““Əsrin müqaviləsi” Azərbaycan xalqının gələcək taleyini həll etdi” ÖZƏL-ŞƏRH

20 Sentyabr 2018 14:18 (UTC+04:00)

“1990-cı illərdə Azərbaycanın müstəqilliyi təhlükə altında idi. Bir tərəfdən müharibə davam edirdi, digər tərəfdən isə iqtisadiyyat tamamilə dağılmış və ölkədə siyasi anarxiya hökm sürürdü. Məhz belə tarixdə Azərbaycanın müstəqilliyini, dövlətini qoruyub saxlamaq bütövlükdə ölkə qarşısında mühüm bir vəzifə idi”. Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, o zamanlar hər kəs olum və yaxud da ki, olmamaq haqqında dilema qarşısında qalmışdı: “Belə bir vəziyyətdə iqtisadiyyatın güclənməsi, əlavə olaraq vəsaitlərlə təmin edilməsi Azərbaycanın inkişafı üçün çox mühüm rol oynayırdı. Bu cəhətdən baxsaq, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 20 sentyabr 1994-cü ildə bağlanan “Əsrin müqaviləsi” bütövlükdə Azərbaycan dövlətinin, Azərbaycan xalqının gələcək taleyini həll etdi. Bu müqaviləyə sadəcə bir neft müqaviləsi kimi baxmaq lazım deyil. Çünki o zaman o siyasi şəraitdə həmin geosiyası konteksdə biz baxsaq, Ümummilli Liderin nüfuzuna əsaslanan belə bir müqavilənin olması məhz Azərbaycan xalqının bütövlükdə növbəti inkişaf yolunun hansı istiqamətdə olduğunu göstərdi. Kifayət qədər dəqiqliklə və incəliklə imzalanmış müqavilənin təfərrüatları eyni zamanda həmin an bölgədə olan bütün güclərin bu müqaviləyə cəlb olunması ilə Azərbaycanın müstəqilliyində sanki bir kompromisin əldə olunması böyük siyasi ustalıq tələb edirdi.

Təbii ki, Azərbaycan ondan öncə də Ulu Öndərin dövründə 1970-80-ci illərdə Azərbaycan neftinin kəşfiyyatı və potensialının yaradılması ilə bağlı xeyli işlər görülmüşdü. Amma o zaman Azərbaycanda texnika və texnologiyanın olmaması, dövlətin yeni müstəqillik əldə etməsi və heç bir iqtisadi rıçarqların olmaması Xəzər dənizində işlərə birbaşa xarici partnyorların cəlb olunmasına və investisiyaların gəlməsini şərtləndirirdi. Atılan bu addım sonradan Azərbaycanın bütövlükdə iqtisadiyyatına 250 milyard dollardan çox investor gətirməsinə səbəb oldu. Bu gün Azərbaycan iqtisadiyyatının hər hansı bir inkişaf sferasına baxsanız orada məhz “Əsrin müqaviləsi”nin dəstəyini və ondan irəli gələn o güclü siqnalları görmək mümkündür".