DİM sədri Litvanın dövlət katibi ilə görüşüb

20 Sentyabr 2018 17:49 (UTC+04:00)

Sentybarın 20-də Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri M. Abbaszadə Litva Respublikasının dövlət katibi cənab Algirdas Stonkaitisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Mərkəzdən SİA-ya verilən xəbərə görə, sədr Azərbaycan-Litva arasında müxtəlif sahələrdə, o cümlədən dövlət qulluğu sahəsində əlaqələrinin inkişafı barədə danışmış, “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” Layihəsi çərçivəsində Litva ilə əməkdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb.

Tərəflər dövlət idarəçiliyi və dövlət qulluğu, o cümlədən dövlət qulluqçularının yenidənhazırlığı və beynəlxalq standartlara cavab verən dövlət qulluğu institutunun möhkəmlənməsi sahəsində islahatlarla bağlı ölkələrində baş verən yeniliklər barədə fikir mübadiləsi aparıblar.

Görüş zamanı, həmçinin qeyd olunan layihənin ümumi gedişatı, layihə çərçivəsində həll edilmiş məsələlər, həyata keçirilmiş tədbirlər, əldə edilmiş nəticələr barədə məlumat verilib. Tvinninq layihəsinin icra vəziyyətinə dair fikirlərini bildirən tərəflər Layihə üzrə keçirilən tədbirləri, bu istiqamətdə görülən işləri qənaətbəxş qiymətləndirib.

Layihə rəhbərləri hesabat dövründə layihənin maneəsiz və uğurla icra olunduğunu vurğulayaraq həyata keçirilən işlərin layihənin ümumi məqsədlərinə öz töhfəsini verdiyini və gələcək inkişaf üçün zəmin yaratdığını qeyd ediblər.

Sonda ikitərəfli əməkdaşlığın növbəti mərhələləri müzakirə edilmiş, Tvinninq müqaviləsinin müddəalarına uyğun olaraq növbəti tədbirlərə dair müzakirələr aparılıb və Layihənin səmərəli tətbiqinə dair təklif və tövsiyələr verilib.