"Parlamentin yubiley iclasının keçirilməsinin böyük siyasi əhəmiyyəti var" MÖVQE-ÖZƏL

21 Sentyabr 2018 16:55 (UTC+04:00)

“Bu gün Azərbaycan Xalq Cümhuriyyəti (AXC ) parlamentinin yaranmasının 100 illik yubileyində Prezident İlham Əliyevin iştirakı və nitq söyləməsi, 20-dən çox ölkənin parlament sədrlərinin və parlament sədrləri müavinlərinin rəhbərliyi ilə, ümumilikdə 150-dən çox nümayəndənin iştirakı Azərbaycan Parlamentinin bu illər ərzində şərəfli yol keçdiyinin bariz göstəricisidir. Bu iclasın böyük siyasi əhəmiyyəti vardı”. Bu fikirləri SİA-ya açıqlamasında Millət vəkili Rauf Əliyev deyib.

100 yaşlı Azərbaycan parlamentin keçdiyi yola nəzər yetirən millət vəkili bildirib ki, 1918-ci il may ayının 28-də Zaqafqaziya seymində Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurasının elanı nəticəsində Azərbaycanın ilk Parlamenti yaranıb və ilk parlamentli respublikanın əsası qoyulub: “İlk Parlamentimiz ölkənin idarə olunmasını öz üzərinə götürmüş və tarixi istiqlal bəyannaməsini qəbul edib. Parlament fəaliyyət göstərdiyi dövrrdə müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarıb, onlardan 230 yaxını qəbul olunub”.

Dövlət başçısının yubiley mərasimində mühüm məqamlara toxunduğunu dilə gətirən deyib ki, Prezident İlham Əliyevin söylədiyi kimi Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir: “AXC-nin yaranması və milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın suverenliyinin təmin olunmasında, tarixi yaddaşımızın formalaşmasında müstəsna əhəmiyyət kəsb edib. AXC ölkəmizin milli dövlətçilik tarixində mühüm rol oynamaqla 23 aylıq fəaliyyəti müddətində çox böyük işlər görüb, iqtisadi-siyasi, sosial-mədəni islahatlara təkan verib”.

R. Əliyev qeyd edib ki, bu gün Azərbaycan Respublikası AXC-nin sədaqətli və layiqli varisi kimi 1918-1920-ci illərdə əsası qoyulan demokratiya, demokratik dövlət quruculuğu proseslərini uğurla həyata keçirir və sürətlə inkişaf edir: “Müasir Azərbaycan Respublikası beynəlxalq birliyin etibarlı üzvü kimi qəbul olunub, dünya birliyinə inteqrasiya yolunu uğurla keçib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan çox sürətlə inkişaf edərək iqtisadi inkişaf sürətinə görə dünyada lider dövlətlərdən birinə çevrilib”.

Prezident İlham Əliyevin 2017-ci ilin 16 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında imzaladığı Sərəncamı xatırladan millət vəkili söyləyib ki, 2018-ci ilin Cümhuriyyət ili elan olunması, Milli Ordunun yaranmasının 100 illiyinə, Bakının daşnak-bolşevik işğalından azad olmasının 100 illiyinə həsr olunmuş möhtəşəm Hərbi paradlar, Mili Məclisin 21 sentyabr 2018-ci il tarixdə keçirdiyi təntənəli xüsusi iclas bir daha deməyə əsas verir ki, Azərbaycan Respublikası AXC-nin layiqli, sədaqətli varisidir: “Bu təntənəli, xüsusi iclasın keçirilməsi, iclasda parlament sədrlərinin, parlament sədrləri müavinlərinin rəhbərliyi ilə xarici ölkələrdən çoxsaylı nümayəndə heyətlərinin, bir sıra nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı böyük siyasi əhəmiyyət daşıyır və Azərbaycanın yüksək beynəlxalq nüfuzundan xəbər verir”.