"Prezidentin nitqi Ermənistan rəhbərliyinin savadsız çıxışlarına tutarlı cavab idi" ŞƏRH-ÖZƏL

21 Sentyabr 2018 17:11 (UTC+04:00)

“Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyinə həsr edilmiş təntənəli tədbirin keçirilməsi və burada çoxsaylı dost və qardaş ölkələrin, beynəlxalq təşkilatların nümayəndə heyətlərinin iştirakının təmin edilməsinin özü artıq bir tarixi hadisə kimi qiymətləndirilməlidir”. Bu fikirləri SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Millət vəkili bildirib ki, parlamentin yubileyi ilə bağlı keçirilən tədbir bir daha Azərbaycanın şanlı və qürurlu dövlətçilik tarixinin, dünəninin və bu gününün dünya ictimaiyyətinə çatdırılması üçün bir vəsilə oldu: "Bütün dünya bir daha gördü ki, Azərbaycan xalqı yüksək dövlətçilik mədəniyyətinə, zəngin parlamentarizm tarixinə malik olan bir xalqdır və hələ 100 il bundan əvvəl Şərqdə ilk demokratik Respublika qurmaqla insan hüquq və azadlıqlarına təminat verməklə, qadınların səsvermə hüququnu tanımaqla bunu sübut edib. Mötəbər yubiley tədbirində çıxış edən Prezident İlham Əliyev Şərqdə ilk Demokratik Cümhuriyyətin qurulmasını mühüm tarixi hadisə kimi səciyyələndirdi, Cümhuriyyətin və onun qurucularının fəaliyyətini yüksək qiymətləndirdi, bu il “Cümhuriyyət İli” çərçivəsində dövlət səviyyəsində bir sıra tədbirlərin keçirildiyini diqqətə çatdırdı. Bununla yanaşı Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan Respublikasının keçdiyi müstəqillik yoluna nəzər salaraq olduqca əhəmiyyətli ümumiləşdirmələr apardı”.

H.Babaoğlu söyləyib ki, dövlət başçısı çıxışında ölkəmizin 1993-cü ildən sonra sabitlik və inkişaf yoluna qədəm qoyduğunu xatırlatmaqla hazırkı mərhələdə istər iqtisadi-siyasi, istər humanitar, istər sosial, istərsə də beynəlxalq münasibətlər sistemində necə böyük uğurlara imza atdığını diqqətə çatdırdı: "Dağlıq Qarabağ probleminin həlli məsələsinin vacibliyinə toxunan Prezident İlham Əliyev vurğuladı ki, işğal olunmuş torpaqlarda bütün infrastruktur dağıdılıb, milli sərvətimiz talan olunub, xalqımıza qarşı hərbi cinayət - Xocalı soyqırımı törədilib. Ermənistan münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələrə məhəl qoymur, işğalçılıq siyasətini davam etdirir. Baxmayaraq ki, münaqişənin yeganə həlli yolu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir. Bununla bağlı Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir. Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək. Çünki Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır və o, Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq”.

Deputat vurğulayıb ki, Azərbaycan Prezidentinin bu fikirləri problemin həlli ilə bağlı Azərbaycanın qəti mövqeyini bir daha bütün dünyaya bəyan etməklə yanaşı, son zamanlar Ermənistan rəhbərliyinin savadsız və təxribatçı çıxışlarına cavabdır: “Azərbaycanın həyata keçirdiyi siyasət sayəsində regional, qlobal əhəmiyyətli layihələrin həyata vəsiqə qazanması, bunun regiona sabitlik və rifah gətirdiyi, eyni zamanda ölkəmizə strateji müttəfiqlər qazandırdığı, işğalçılıq siyasəti ucbatından Ermənistanın bu layihələrdən kənarda qalması regional gerçəklik kimi təsvir edildi. Bununla yanaşı, ölkəmizin demokratik dəyərlərə sadiq qalması, Azərbaycanda yüksək tolerantlıq mühitinin olması, multikultiralizm ənənələrinin yaşaması və inkişaf etdirilməsi, hüquqi dövlət quruculuğunda əldə edilən nailiyyətlər qonaqların diqqətinə çatdırıldı və ölkəmizin bu siyasəti davam etdirəcəyi bildirildi”.

H.Babaoğlu əlavə edib ki, Azərbaycanın qısa tarixi dövr ərzində əldə etdiyi nailiyyətlər, onun sözün əsl mənasında müstəqil dövlət olması, daima öz milli maraqlarından çıxış edə bilmə cəsarəti nümayiş etdirməsi yüz il əvvəl qurulan Xalq Cümhuriyyəti ənənələrinə sadiq qalmasının bariz nümunəsidir.