı evin ortasında çılpaq, "murdar” paltarını xanımına yumaq üçün verərkən görürük. Bu da istər-istəməz "deməli, Usta Zeynalın cəmi bir dəst paltarı varmış” fikrini ağla gətirir. Bu cəhətdən bir dəst paltara ehtiyacı olduğu halda Muğdusi Akopdan gələcək xeyri məhz dini düşüncələrinə görə qurban verməyi Usta Zeynala son dərəcə cəsarətli, ideallarından dönməyən biri kimi baxmağımıza səbəb olur.

– Usta Zeynal dinə yox, xurafata sədaqətlidir, əgər xurafatın yerinə o, normal din təhsili alsaydı, gör necə əqidəli, ideallarına sadiq biri olardı. Usta Zeynal din dərsini həqiqi, ilahiyyat elmini tədris edən tədris ocağında alsaydı, həyata mübariz və tərəqqi gözüylə baxardı. Dinə elmi münasibəti həyatına işıq, nur gətirərdi. Mən bu gün məktəblərdə din dərslərinin keçirilməsinin tərəfdarıyam, çünki uşaqlar erkən yaşlarından dinin mahiyyətini, İslamın sevgi dini, sülh dini olduğunu bilsələr, böyüyəndə heç bir dini qruplaşmaya aldanmaz, həyatlarını məhv etməzlər.

– Cəlil Məmmədquluzadə nəsrinə nəzər yetirdikdə qarşımıza Cənubi Azərbaycandan gəlib Şimali Azərbaycanda məskunlaşan tiplər çıxır. "Usta Zeynal” hekayəsinin də baş qəhrəmanı bu qəbildəndir. Sizcə, müəllif bu detalla bizlərə nəyi söyləmək istəyirdi?
– Mirzə Cəlil milli məsələlər içərisində Cənubi Azərbaycan problemini də daim əzəli bəlamız sayıb. O, Azərbaycanı bütöv görürdü. Mirzə Cəlil vaxtı ilə yazırdı: "Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəlvətə cumuram, özümdən soruşuram ki, mənim anam kimdir? Öz-özümə cavab verirəm ki, mənim anam rəhmətlik, Zəhrəbanı bacı idi. Dilim nə dilidir? – Azərbaycan dilidir. Yəni vətənim haradır? – Azərbaycan vilayətidir.
Ey torpaq çörəyi yeyən təbrizli qardaşlarım, ey keçəpapaq xoylu, meşkinli, sərablı, goruslu və moruslu qardaşlarım, ey batil marağlı, gülüstanlı, qulbiyaban vətəndaşlarım, ey vəhşi ərdəbilli, qalxanlı bəradərlərim, gəlin, gəlin, gəlin mənə bir yol göstərin, vallah ağlım çaşıb, axır dünya və aləm dəyişildi, hər şey qayıdıb öz əksini tapdı. Hər mətləbə əl vuruldu. Gəlin biz də bir dəfə oturaq gecə papaqlarımızı ortalığa qoyub bir fikirləşək, görək haradır bizim vətənimiz?”

– C.Məmmədquluzadənin, demək olar ki, bir sıra hekayələri, həmçinin "Usta Zeynal” da süjet xəttinin sadəliyi, hadisələrin təkyönlü olması ilə seçilir. Bu konflikt zəifliyi nədən qaynaqlanırdı? Müəllifin hadisə yaratmaq istəməməyindən, yoxsa mühitin özünün rəngsizliyi və bozluğundan?
– 90-cı illərdə ermənilər milli məsələlərlə bağlı hiyləli planlar quranda Azərbaycandan böyük yazıçımız Mirzə İbrahimov, Ermənistandan bir neçə erməni və Ermənistan Milli Elmlər Akademiyasının prezidenti Qarbaçovun yanında problemləri müzakirə edəndə akademiyanın prezidenti deyir ki, bunlar "Qabusnamə”də də, Cəlil Məmmədquluzadənin "Usta Zeynal” hekayəsində də bizi təhqir ediblər. Görün, "Usta Zeynal” onları nə qədər narahat edən bir bədii əsərdir. Hekayədə hadisələr sadə şəkildə davam edir, amma Mirzə Cəlil gör nə qədər ideyanı bir hekayədə cəmləyib.

– Hekayənin əvvəlində – Muğdusi Akop usta axtarışında olarkən birinci Usta Cəfərin qapısını döyür. Bu zaman onun qarşısına ayaqyalın bir qadın çıxır. Sizcə, müəllif burada oxuculara nəyi söyləmək istəyirdi? Həmin dövr qadınlarının pərişan, yalın halınımı, yoxsa əksinə yad kişiyə qapı açacaq qədər hüquqlu olduğunumu?
– Şübhəsiz ki, Azərbaycan qadını ərəb qadını ilə eyni deyil. O, türk qadınıdır və bəlkə də Akopa lazımı əhəmiyyəti vermir. Türk qadınının utanacağı, yaşmaq tutacağı əsl kişilər – xisləti təmiz insanlar başqalarıdır və bir türk qadını bu cür meyarları daim nəzərə alır. Amma həmin dövrdə geyim sarıdan yox, təhsilsizlik sarıdan Azərbaycan xanımları, doğrudan da, pərişan idilər. Ola bilsin, Mirzə Cəlil qadınların fiziki görünüşünü təsvir edərək onların savad və inkişaf cəhətdən "ayaqyalın” olduğunu göstərmək istəyib. Yəni tərəqqiyə gedən yolçuluqda maneələr "daş-tikan” olduğundan hazırlıqlı olmaq, "ayaqyalın” olmamaq üçün qadın inkişafı və maariflənməsini vacib sayır. Bu, Mirzə Cəlilin böyük maarifçi və istiqlal yazarı olmasından irəli gəlirdi.

Söhbətləşdi: Fərid Hüseyn