Azərbaycan 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrlik edəcək

21 Sentyabr 2018 09:15 (UTC+04:00)

Azərbaycanın 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrlik etməsi barədə qərar qəbul edilib. Energetika Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, “Cənub Qaz Dəhlizi”nin 2020-ci ildə tam istismara veriləcəyi və həmin vaxt tədbirin keçirilməsi üçün ən münasib məkanın Bakı olacağı nəzərə alınaraq Azərbaycan Enerji Xartiyası Konfransına sədrliyə namizədliyini irəli sürülüb. 2020-ci il üçün Konfrans sədrliyinə Azərbaycandan başqa, Ermənistan və Monqolustan da namizədliyini irəli sürdüyündən 3 ölkə arasında rəqabət vəziyyəti yaranıb.

Lakin Azərbaycan tərəfinin bu məsələ ilə əlaqədar davamlı fəaliyyəti, gərgin əməyi və diplomatik kanallar vasitəsilə aparılan danışıqlar nəticəsində 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrliyə ən uyğun namizəd kimi ölkəmiz müəyyənləşib. Ermənistanın 2020-ci il üçün sədrlik iddiasının qarşısı alınıb. Bu ölkə konfransa 2021-ci ildə, Monqolustan isə 2022-ci ildə sədrlik etməyə razılaşıb.

Azərbaycan üçün enerji siyasəti baxımından son dərəcə əlamətdar bir ildə Enerji Xartiyası Konfransına ev sahibliyi etməsi ölkəmizin növbəti uğurudur.